Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 282 Bakı şəhəri, 7 avqust 2020-ci il

“Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşe­ron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göy­göl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haq­qında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.6-cı yarımbənd ləğv edilsin;

1.2. 1.2-ci bənddən “xidməti zərurətlə əlaqədar” sözləri çıxarılsın;

1.3. 1.2.1-ci yarımbəndin 5-ci abzası aşağıdakı redaksiyada verilsin:

“5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları (ezamiyyə vərəqələri olduğu halda), vəkillər;”;

1.4. 1.2.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.4-cü, 1.2.5-ci və 1.2.6-cı yarımbəndlər əlavə edilsin:

“1.2.4. yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

1.2.5. təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

1.2.6. beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.”;

1.5. 4-cü hissədən “, habelə yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS sistemi və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə edilməsi” sözləri çıxarılsın;

1.6. 5-ci hissə, 6.1-ci və 6.2-ci bəndlər ləğv edilsin;

1.7. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr” üzrə:

1.7.1. 4.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşa­ğıdakı məzmunda 4.18-4.31-ci bəndlər əlavə edilsin:

“4.18. maşın və avadanlıqların istehsalı;

4.19. elektrik avadanlıqlarının istehsalı;

4.20. kompüter, elektron və optik məhsulların istehsalı;

4.21. avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

4.22. sair nəqliyyat vasitələrinin istehsalı;

4.23. poliqrafiya məhsullarının istehsalı;

4.24. zərgərlik məmulatlarının istehsalı;

4.25. musiqi alətləri, idman mallarının istehsalı;

4.26. geyim istehsalı;

4.27. toxuculuq sənayesi;

4.28. ayaqqabıların istehsalı;

4.29. dəri və dəridən məmulatların istehsalı;

4.30. tütün məmulatlarının istehsalı;

4.31. sair sənaye məhsullarının istehsalı.”;

1.7.2. 5.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağı­dakı məzmunda 5.7-ci bənd əlavə edilsin:

“5.7. qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektləri (iri ticarət mərkəzləri istisna olmaqla).”;

1.7.3. 6.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağı­dakı məzmunda 6.9-cu bənd əlavə edilsin:

“6.9. əhaliyə məişət xidmətləri göstərən obyektlər (iri ticarət mərkəzləri istisna olmaq­la).”;

1.7.4. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:

“11. Tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.”.

2. Müəyyən edilsin ki, bu Qərara əsasən fəaliyyətinə icazə verilən iş və xidmət sahələrinin fəaliyyəti mövcud sanitariya nor­ma və qaydalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.

3. Bu Qərar 2020-ci il 10 avqust tarixindən qüvvəyə minir.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə