Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın təcavüzkar siyasəti 30 ildən çoxdur ki, Qafqazda sülh və sabitliyi pozmaqdadır

Bütün dünyanı, eləcə də ölkəmizi təhdid edən qlobal pandemiya – koronavirus infeksiyası ilə mübarizə dövründə Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə hərbi təcavüzü butün sülhsevər insan­ları, o cümlədən yaxın-uzaq ölkələrdə yaşayan türksoylu insanları və soydaşlarımızı nəinki narahat etdi, həm də ayağa qaldırdı. Son 3 həftədə həm dünya mediası, həm də beynəlxalq diplomatik dairələr bu təcavüzün mahiyyətini və nəticələrini dəyərləndirməkdə daha çox da siyasi motivlər axtarmaqdadırlar. Ermənistanın məhz indiki şəraitdə cəbhə bölgəsində deyil, Tovuz istiqamətində atəşkəsi pozması ən müxtəlif səbəblər göstərilməklə təhlil edilməkdədir. Kimin nə deməsindən asılı olmayaraq, bu hadisə Ermənistanın Azərbaycana hərbi təcavüzü və siyasi təxribatıdır. Türkiyənin Egey Universitetinin professoru Aydın İbrahimov bu barədə qəzetimizə müsahibəsində bildirdi:

– Baş verənlər Azərbaycanın haqq işini bir daha təsdiqlədi, Ermənistanın təcavüzkar mövqeyini yenidən dün­yaya tanıtdı. Azərbaycan və Türkiyə mediasını, eləcə də Avropa və Ame­rika KİV-ni izlədikcə görürük ki, bu hadisələr bütün dünyada əks-səda do­ğurub. Ermənistan təcavüzkar siyasəti ilə nəinki Qafqaz üçün, eləcə də bütün dünya və bəşəriyyət üçün qlobal prob­lemler yaratmaqda davam edir.

Dedikləriniz bugünün, dünənin problemləri deyil ki, ən azı Qarabağ 30 ildən çoxdur işğal altındadır, BMT-nin qətnamələri var, amma...

– Amma dünya susur, problemin həlli missiyasını yerinə yetirməli olan Minsk qrupu məsələnin həllindən daha çox, onun dondurulması və uzadılması ilə məşğuldur. Amma son hadisələr, Tovuzla sərhəddə baş verənlər millətin tarixində yeni səhifə oldu. Birinci­si, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə basqınından və ordumuzun düşmənə layiqli cava­bından sonra Azərbaycanda bir daha Ali Baş Komandan və Xalq birliyinin şahidi olduq. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmaya­raq, Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, ayağa qalxdılar.

Xalq mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi za­man bir nəfər kimi Ali Baş Komanda­na, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdi. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə həmrəylik nümayiş etdirdilər. Bu, həm də xalqın yetkinli­yinin nümunəsi idi. Vətən təhlükədə olanda bütün siyasi maraqları unu­dub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün soydaşları­mızın birləşmək məramı dünyanı da heyrətləndirdi.

Üstəlik, Prezidentin çağırışından sonra bir həftə ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 50 mindən çox gənc müraciət edərək vuruşmağa hazır olduğunu bildirdi. Bununla da yetişən gənc nəsil Vətən, torpaq uğrunda vuruşmağa hazır olduğunu, Qarabağ məsələsində həmrəyliyini bir daha nümayiş etdirdi. Özgə torpaqlarında cəbhədən hər an qaçmağa hazır olan işğalçı erməni silahlı qüvvələrinin quldurları isə hətta Qurban bayramı günlərində, dünya müsəlmanlarının əziz və müqəddəs günündə də atəşkəsi dəfələrlə pozdular, məkrli və xəbis xarakterlərini nümayiş etdirdilər.

Bunlar həmin ermənilərdir ki, birinci Qarabağ müharibəsindən sonra işğal etdikləri Azərbaycan torpaqların­da dini və tarixi abidələri, heykəlləri belə güllə-baran etmişlər, müharibənin ən sərt qanunlarına məhəl qoymadan Xocalı qətliamını törətmişlər. Bu silah­lı qatillər körpə uşaqları, qocaları, hətta dinc əhalini qanına qəltan etmişlər.

– Bəs, söyləyəcəyiniz ikinci məqam nədir?

– Əvvəl dediklərim ölkə da­xili birliyin təntənəsi idi, ikinci önəmli məsələ, Azərbaycandan kənarda hadisələrin bu cür yüksəlişi gözlənilirdimi?! Amma Rusiyada, Amerikada, Fransada, Almaniyada, İtaliyada, İspaniyada, Avropanın siyasi mərkəzi olan Belçikanın paytaxtı Brüsseldə, Türkiyənin, az qala, hər bir şəhərində Azərbaycana dəstək nümayiş etdirildi. Dünyanın hər yerində baş tu­tan səfərbərlik aktları və mitinqlər çox böyük bir güc sahibi olduğumuzu sü­but etdi. Eyni zamanda, sübut etdi ki, Ermənistan tərəfindən Azərbaycan Si­lahlı Qüvvələrinin mövqelərinə hücum təcavüzdür, güc tətbiq etmək aktıdır və təxribatdır. Bu təxribat rəsmi İrəvanın Ermənistan--Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığını da ortaya qoydu. İkiəsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları isə bu dəfə həddindən artıq aqressivliklə və törətdiyi vəhşiliklərlə yadda qaldı.

– Azərbaycan xalqı bu təlatümlü günlərdə hər kəsə layiq olduğu yeri göstərdi və kimin kim olduğunu da gördü...

– Bəli, bu faktı da unutmaq olmaz. Hər kəsə mövqe və dəstəyinə görə minnətdarıq. Amma qardaş Türkiyənin həmişə olduğu kimi, indiki mövqe və missiyası da heç vaxt yaddan çıxası deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hadisələrin ilk günündə söylədikləri Türkiyənin mövqeyi idi: “Ermənistan işğalçıdır. Ermənistanın işğalı illərdir davam edir. Dağlıq Qarabağ işğal altındadır. Hazırda Ermənistan da­vamlı şəkildə Azərbaycanın yaşa­yış məntəqələrinə hücum edir. Bu hücumlar nəticəsində Azərbaycan hazırda öz üzərinə düşən işi görərək torpaqlarının müdafiəsi, xalqın müdafiəsi yönündə addımlar atıb. Bu məsələdə Azərbaycanın yanındayıq. Qardaş Azərbaycana dəstəyimizi verəcəyik. Azərbaycanlıların Qafqaz mübarizəsində olduğu kimi, bu gün də yanındayıq və yanında olacağıq”.

Yaxud, vitse-prezident Fuad Oktay Ermənistan tərəfindən Azərbaycana edilən hücumu “Ermənistan xəyal qur­masın. Qurduğu xəyalın altında əzilər. Ona bu xəyalı qurduranlar da uzaqdan izləyər”, - deyə bildirməsi bütün dün­yaya, təcavüzkarı dəstəkləyən dairələrə sərt mesaj idi. Türkiyə Azərbaycana bu ağır günlərində dəstəyini həm dövlət səviyyəsində, həm də 83 milyon­luq xalqın birliyi ilə göstərdi. Dörd parlament partiyasının– AKP, MHP, CHP, “İyi Parti”nin birgə bəyanatı bunu sübut edən tarixi hadisədir. Ən ümdə hadisələrə münasibətdə bir-birinə mü­xalif olan bu partiyaların birlik nümayi­şi nadir və görünməmiş bir nümunədir.

Eyni zamanda, Pakistan dövlətinin, sonradan Amerika konq­resinin mövqeyini də yaddan çıxar­maq olmaz. Azərbaycanın xaricdəki səfirliklərinin və diasporun fəaliyyəti, onların birlik nümayişləri hələ uzun illər ibrət götürülməli və fəxr duyulası geniş bir mövzudur.

– Bunlar gözlənilən idimi? Uzun illər xaricdə çalışan ziyalı soydaşı­mız kimi müşahidə və qənaətləriniz maraqlıdır...

– Əslində, erməni təcavüzü və Qarabağın işğalı məsələsi xaricdə yaşayan Azərbaycan ziyalılarının gündəmində olan daimi mövzudur. Biz medianı izləyəndə də, beynəlxalq statuslu tədbirlərdəki çıxışlarımız­da da, hətta auditoriyada da, süfrə arxasındakı söhbətlərimizdə də bu məsələni yaddan çıxarmamışıq. Egey Universitetində çalışan professor həmkarlarım Afiq Bərdəli, Ürfət Nuri­ev, Bilkənd Universitetindən professor Əmrulla Məmmədovla söhbətlərimizin önəmli mövzusu bu məsələ olmuş­dur. Tovuz hadisələrinin başlandığı günlərdə böyük şairimiz, Çanaqqala Universitetinin professoru Məmməd İsmayılın yüksəkliklərin kimin əlində olduğunu hər dəfə həyəcanla soruşma­sı hər kəsi riqqətə gətirən sorgu idi.

Eyni zamanda, Egey Universitetində birgə çalışdığım həmkarlarımın və Türkiyənin, az qala, hər yerinə səpələnmiş tanışlarımın ardı-arası kəsilməyən zəngləri, qonşu­ların maraq və həyəcan dolu sualları heç vaxt yaddan çıxası deyil. Hər kəsin bu dərəcədə həssas və sayğı dolu davranışı çox qürurverici idi.

Demək istəyirəm ki, uzaqlarda olmaq bir an belə Vətəni unutmaq deyil. Bəzi nigarançılıqlarımız olsa belə, millətin və ölkənin sabahına çox inamla baxmaqdayıq. Dövlətin, Prezident İlham Əliyevin çevik xarici siyasəti, xüsusən də Ermənistanla bağlı məsələlərdəki prinsipial mövqeyi hadisələrin sonluğuna ümidlərimizi artırır. Yeni xarici işlər nazirinin təyinatı bu işin vacibliyinin sübutu oldu və yeni nazirə uğurlar arzulayı­ram. Böyük Atatürkdən örnək olan bir faktı xatırlatmağın da faydası var: Atatürk jurnalistin “Cümhurbaşqanı olmasaydınız hansı görəvi seçərdiniz?” – sualına, “Təhsil bakanlığını” – cavabını verir. Təhsil naziri Ceyhun Bayramovun Xarici İşlər Naziri təyin edilməsi də uğurlu təyinat olduğuna inam yaradır.

Yeri gəlmişkən, bir məsələyə də toxunum. Uzun illərdir, haradasa 30 ilə qədər xaricdə, qardaş Türkiyədə çalışıram, amma səfirliyimizin ancaq bayram və matəm günlərində səfərbər olduğunu görməkdəyik. Yaşadığım, Türkiyənin 3-cü böyük şəhəri olan İzmirdə 10-na qədər universitet var. Bu şəhər azərbaycanlıların ən çox məskunlaşdığı bir yerdir və burada diaspor fəaliyyəti fəallığı ilə seçilir. Azərbaycanın xaricdəki ən böyük sərmayələri də bu bölgədə yerləşir. Əslində, daha bir konsulluğun İzmirdə olması məqsədə uyğun olardı. Amma təəssüf ki, Xəzər İbrahimdən başqa, ona qədərki səfirlərimizi İzmirdə görə bilmədik. Xəzər müəllim də, yaxşı ki, İzmir Azərbaycan Qardaşlıq və İşbirli­yi Cəmiyyətinin (AKİDER) sədri Asif Kurbanın dəvətini qəbul edib Bakımı­zın adını daşıyan parkın açılışına gəldi.

Diaspor fəaliyyətində iş adamı Asif bəyin fəallığı alqışa layiqdir, son hadisələrlə bağlı “Konaq meydanı”nda keçirilən mitinqdə də onun fəallığını gördük. Onu da deyim ki, bu adam uzun illərdir ki, gördüyü işləri öz maddi imkanları ilə edir: tədbirlər keçirir, imkansız tələbələrə təqaüd ayırır, yaxşı oxuyanları mükafat­landırır, Azərbaycanı təbliğ edir və s. Kimsədən dəstək belə almır, ola bilsin ki, ala bilmir. Ümid edirik ki, bu cür fəaliyyətlər səfirlik və diaspor tərəfindən də dəyərləndiriləcək.

Bir məsələni də unutmaq olmaz, bu gün diaspor fəaliyyəti ilə məşğul olan insanların da, səfirlik işçilərinin də Vətənə, millətə bağlılıqları içdən gəlməlidir, yoxsa, təkcə pul-para ilə, tədbir keçirməklə heç kimin qəlbini fəth etmək, haqq işimizə inam yarat­maq, insanları səfərbər etmək mümkün deyil.

Hadisələrin gedişi xaricdən necə görünürdü?

– İlk vaxtlar ciddi nigarançı­lıqlar var idi. Ermənilərin və onları dəstəkləyənlərin saxta məlumatları baş verənləri anlamağa mənfi təsir göstərirdi. Amma Türkiyənin siyasi elitasının Azərbaycana qarşı təcavüzün və Tovuz bölgəsindən keçən enerji koridorunun təhlükəyə düşməsindən narahat olduğunu bəyan etməsi ümdə məsələləri ortaya qoydu. Bu günün özündə belə bu məsələ müzakirə obyektidir.

Azərbaycan Müdafiə Nazirliyindən gələn yüksək çinli heyəti qəbul edən Milli Savunma Bakanı Hulusi Akarın hərbçi mövqeyi və Türkiyənin gələcək addımlarının “Azərbaycanlı qardaşlarımızla bir və bərabərik, biz Türkiyə Cümhuriyyəti, Türkiyə Silahlı Qüvvələri olaraq, nə etməliyiksə bu günə qədər olduğu kimi, bundan sonra da etməyə davam edəcəyik. Bundan heç kimin şübhəsi olmasın”-- deyə bildirməsi Türkiyənin bütün dünyaya, eləcə də təcavüzkarı dəstəkləyənlərə mesajı idi, bir NATO dövlətinin mövqeyi idi. Bundan sonra Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasın­da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı sülh danışıqla­rına dəvət etməsi məsələnin nə yerdə olduğunu açıqladı.

Döyüş zonasında və diplomatiya cəbhəsində məğlub duruma düşən Ermənistan daha bir güclü zərbəni Azərbaycan jurnalistlərindən aldı. AzTV-ni, İTV-ni, “Xəzər” TV-ni, digər KİV-ləri səbirsizliklə izləyirdik. Məlumatların təqdimatındakı profes­sionallıq, vətənpərvərlik proqramla­rının ruhlandırıcı təqdimatı inandı­rıcı və güvənli idi. Düşmənin, guya, Qaraqayanı, bu mühüm və strateji yüksəkliyi ələ keçirmək barəsində məlumatları məhz Azərbaycan mediasının canlı təqdimatı ilə təkzib olundu.

Təəssüf ki, döyüşlərdə itkilər ver­dik, amma bu, müharibənin acı reallı­ğıdır. Düşməni geri oturdub, ordumu­zun gücünü və nələrə qadir olduğunu da Tovuz döyüşlərində gördük.

Dediklərinizdən bir qənaət də ortaya çıxır: Tovuz əməliyyatının xalqımızın və Azərbaycan Ordusunun tarixində şanlı yeri olacaq.

– Bu, bütün dünyanı riqqətə gətirən hadisə oldu. Hələ Qarabağ savaşı başlayanda, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Tovuz ermənilərin ən çox təcavüz etdiyi bölgələrdən idi. Amma tovuzluların qəhrəmanlığını, Vətən, yurd sevgisini o zaman da əzə bilmədilər və layiqli cavablarını aldılar. “Tovuzun ən böyük sərvəti onun adamlarıdır” – deyən ulu öndər Heydər Əliyevin hələ sovet dövrundə Tovuza səfərlərinin birində uzaqgörənliklə söylədiyi fikirlər onda da, indi də təsdiqini tapdı.

Bunlar ən yaxın tariximizin reallıq­larıdır. Amma indi baş verənlər bütün Azərbaycan xalqının və dövlətinin təcavüzkara cavabı idi. Ordumuzun Tovuz istiqamətində düşmən hücu­munun qarşısını alması, işğalçının canlı qüvvəsini və texnikasını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılandı. Əfsuslar olsun ki, bu nəcib təşəbbüsə bu dəfə də kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışanlar da oldu. Buna baxmayaraq, heç bir daxili və xarici qüvvə Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan--Xalq birliyini sarsıda bilməz.

– Təəssüf ki, Ermənistanın təcavüzü hələ də davam edir.

– Son 33 ilin cəzasızlığı, beynəlxalq qüvvələrin haqqı, ədaləti və obyektivliyi unutması, açıq desək, belə amillərin alver predmetinə çevrilməsi uzun illərdir Ermənistana və onun təcavüzkar siyasətinə, təcavüzünə dəstəkdir. Tovuz hadisələri göstərdi ki, bu ədalətsizliyin sonu yeti­şib və çox yaxındadır. Əgər bir ölkənin generalı torpaq uğrunda şəhid olursa, demək, bu Vətən basılmaz! Yeri gəlmişkən, bütün şəhidlərimizin ruhu şad olsun. General Polad Həşimovun qəhrəmanlığının tariximizin qürurlu bir səhifəsi olacağına inanıram. Biz Qarabağı, illərdir yolumuzu gözləyən torpaqlarımızı almalıyıq. Azərbaycan dövlətinin müdrik və sülhsevər siyasəti, xalqımızın yekdilliyi, Milli Ordumuzun şücaəti bu günü bizlərə nəsib edəcək.

Qardaş dəstəyinə görə Türkiyəyə təşəkkür edirik. Azərbaycana qarşı haqsızlığa, məlum olan və olmayan səbəblərdən, susan dünyaya da deyirik ki, erməni təcavüzünün və işğalının cavabı verilməlidir. Bu həqiqət həllini tapmayınca, Qafqazda sülh çətin olacaq. Sülh isə hər kəsin arzusudur. Minsk qrupunun həmsədri olan 3 ölkə 30 ildir ki, bölgəyə bu sülhü gətirə bilmir, ya da gətirmək istəmir. Hər halda bu barədə ciddi fikirləşməyin də vaxtıdır.

Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”

9 Avqust 2020 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə