Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Senzurasız epoxaya keçid azad sözün tarixi nailiyyətidir

Dövlət nəzarətinin dövlət himayəsi və sosial məsuliyyətlə əvəz olunması çağdaş jurnalistikamızın uğurlarının təminatıdır

Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Söz azadlığı çağdaş insan haqları sistemində zəruri yerini nəinki qoruyub saxlayır, həm də getdikcə önəmini artırır. Bir çox cəmiyyətlərdə insan azadlığının səviyyəsi həm də söz azadlığının hüdudları ilə ölçülür. Bu baxımdan 22 il əvvəl avqustun 6-da Azərbaycanda söz azadlığının senzuranın ləğvi ilə mütləqləşdirilməsi milli tariximizə demokratik inkişafın gerçək göstəricisi, gələcək uğurun daha bir təminatı kimi daxil oldu. Tarixdən isə bəllidir ki, söz azadlığı kimi zəruri insani tələbat öz haqlarına sahib çıxmış xalqların uzun sürən, inadlı mübarizəsi ilə gerçəkləşdirilmişdir. Jurnalistika nəzəriyyəçiləri isə göstərirlər ki, sivil cəmiyyətlərdə demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, siyasi mədəniyyətin formalaşmasında və ümumi tərəqqinin təmin edilməsində önəmli rol oynayır.

Çağdaş dünyada azad medianın, insan hüquq və azadlıqlarının təmin edilməsi cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradio yayımları, informasiya agentlikləri və ictimai rəy formalaşdıran məlumatı müntəzəm formada yayan digər media vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaş­dırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada, haqlı olaraq, “dördüncü hakimiyyət” kimi dəyərləndirilən kütləvi informasiya vasitələri dünyada demokratiya və in­formasiya azadlığının mühüm ruporu rolunu oynayır.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra senzura ləğv edil­miş, azad söz, müstəqil fikir bərqərar olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində “Məlumat azadlığı” bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı vardır. Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.

Azərbaycan mətbuatının yenidən bərpa edilmiş suverenlik şəraitində müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının həqiqi mənada təmin olunması isə ümum­milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoymuşdur. Müstəqil dövlətin ali rəhbəri kimi Heydər Əliyev Azərbaycan tarixi şəraiti və gələcək perspektivləri nəzərə alaraq, medianın yeni dövrdə rolunu və vəzifələrini doğru-düzgün qiymətləndirmiş, onun inkişaf meyllərini dövlət himayəsi ilə əhatə etmişdir.

Prezident Heydər Əliyevin “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli fərmanı ilə mətbuatda senzuranın ləğvindən və “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlanmışdır. Azad mətbuatın inkişa­fına əngəl yaradan senzuranın aradan qaldırılması, KİV sahəsində qanunve­riciliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırıl­ması, media vasitələrinin maddi-tex­niki bazasının möhkəmləndirilməsi üçün çoxsaylı yardım və güzəştlərin müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına tarixi xidmətlərinin ən yığcam ifadə olunmuş çevrəsini əks etdirir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan qanunvericiliyində söz və mətbuat azadlığı elə mükəmməl əksini tapıb ki, KİV haqqında qanun nəinki MDB məkanında, hətta Avro­pada ən yaxşı qanunlardan biri sayılır.

Tarixi fərmanın qəbul edildiyi zaman Mətbuat və İnformasiya Na­zirliyi Kütləvi İnformasiya Vasitələri Baş İdarəsinin rəisi işləmiş, tanınmış jurnalist və media təşkilatçısı, hazırda Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birli­yinin sədri Mədət Məmmədov milli jurnalistikamızın öz mövcudluğunun 124-cü ilinə daxil olduğu günlərdə senzurasız fəaliyyət epoxasına qədəm qoymasını xalqımızın demokratik mətbuat və söz azadlığı yolunda mübarizəsində inqilabi hadisə kimi xatırladı. Müsahibimiz ümummilli lider Heydər Əliyevin bu fərmanı imzalanmasını müstəqil dövlət quru­culuğunun informasiya cəbhəsində zəruri və önəmli dönüşün başlanğıcı kimi dəyərləndirdi:

– Azərbaycanın müstəqilliyinin ilk illərində bütün sahələrdə olduğu kimi, müstəqil medianın inkişafında da hədsiz çətinliklər mövcud idi. Sovet jurnalistikasının təsirindən çıxa bilməyən kütləvi informa­siya vasitələri nümayəndələrinin əksəriyyəti çaşqınlıq içərisində qal­mışdı. Yeni şəraitdə sərbəst fəaliyyət qazanmış müstəqil jurnalistlərlə aşkarlıq mühitinə çıxmağa cəsarət etməyən məmurlar arasında qarşı­durma nizamlanmadığından qısa müddətdə yüksək həddə çatmışdı. Necə deyərlər, qələm sahibləri sərbəstliyin hüdudlarını qoruya bil­mir, məmurlar isə müstəqil jurnalisti­kanı həzm edə bilmirdilər.

Sürətlə artıb-çoxalmış dövri nəşrlərə və efir yayımı vasitələrinə hər kəsin və hamının azad söz demək hü­ququndan faydalanmağa can atan xeyli təsadufi, jurnalistikaya dəxli olmayan yazar soxulmağa başlamışdı. Bu gedişat çox təhlükəli tendensiyaya çev­rilirdi. Jurnalistikada milli mənafeyə məsuliyyətsiz yanaşma halları artır, kütləvi yayım vasitələri qrup maraq­larının və şəxsi istəklərin ifadəçisinə çevrilirdi. KİV-də yalançı qəhrəmanlar yaradılaraq hələ kövrək addımlarını atan müstəqil cəmiyyətimizə sırınır, çox vaxt ağı qaradan seçmək olmurdu.

Müstəqil nəşrə başlamış media qurumları çox keçmədən maliyyə və texniki çətinliklərlə üzləşib antimil­li qüvvələrin asılılğına düşür, söz azadlığının misilsiz imkanlarından yad-yabançı ünsürləri faydalandırırdı.

Azərbaycanın yenicə dövlət suverenliyi qazandığı, jurnalistikanın inzibati və ideoloji buxovlardan xilas olub azad fəaliyyət yoluna qədəm qoyduğu taleyüklü günlərdə və aylar­da yaranmış belə böhranlı vəziyyətdə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkənin müstəqilliyi ilə ya­naşı, jurnalistikamızın da əldə etdiyi azadlığı xilas etdi. Nəzərə alsaq ki, dövlətə qarşı təxribatların bir çoxu o zaman kütləvi yayım vasitələri ilə gerçəkləşdirilirdi, belə halda söz azadlığı sahəsində zəruri tədbirlərin gerçəkləşdirilməsinin zəruriliyi bir o qədər aydın başa düşülər.

Məsələ burasında idi ki, köhnə qaydalara qayıtmadan elə tədbirlər həyata keçirilməli idi ki, söz azadlığı mənəvi anarxiyaya aparmasın, me­dianın sosial məsuliyyəti və demok­ratik normalara uyğunlaşması dövlət senzurasını əvəz etmiş olsun. Həyatda nümunəsi olmayan bu yola keçidin təmin olunması məhz dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin tarixi xilaskarlıq missiya­sını misilsiz bir dahiyanəliklə yerinə yetirməsi ilə mümkün oldu.

Ulu öndər azad sözü cəmiyyətdə aşkarlığın başlıca vasitəsi, milli və demokratik dövlət quruculuğunun mənəvi, ideya-siyasi təkanvericisi kimi dəyərləndirirdi. O, eyni zaman­da, belə hesab edirdi ki, cəmiyyətin sosial-iqtisadi yüksəlişi demokratik mətbuatın ahəngdar inkişafı üçün yeni stimullar yaradır. Böyük rəhbər dövlət müstəqilliyinin möhkəmləndirilməsinin, yeni demokratik cəmiyyət yaradıl­masının zəruri amilləri sırasında söz azadlığının əsaslarının yaradılması, müstəqil mətbuatın hərtərəfli inkişafı üçün ardıcıl, kompleks tədbirlər gerçəkləşdirmişdir.

Mən həmin çətin vaxtlarda Mətbuat və İnformasiya Nazirliyinin KİV Baş İdarəsinin rəisi kimi möv­cud və yeni təsis olunan KİV-lərin dövlət qeydiyyatına alınması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsinə məsul idim. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müdrik və çevik idarəçilik məharəti o zaman həm xarici, həm də daxili düşmənlərlə mübarizədə, necə deyərlər, strateji üstünlükləri ələ keçirməkdə me­dia cəbhəsinə döyüş xəritəsi verdi. Ulu öndərin rəhbərliyi altında, gündəlik göstəriş və tövsiyyələri ilə öz milli dövlətinə deyil, hakimiyyət düşkünlərinə, milli satqınlara və ölkəni öz təsirinə almağa çalışan xarici dairələrə xidmət edənlərə qarşı qəti, barışmaz mübarizə aparılırdı.

Xarici vətəndaşların o zaman təsis etdikləri telekanallar icazə verilən proqramlardan kənarlaşaraq siyasi müstəviyə keçməyə tez-tez can atsalar da, onların qarşısı qətiyyətlə alınırdı. Demokratiya pərdəsi altında düşmən dəyirmanına su tökən mətbu orqan­ların media hüququ normalarını poz­masının qarşısı dərhal alınır, onların ideoloji təxribatları ifşa edilirdi.

Dünyaya inteqrasiyanın vacibliyi­ni uzaqgörənliklə hiss edən Prezi­dent Heydər Əliyev bir sıra hazırlıq tədbirlərindən, KİV sahəsində zəruri qanunvericilik bazasını formalaşdı­randan sonra 1998-ci ilin 6 avqustun­da mətbuatın üzərindən senzuranın götürülməsi barədə tarixi fərmanı imzaladı. Bu müstəqil mətbuatın inki­şafına meydan verən inqilabi fərman idi. Ardınca 1999-cu ildə KİV haqqın­da Qanuna dəyişiklik edildi. Zamanı qabaqlayan bu addımlar tezliklə ulu öndərin tarixi uzaqgörənliyini bir daha təsdiq etdi.

Avropa Şurasına qəbul olunmaq üçün KİV sahəsində bütün maneələr ardıcıl, milli maraqların qorunması ilə aradan götürüldü, demokratik təsisatlar pillə-pilə işə salındı. Ulu öndərin atdığı qətiyyətli, düşünül­müş taktiki gedişlər zamanında öz bəhrəsini verdi, həm də gələcək üçün mötəbər əsaslara çevrildi. 2001-ci ildə Avropa Şurasına dövlətimizin qəbulu zamanı aparılan müzkirələrdə yaddaş­lara əbədi həkk olunan bir hadisə baş verdi. Başqa ölkələrdən fərqli olaraq Azərbaycan mətbuatının demokra­tiya şəraitində fəaliyyəti ilə bağlı göstəricilər müzakirəsiz qəbul edildi. Bu, böyük rəhbərin qurduğu, memarı olduğu, müstəqilliyini canından əziz tutduğu Azərbaycana bəxş etdiyi ən böyük töhfələrdən biri-- söz azadlığına verilən dövlət təminatının beynəlxalq aləmdə təqdir olunması idi.

Ulu öndərin söz azadlığının təmin edilməsinə münasibəti demokratik inkişafın zəruri tələblərinin cavablan­dırılması ilə şərtlənmişdir. Müstəqil dövlətimizin qurucusu azad media­nın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək, bu sahədə problemlərin aradan qaldırılması üçün ehtiyac duyulan bütün tədbirləri ən yüksək səviyyədə həyata keçir­mişdir. Bütün bunları qədirbilənliklə qiymətləndirən media ictimaiyyəti 2002-ci ildə ulu öndər Heydər Əliyevi Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dos­tu” adına layiq görmüşdür. Möhtərəm Prezidentimiz İlham Əliyev isə bu adı dalbadal 3 dəfə qazanmışdır.

Müsahibim daha son­ra ötən dövrdə mətbuatın özünütənzimləmə, dövlət orqanları və ictimaiyyətlə əlaqə saxlamaq qurumu kimi Azərbaycan Mətbuat Şurasının formalaşdırılması­nın, ölkə başçısının fərmanı ilə Azərbaycan Respublikası Prezi­dentinin yanında Kütləvi İnfor­masiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıl­masının, ayrı-ayrı sərəncamlarla jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi kimi davamlı tədbirlərin medianın fəaliyyətinin günün tələblərinə cavab verməsində önəmli rol oynadığını qeyd edərək bildirdi:

– Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adının bərpa edilməsi və ölkə mətbuatının, teleradiosunun in­kişafında seçilən xidmətləri olan jurnalistlərin bu ada, digər dövlət təltiflərinə layiq görülmələri, son illərdə 400-dən çox jurnalist ailəsinə yeni mənzillərin verilməsi də media sahəsində stimulları gücləndirmiş, jurnalist peşəsinin nüfuzunu yüksəltmiş, bu adı daşıyanların söz azadlığının təmin edilməsi ilə bağlı ölkə və xalq qarşısında məsuliyyətini yüksəltmişdir.

Dəfələrlə yüksək səviyyədə bəyan edildiyi kimi, ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qar­şısında yeni vəzifələr durur. Bu gün Azərbaycan jurnalistikası informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inki­şafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir.

Mədət Məmmədov sonda dedi:

– Medianın yaradıcılıq prosesinə heç bir dövlət nəzarətinin–senzuranın olmadığı şəraitdə cəmiyyətin aynası, azad sözün yayıcısı, milli maraqla­rın müdafiəçisi olmaq Azərbaycan jurnalistikasının tarixi nailiyyətidir. Bu tarixə 1998-ci ildə ölkəmizdə sen­zuranın ləğv edilməsi qızıl hərflərlə yazılmış, yeni bir başlanğıc olmuşdur. Əziz həmkarlarım, gəlin unutmayaq ki, artıq 22 ildir ölkəmizdə kütləvi auditoriyaya deyilən söz heç bir sen­zuraya məruz qalmır. Belə bir senzor bizim vicdanımızdır. Gəlin vicdanımı­za xəyanət etməyək!

Prezident İlham Əliyevin bu münasibətlə söylədiyi və jurnalistlər üçün xüsusi “yol xəritəsinə çevril­miş” sözləri bir daha xatırlayaq: “Jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. Azərbaycanın reallıqları dünya birli­yinin diqqətinə çatdırılmalıdır, istər ictimai sahədə, milli, dini dözümlü­lük sahəsində, istərsə də iqtisadi və xarici siyasət sahəsində”.

Doğrudan da, söz və mətbuat azadlığı cəmiyyətdə demokratiyanın meyarı və ölçüsü rolunu oynayır. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xü­susi önəm verir. Demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesində kütləvi informasiya vasitələrinin xü­susi yeri və rolu var. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Söz və informasiya azadlığı, demokratiya­nın inkişafı, hüquqi dövlətin qurul­ması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir... Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik”.

Nəhayət, qeyd edək ki, sen­zurasız epoxaya keçid milli azad sözün tarixi nailiyyətidir. Dövlət nəzarətinin dövlət himayəsi və sosial məsuliyyətlə əvəz olunması isə çağdaş jurnalistikamızın uğurlarının təminatıdır.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

9 Avqust 2020 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə