Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Büdcəyə düzəlişlər zamanı sosial məsələlər diqqət mərkəzində saxlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin COVID-19 virusunun yaratdığı pandemiya şəraitindən az itkilərlə çıxması üçün bu dəhşətli bəlaya qarşı mübarizənin ilk günlərindən başlayaraq ciddi tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının daimi nəzarətində olan səhiyyə sahəsində atılan mühüm addımlar, insan sağlamlığının qorunması, həmçinin vətəndaşların həyat şəraitinə daha çox dəyə biləcək ziyanın qarşısının alınması daim diqqət mərkəzində saxlanılıb. Cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsi, habelə, iqtisadiyyatın həssas dönəmində dövlət büdcəsinə yenidən baxılması zərurəti də bundan irəli gəlib.

Yeri gəlmişkən, xa­tırladaq ki, Milli Məclisin avqust ayının 5–7-də keçirilən növbədənkənar iclasında dövlət büdcəsinə dəyişikliklərlə bağlı qəbul olunan qanun layihəsində əsasən, pandemiyadan irəli gələn çağırışlar rəhbər tutulub və dövlət büdcəsinin xərcləri artırılıb. Belə ki, dövlət təhlükəsizliyi, səhiyyə islahatları, iqti­sadi fəaliyyət subyektləri, həmçinin rəqəmsallaşma istiqamətlərində dürüstləşdirilmiş büdcədə əlavə xərclər müəyyənləşdirilib.

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pande­miyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iq­tisadi vəziyyətlə bağlı video­formatda keçirilən müşavirədə büdcəyə düzəlişlə əlaqədar deyib: “Dövlət büdcəsinə düzəlişlər bir daha onu göstərir ki, biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik. Çünki bizim büdcəmiz təsdiq olunan­da, əlbəttə ki, pandemiya hələ başlamamışdı. Bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksi­mum dərəcədə kömək göstərə bilək”.

Ölkə rəhbəri nitqində daha sonra bildirib ki, hökumət neftin qiymətinin 55 dollar yox, 35 dollar səviyyəsində götürməyi və ilin sonuna qədər xərcləri bu rəqəm əsasında plan­laşdırmağı təklif edir: “Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki biz elə bir möhkəm təməl yarat­mışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımla­rımızı atırıq və neftin qiyməti, hətta, 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruk­tur layihələrini icra edəcək, ölkəmizin hərbi potensia­lının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur”.

Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haq­qında” Qanuna dəyişikliklər edilməsi barədə sənədin müzakirəsində bildirilib ki, yeni növ koronavirus infek­siyasının dünyada sürətlə yayılması qlobal iqtisadiy­yatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Bu, ölkəmizdə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə gətirib çıxarıb, iqtisadiyyatın əksər sahələrinin inkişa­fına mənfi təsir göstərib. İqtisadi fəallığın zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasın­da tarazlığın pozulması təhlükəsini yaradıb.

Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. Bu il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlərin 23 milyard 359 milyon 465 min manat, yerli gəlirlərin 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərclərin 26 milyard 677 milyon 330 min manat, yerli xərclərin 814 milyon 870 min manat) məbləğində olması nəzərdə tutulub.

Xatırladaq ki, Milli Məclisə təqdim olunan və müzakirəyə çıxarılan sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunub. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən adı çəkilən fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrıl­ması nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci ilin birinci yarımilliyi üçün xərcləri 2 milyard 395 milyon manat proqnozlaşdırıl­mışdı. Ötən ilin analoji dövrü ilə müqayisədə 453 milyon manat və ya 24 faiz artım olub, xərclərin 98 faizi əhaliyə ödənişlərin payına düşüb. Əhaliyə ödənişlərin məbləği 2 milyard 296 milyon manat təşkil edib. Əmək pensiyala­rının maliyyələşdirilməsi üçün sərf edilən vəsait 2019-cu ilin müvafiq dövrü üzrə faktiki xərclərə nisbətən 436 milyon manat və ya 24 faiz çox olub.

Bu rəqəmlərdən də aydın görünür ki, cari ilin ilk yarısın­da sosial müdafiə sahəsində xərclərin optimallaşdırılma­sı, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması nəticəsində ciddi maliyyə qənaətləri əldə olu­nub. İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 milyon manata çatıb. Ötən il ərzində büdcəyə 320 milyon manat vəsait qay­tarılmaqla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət tarixində ilk dəfə olaraq 197 milyon manat həcmində maliyyə ehtiyatı formalaşdırılıb.

İşsizlikdən Sığorta Fondu­nun 2020-ci il büdcəsində də müəyyən dəyişikliklər edilib. Belə ki, adı çəkilən fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərcləri 151,2 milyon manat məbləğində təsdiq edilib. Bu isə o deməkdir ki, həmin göstərici cari ilin təsdiqlənən proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq.

Yeri gəlmişkən, həyata keçirilən islahat­lar nəticəsində əmək müqavilələrinin sayının və əməkhaqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir.

“İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişikliklər barədə ekspertlər bildirirlər ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, dövlət or­qanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır.

Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə, ən azı, 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə uyğun olaraq xitam verilməlidir.

Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındı­ğı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.

“Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edən ekspertlər bildiriblər ki, həmin qanuna dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə ha­zırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha ge­niş təbəqəni əhatə etməsi və digər məqamlar öz əksini tapıb. Qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elekt­ron reyestrinin yaradılması müəyyənləşdirilib.

Bütün bunlarla bərabər, ötən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğul şəxslərin reyestri” yaradılıb və 25 elektron informasiya sistemi üzərindən bu ka­teqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqan­larının elektron məlumat ba­zalarından alınır. Bu, nəzərə alınaraq, “Məşğul şəxslərin reyestrinin” formalaşdırılma­sı ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olun­ması ilə bağlı müddəalar ləğv edilir və müəyyən məlumatların müvafiq dövlət informasiya sistemlərindən alınması reallaşdırılır.

Sonda qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün hökumətin qarşısında ciddi vəzifələr qoyulub. Bu konteksdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, xarici dövlət borcunun azaldılması əsas strateji xətt olaraq qalır.

V.BAYRAMOV, “Xalq qəzeti”

9 Avqust 2020 13:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə