Ən son xəbərlər

Son buraxılış
Arxiv

K.Zatulinin mövqeyi siyasi nəzakətsizlikdir

K.Zatulinin mövqeyi siyasi nəzakətsizlikdir

Sərlövhəyə çıxardığımız fikirləri Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib. O, K.Zatulinlə bağlı mövqeyini belə ifadə edib: “Mən hələ belə fikir söyləmək istəmirəm ki, bu Konstantin Zatulin şəxsiyyət olaraq sıradan biridir, ya yox? Daşıdığı vəzifəyə layiqdir, ya yox?  Bu, başqa mövzudur. Hər halda, faktdır ki,  o Rusiya Federasiyası qanunverici orqanının artıq dörd çağırışdır ki, üzvüdür, Dövlət Dumasında MDB işləri və soydaşlarla əlaqələr üzrə komitə sədrinin müavinidir. Deməli, onun  məsuliyyətsizliyinə görə mənsub olduğu dövlət orqanının da bir açıqlama verməsi lazımdır”.

 Ə. Qoşalı daha sonra bildirib ki, əgər o, təsadüfi adamdırsa, necə olur, dörd dəfə deputat mandatı əldə edə, vəzifəyə seçilə bilir? Düşünürəm ki, görəsən o, məqsədyönlü və razılaşdırılmış sözlər deyir, hərəkətlər edir, ya yox? Buna görə də onunla eyni məsuliyyəti bölüşənlər, qonşuluq ruhuna, beynəlxalq hüquq normalarına sayğı göstərməli və zəhmət çəkib  açıqlama, izah verməlidirlər.

Zatulinlərin mövqeyi, əslində, mövqesizlikdir, siyasi nəzakətsizlikdir, hüquq qanmazlığıdır, qonşuluğun hamı tərəfindən qəbul edilmiş ənənələrinə sayğısızlıqdır, elmi-politoloji tələblərə cavab vermir və hətta inandığı din baxımından da, düzgün deyil.

Zatulinin sərsəmləmələrinə rus ziyalılarından bir neçəsinin Azərbaycan KİV-lərinə verdiyi cavablardan da, bizim deputatların, siyasilərin, ictimai fikri qidalandıran şəxslərin münasibətlərindən də göründüyü kimi, o, ABŞ dollarına, yaxud qızıla, əmlaka dəyişdirilmiş Ermənistan dramından asılılıq dramını yaşamaqdadır. Dram deyirəm, çünki haqsızlıq, ədalətsizliyi müdafiə vasitəsi ilə qazanılanlarla xoşbəxt olmaq mümkün deyil və o boyda titullar daşıyan, 60 yaşlı bir adam yediyinə fikir vermədikcə, dedikləri onu insanlıqdan çıxarır və çox keçmədən mənəviyyatsızlığın, meşşanlığın girdabına sürükləyir.

Düşünürəm ki, Azərbaycanın uğurlarını, Rusiya--Azərbaycan, Rusiya--Ermənistan münasibətlərinin indiki durumu, yaxud bu münasibətlər sistemində müşahidə olunan tendensiyalar hələ çox Zatulinləri dilləndirə bilər, ancaq sonunda haqq qalib gələr. Biz öz dövlətimizi gücləndirmək, xalqımızın rifah halını daha da yaxşılaşdırmaq, respublikamızın dünya birliyindəki mövqeyini üst səviyyəyə qaldırmaq yolunan dönmədən irəliləməliyik”.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Oktyabr 2018 15:00 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin