Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaşinqtonda Xəzər regionunda kritik infrastruktura təhdidlər məsələsi müzakirə olunub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə “Xəzər regionunda kritik regional infrastruktura təhdidlər” mövzusunda virtual formatda təqdimat və müzakirələr keçirilib.

AZƏRTAC-ın Vaşinqton bürosu xəbər verir ki, ABŞ Dövlət Departa­mentinin, Enerji Departamentinin və Konqresin peşəkar heyətinin, Vaşinq­tonda fəaliyyət göstərən səfirliklərin, Birləşmiş Ştatların və ölkəmizin, eləcə də Türkiyə və İsrailin tanınmış beyin mərkəzlərinin nümayəndələrinin, enerji və təhlükəsizlik üzrə ekspertlərin iştirak etdikləri tədbirə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və SOCAR-ın vit­se-prezidenti Elşad Nəsirov da qatılıblar.

Tədbirin məqsədi iyul ayında Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatının regionun kritik enerji və nəqliyyat infrastrukturuna yaxınlı­ğı xüsusunda yaratdığı təhdidlər və Ermənistanın təcavüzünün regio­nal bağlantılara yaratdığı təhlükələr məsələsində məlumatlılığın artırılması olub.

Səfir Elin Süleymanov iyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatdan bəhs edərək, Ermənistanın beynəlxalq hüququn prinsiplərini, o cümlədən, beynəlxalq hu­manitar hüququ kobud şəkildə pozduğu­nu bildirib. Səfir son təxribatın ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regio­nunda və qoşunların təmas xəttində de­yil, Ermənistan–Azərbaycan sərhədində törədilməsinə diqqət çəkərək, bu ərazinin yaxınlığından regionun əsas enerji və infrastruktur xətlərinin keçməsi barədə məlumat verib.

SOCAR-ın vitse-prezidenti El­şad Nəsirov Ermənistanın hərbi təcavüzünün Azərbaycan qazının Avropaya nəqlinin başlanmasından 3 ay sonra törədilməsinin təsadüfi olmadığını qeyd edib. Əlavə edib ki, Azərbaycan və Xəzərin enerji resurslarını Qərb ölkələrinə, dünya bazarına bağlayan bütün infrastruktur qovşaqlarının hamısı – Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Supsa boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi avtomobil yolu təqribən 45 mil (72 kilometr) enində “Gəncə Dəhlizi” çərçivəsində hazırkı hərbi əməliyyatların çox yaxınlığından keçir. Bu faktları və həmin bölgənin Azərbaycan üçün həssaslığını nəzərə alaraq, iyul təcavüzünün kimin tərəfindən başlanması heç kimdə şübhə doğurmamalıdır.

Tədbir çərçivəsində səfirliyin müşaviri Orxan Zeynalov iyul ayında Tovuz rayonu istiqamətində baş verən eskalasiyanın kritik infrastruktur qov­şaqlarına və təsisatlarına təhdidləri və bunun Ermənistan tərəfindən əvvəlcədən düşünülmüş təcavüz olması barədə geniş təqdimatla çıxış edib.

Tədbir müzakirə və sual-cavab sessiyası ilə davam etdirilib. Səfir Elin Süleymanov və SOCAR-ın vitse-pre­zidenti Elşad Nəsirov iştirakçıların su­allarını cavablandıraraq, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və onun nəticələrinin iqtisadi və geosiyasi xüsusda Azərbaycana və geniş regiona yaratdığı təhdidlər barədə danışıblar.

Qeyd edək ki, tədbirə böyük maraq Vaşinqtonun hüdudlarından kənara çı­xıb. Belə ki, tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə baş diplomatı Erdem Tunçər, ölkəmizdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərova da iştirak ediblər.

Tədbirə böyük marağı nəzərə alaraq mövzu üzrə dialoqun davam etdirilməsi planlaşdırılır.

9 Avqust 2020 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə