Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətimiz üçün əhalinin sağlamlığı daha önəmlidir

Bu il avqustun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Azərbaycan Prezidentinin nitqində səslənən dəyərli fikir və tövsiyələr ölkə ictimaiyyətinin ən geniş təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Azərbaycan Tibb Universiteti­nin professoru, tibb elmləri doktoru Anar Ağayev bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

Mən möhtərəm Prezi­dentin müşavirədəki giriş və yekun nitqlərini, tədbirin digər iştirakçılarının çıxış­larını televiziyadan böyük maraqla izlədim. Bir daha əmin oldum ki, Azərbaycan dövlətinin əsas məqsədi ölkə vətəndaşlarının sağlamlığı­nın qorunmasıdır.

Dövlətimizin başçısı tədbirdə demişdir: “İyulun 16-dan bu günə qədər yo­luxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayaca­ğıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə, ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görül­dü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq”.

Bəli, Azərbaycan digər dövlətlrlə müqayisədə pan­demiya ilə mübarizəyə ən ciddi yanaşan ölkələrdəndir. Belə ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə infeksiyanın kütləvi yayıl­masının qarşısının alınması məqsədilə önləyici tədbirlər görülmüşdür, çox sayda modul tipli xəstəxanalar inşa edilmişdir. Fakt bu­dur ki, Azərbaycan dövləti öz vətəndaşına doğması kimi yanaşmışdır. Son müşavirə bir daha göstərdi ki, pandemiya ilə mübarizədə Azərbaycan dövləti, xalqı­mızın sevimli lideri cənab İlham Əliyev sonacan ölkə vətəndaşının yanında ola­caq.

Mən fəxrlə qeyd etməyi özümə borc bilirəm ki, COVID-19 infeksiyası ilə mübarizə başlanan an­dan həmkarlarım, bütün tibb işçiləri öz peşə və vətəndaşlıq borclarını böyük şərəf və ləyaqətlə yerinə yetirmişlər. Şübhə etmirəm ki, onlar bundan sonra da bu missiyanı dərin məsuliyyət hissilə yerinə yetirəcəklər. Azərbaycan səhiyyəsi son aylar ərzində ən çətin və ağır vəzifələrin öhdəsindən uğurla gəlməyə qadir olduğunu sübut etmişdir.

Xalqımız, o cümlədən, bir Azərbaycan ziyalısı kimi, mən də bu gün Prezident İlham Əliyevin pandemiya ilə mübarizə istiqamətində gör­düyü titanik işlərdən sonsuz fəxr duyuram. Eyni zamanda, bir təcrübəli həkim kimi, hər kəsi bundan sonra da ehti­yatlı olmağa çağırıram. Biz hamımız böyük məsuliyyət hissi ilə özümüzü, ailəmizi, xalqımızı qorumağa çalış­malıyıq. Allah Azərbaycanı qorusun!

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

9 Avqust 2020 11:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə