Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19-a görə həyəcan təbili

əvvəli http://xalqqazeti.com/az/news/53644

Bir neçə söz də sosial şəbəkələr haqqında. Mən heç vaxt sosial şəbəkələrdə çıxış etməmişəm və orada yazılanları da, demək olar ki, oxumamışam. Məlumatları, xəbərləri də yalnız yerli, Türkiyə və Rusiya TV kanal­larından alıram. Düzdür, tanıdığım insanların və yerli TV verilişlərinin köməyi ilə sosial şəbəkələr haq­qında müəyyən təsəvvürlər əldə edirəm: senzura və ya mütəxəssis rəyı olmadığından orada həqiqət də, yalan da yazıla bilər. Ona görə sosial şəbəkələrdə yazılan­ları hər bir kəs öz ağıl, düşüncə süzgəcindən keçirməlidir. TV kanallarında, operativ qərargahın brifinqlərində mütəxəssislər daim söyləyirlər ki, COVID-19 haqqın­dakı məlumatları yalnız rəsmi mənbələrdən alın.

Mənim sosial şəbəkədə ilk dəfə indi çıxış etməyimin səbəbi nədir? Bir çox insanların karan­tin qaydalarını göz- ləməyərək, nümayişkaranə surətdə maska taxmadan, məsafə saxlama­dan, maska taxan və məsafəni gözləyənlərə isə istehza ilə yana­şaraq, istər küçələrdə, həyətlərdə, yollarda, nəqliyyatda, mağaza və marketlərdə, parklarda və istərsə də başqa bu kimi ictimai və qapalı yerlərdə, pandemiyasız günlərdə olduğu kimi, sərbəst gəzib dolaş­maları məni bir vətəndaş olaraq və təhlükənin artdığını və ya artaca­ğını dərk edərək, yazılı surətdə öz fikirlərimi bildirməyə, məsuliyyətsiz insanlara təhlükənin çox ciddi oldu­ğunu söyləməyə vadar etdi.

Belə insanlar, nəinki sərtləşdirilmiş karantin qaydalarına məhəl qoymurlar, hətta, onların nəticələrini də nümayişkarcasına heçə endirməyə çalışırlar. Onlar başa düşməlidirlər ki, pandemi­ya dövründə hər kəsin azadlığı bütün qalan insanların azadlığı ilə məhdudlaşır. Yəni başqala­rının azadlığını və sağlamlığını qorumaq üçün hər birimiz öz azadlığımızı karantin qaydalarına əməl etməklə müəyyən dərəcədə məhdudlaşdırmalıyıq. Bu isə öz növbəsində hər kəsin öz sağlamlı­ğını, həm də təkcə öz sağlamlığını yox, yaxınlarımızın, cəmiyyətimizin də sağlamlığını qorumağa ek­vivalentdir. Bu sadə həqiqətləri başa düşmək və ən əsası yerinə yetirmək hər kəsə, yəqin ki, çətin olmamalıdır. Ona görə, gəlin, maska taxaq, məsafəni gözləyək, özümüzü, xalqımızı, cəmiyyətimizi bu təhlükədən qoruyaq.

Müqayisə üçün deyək ki, karantin qaydalarına məhəl qoymayaraq, haraya və necə oldu gedib-gələn, harada və necə oldu gəzib-dolaşan adamlar, görün, nə qədər insanın, sonda bütün cəmiyyətin haqqına girir, onların azadlığlnı və sağlamlı­ğını məhdudlaşdırır və ya risk altında qoyur. Məsələn, siqaret çəkən adam ətrafını az və ya çox dərəcədə çirkləndirsə də və ətrafdakı insanlara tüstü püskürtsə də, yenə o ən çox özünə, öz sağlamlığına ziyan vurur. Belə adama çox vaxt göz yumurlar və düşünürlər ki, özü bilər, özünə ziyan vurur. COVID-19-a gəldikdə isə vəziyyət tam başqadır. Hər bir məsuliyyətsiz şəxs karantin qaydalarını gözləmədikdə təkcə özünü deyil, həm ətrafda hamını, həm də sonda zəncirvari proses nəticəsində bütün cəmiyyəti və s. risk altında qoyur.

Daha bir misala baxaq və ondan bir nəticə çıxaraq. Yerli TV kanallarımız hər gün COVID–19-la bağlı dünya ölkələrindəki vəziyyət haqqında məlumatları yayımlayır­lar. Gürcüstanda pandemiya baş­layandan bəri 6 ay ərzində virusa yoluxanların sayı heç min nəfəri ötməyib. Onlar da, yəqin, çoxdan sağalmışlar. Yəni bu ölkədə, virus yoxdur deyə bilərik. Orada yaşa­yanların dediklərinə görə, hamı bir nəfər kimi karantin qaydalarına daim əməl edir. Etməyənlər yoxdur, olsalar belə, onlara da dərhal yüksək məbləğdə pul cəriməsi kəsilir, ya da məsuliyyətə cəlb olunurlar. Deməli, biz də ölkəmizdə virusun yayılmasının qarşısını şüurlu surətdə ala bilərik.

Bir məsələyə də toxunaq: pan­demiyanın başlanğıcında Rusiya, Türkiyə virusoloqları, o cümlədən, yerli virusoloqlar dəfələrlə TV ek­ranlarından elan edirdilər ki, sağlam adamın maska taxmasına ehtiyac yoxdur, maskanı yalnız xəstələr taxmalıdırlar. Məncə, maska taxmaq həmişə çox vacib olub. İndi həmin virusoloqlar da qətiyyətlə maska taxmağı vacib sayırlar.

Bir çox insanlar karantin qaydalarına əməl etməmələrini belə “əsaslandırırlar”. Onlar misal çəkirlər ki, adi xəstəliklərdən, məsələn, ürək-damar xəstəliyindən ölənlərin faiz nisbəti COVID-19-dan ölənlərinkindən coxdur. Ona görə də virusdan qorunmağa dəyməz. Birincisi, faizlər belədirmi, bilmirəm. İkincisi və əsası odur ki, söhbət faizdən getmir, söhbət pandemi­yadan gedir. Ürək xəstəliyi “daxili” xəstəlikdir, yəni həmin insanın öz daxili vəziyyətini əks etdirir, başqalarına “dəxli” yoxdur. O mənada ki, yoluxucu xəstəlik deyil. Belə xəstənin yanına gələnlər ürək xəstəliyinə tutulmurlar! Əks halda, ürək xəstəliyindən də pandemiya baş verərdi və hamı qorunmaq üçün məsafə saxlayar və ya maska taxardı.

COVID-19 isə ürək xəstəliyindən fərqli olaraq, sürətlə yaxındakı insanlara keçir, onla­rı da yoluxdurur və pandemiya törədir. Bu cür sürətli yoluxma nəticəsində xəstə insanların sayı zəncirvari arta və sonda tibbi çökdürə bilər. Xəstəliyin əsas fərqi yoluxucu olmasında və çox böyük sürətlə yayılmasındadır. Fərq həm də müalicənin çətinliyində və təxirəsalınmazlığındadır. Müalicə vaxtında aparılmasa, ölüm faizi çox yüksək olar. Müalicə edən həkimlərin ağır vəziyyətdə sutka­larla ara vermədən, dincəlmədən “skafandrlarda” keçirdiyi iş reji­mini də nəzərə alın. Dövlətlərin karantinlər tətbiq etməkdə məqsədi, xəstələrin sayının sürətlə artmasının qarşısını almaq və xəstə çoxluğu ucba­tından tibbi çökməkdən qoru­maqdır. Xəstələnənlərin sayını nəzarətdə saxlamaq mümkün olsa, tibb çökməz və öz vəzifəsinin öhdəsindən rahatlıqla gələ bilər.

Sonda onu qeyd edim ki, pan­demiyanın ilk günlərindən başda hörmətli Prezidentimiz İlham Əliyev olmaqla, dövlətimiz lazımi qabaq­layıcı tədbirlər planı işləyib hazır­ladı və onu həyata keçirməkdədir. Karantin rejimi elan edilməsi və ya karantin qaydalarının sərtləşdirilməsi bu planların tərkib hissəsi olub, insanların sağlamlı­ğını qorumağa, itkiləri minimuma endirməyə yönəlmişdir. Prezident İlham Əliyev, Birinci vitse-prezi­dent hörmətli Mehriban xanım Əliyeva “Biz birlikdə güclüyük!” devizi altında dəfələrlə insanları­mıza müraciətlər etdilər, onları bir olmağa, yalan təbliğata uymamağa çağırdılar. Eləcə də, bütün kütləvi informasiya vasitələri gecə-gündüz insanlarımızı sadə davranış qayda­larına əməl etməyə çağırırlar.

Dövlətimiz öz üzərinə düşən hər bir tədbiri görür. Bu istiqamətdə fədakar həkimlərimizin, polisin, mətbuat işçılərinin, ərzaq isteh­salçılarınin, mağaza işçilərinin və s. əməyi, çəkdikləri əziyyətlər yüksək təqdirə, hörmətə layiq­dir. Əlbəttə ki, əldə edəcəyimiz nəticələr, qazanacağımız uğurlar insanlarımızın məsuliyyətindən, sadə qızıl qaydalara necə əməl etmələrindən çox asılıdır. Vəziyyət ona görə mürəkkəb və təhlükəlidir ki, qaydaları pozan hər bir insan təkcə özünü, ailəsini yox, bütün cəmiyyətimizi amansız virusla üz-üzə qoyur. Məsuliyyətsiz insan­ların sayı çox əziyyətli təbliğatın sayəsində azalmaqdadır.

Nəticə kimi söyləmək olar ki, virusa yoluxmanın əsas mənbəyi aşağıdakılardır:

– indi ölkəmizin bəzi bölgələrində karantin tətbiq olunsa da, qaydalar sərtləşdirilsə də, gündəlik virusa yoluxma sayı arzu olunan səviyyədə azalmır. Çünki müşahidələrimin göstərdiyi kimi, hələ gəzib-dolaşanların, həm də qaydalara əməl etməyənlərin sayı azalmamışdır;

– karantinə nəzarət üçün ya­radılmış polis postları lazımi işləri görürlər. Lakin bir çox hallarda yoxlama zamanı polislərin özləri bilmədən karantin qaydalarını poz­muş olurlar ki, bu da virusa əlavə yoluxmalara gətirib çıxarır.

Məsələn, müşahidələrimə, həm də TV kanallardan gördüklərimə əsasən deyə bilərəm ki, polislər yoxlama apararkən əyilərək avtomobilin açıq pəncərəsindən sürücülər ilə ağız-ağıza dialoqa girirlər, yəni məsafəni gözləmirlər. Bu zaman çox vaxt sürücülər ya maskasız olurlar, ya da maskanı çənələrinin altında saxlayırlar. Bəzən də polis də maskadan düzgün istifadə etməmiş olur. Polis nəzarət postları vacib­dir, amma yoxlanış qaydası təkmilləşdirilməlidir ki, əlavə yo­luxmaya səbəb olmasın. Məsələn, yoxlama zamanı pəncərə bağlı olmalıdır və s;

– insanların ən çox üz tut­duğu yerlər mağaza, market və apteklərdir və s. Burada satıcı­lar arasında çox vaxt qaydaları pozanlara rast gəlinir. Məsələn, insanlara maska satan bir çox aptek satıcısı maska taxmır, əlcək geyinmir, maskanı da bir-bir karton karobkadan əli ilə çıxarıb alıcı­ya verir. Bu zaman maska artıq yəqin ki, çirklənmiş olur və yolux­ma mənbəyi ola bilər. Ona görə maskanı salafan paketlərdə 5-5, 10-10 və s. olmaqla qablaşdırılmış şəkildə satmaq yoluxma riskini xeyli azaldar.

Virusa daha bir yoluxma mənbəyi maskadan düzgün istifadə etməməkdir: cox adam ağzındakı maskanı istədiyi vaxt aşağı-yuxarı çəkir ki, bu da əllərdə ola biləcək virusun maskaya keçməsinə səbəb ola bilər.

Virusa gündəlik yoluxma sayı o vaxt azalmağa başlayacaq ki, hamı (insanlar, polislər, satıcılar və s.) karantin qaydalarına düz­gün əməl etməyə başlasın, onları pozmasın, polislərin nəzarət üsulları təkmilləşdirilsin.

Dövlətimiz yeni xəstəxanalar açmaqda və karantin qaydaları­nı sərtləşdirməkdə davam edir. Məsələn, cərimələrin artırılması təqdirəlayiq sayılmalıdır. Çünki, bəlkə, bu, insanlara əlavə bir həyəcan siqnalı oldu ki, qay­daları gözləmək hava-su kimi vacibdir. Ən sadəsi: Hamı hər an yadda saxlamalıdır ki, karan­tin qaydalarının sərtlik əmsalı onlara əməledilmə əmsalı ilə tərs mütənasibdir. Yəni karantin qaydalarının sərtliyi insanların öz əllərindədir: onlar qaydalara mükəmməl əməl etdikcə karantin sadələşəcəkdir. Özünüz düşünün. Hansı yaxşıdır: qaydalara əməl edib, yumşaldılmış karantində yaşamaqmı, yoxsa qaydaları poza­raq, sərt karantin rejimində davam etməkmi?

Şakir NAĞIYEV,
AMEA Fizika İnstitutunun nüvə və yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor

9 Avqust 2020 13:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə