Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtın lift təsərrüfatındakı innovativ metodlar səmərə verir

Cənubi Qafqazda ilk dəfə olaraq Sumqayıt şəhərinin lift təsərrüfatında tətbiq edilən onlayn idarəetmə sistemi indi nəinki bu şəhərin, hətta Gəncənin, Mingəçevirin və Şəmkirin də ayrı-ayrı yaşayış sahələrindəki liftlərin 350- 400 kilometr məsafədən gecə-gündüz dəqiqliklə, yüksək səviyyədə idarə edilməsinə, istismarına imkan verir. Yeni innovativ metodla hətta Sumqayıtın bütün kom­munal sistemini – işıq, qaz, su, istilik təsərrüfatlarını, şəhərin mövcud fontanlarını da idarə etmək və tam nəzarətdə saxlamaq mümkündür.

Zaman-zaman yeni çoxmərtəbəli binalar inşa edildikcə lift sistemi də tətbiq olunaraq geniş yayılıb. Ancaq bir zamanlar həvəslə baxdığımız “Liftçi qız” filmindən də göründüyü kimi, hətta paytaxt Bakıda belə liftlərə xidmət edən xüsusi liftcilər olmadan onlar işləmirdi. Hazırda isə lift xidməti xeyli modernləşib.

Sumqayıtda lift xidməti göstərilən ilk doqquzmərtəbəli bina 1965-ci ildə şəhərin 3-cü mikrorayonunda tikilmişdir. Son­ralar belə “göydələn”lərin sayı artmış, daha uca binaların inşası onların lift sisteminin yaradılma­sını zəruri etmişdir.

Ötən əsrin 60-cı illərində bu sahə ilə Rusiyanın “Soyuzlift­montaj” Trestinin Azərbaycanda yaradılmış bir idarəsi məşğul olurdu. Sonralar respublikanın Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin nəzdində “Azərlift” İdarəsi təşkil edilmişdir. Sumqayıtda isə onun cəmi iki nəfərdən ibarət kiçik bir qrupu vardı. Lakin peşəkarlığın kifayət dərəcədə olmaması, maddi-tex­niki təminatın zəifliyi liftlərin işləkliyinə nail olmağa lazımi səviyyədə imkan vermirdi. Gah liftlərin mühərrikləri sıradan çıxır, qapılar “ilişir” və sakinlər liftdə qalır, qəza vəziyyətləri yaranırdı. 1990-cı illərin əvvəllərində isə respublikada­kı ağır ictimai-siyasi vəziyyət şəhərin lift təsərrüfatına da özünün mənfi təsirini göstərdi. Günlərin birində isə “Azərlift” Baş İdarəsi səbəbi məlum olmayan absurd bir qərar çıxardı – 350 lifti olan Sumqa­yıt Lift İdarəsi cəmi 150 lifti olan Gəncənin lift idarəsinin tabeçiliyinə verildi (!?).

Ancaq yaxşı ki, çox keçmədən Sumqayıtın lift təsərrüfatının bərpasına, onun müasir, dünya standartlarına uyğun şəkildə yenidən qurul­masına nail olmağı bacaran yenilikçi, yaradıcı mütəxəssislər tapıldı. Azərbaycan Neft və Kimya İnstitutunun energeti­ka fakültəsinin məzunu olan, səmərələşdirici energetik kimi zəngin təcrübə toplamış Cümşüd İsmiyev 30 ildən çoxdur ki, Sumqayıtda “Lift-servis” Birliyinə rəhbərlik edir. Onun mühəndislik və yüksək təşkilatçılıq bacarığı sayəsində Sumqayıtın lift təsərrüfatında canlanma, irəliləyiş başlandı, aylarla təmirsiz qalan liftlər bərpa edilərək işə salındı. Bu gün də liftlərin səmərəli, sakinlərin ra­hatlığı təmin edilməklə işləməsi diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin sürətlə inkişaf edən Sumqayıta diqqət və qayğısı son illərdə daha da artmışdır. Bunu yaşayış binalarının mühüm “infrastruktu­ru” olan lift sisteminin yaxşı­laşdırılması, əhaliyə xidmətin yüksəldilməsi məqsədilə son 4 il yarımda dövlət başçısının imzaladığı sərəncamlar da təsdiq edir. Belə ki, Prezidentin 13 oktyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu mühüm sahəyə 3,7 milyon manat, eyni məqsədlə daha sonra -- 3 mart 2016-cı ildə 2,5 milyon, 2017-ci ildə 3,7 milyon, 2018-ci ildə 2,5 milyon ma­nat, ümumilikdə -- 13 milyon manatadək vəsait ayrılmışdır. Məhz Prezidentin daimi diqqət və qayğısının nəticəsidir ki, son illərdə Sumqayıtın lift təsərrüfatının 76 faizi tamamilə təzələnmiş, hündürmərtəbəli binalar 450-dən çox yeni, müasir, elektron tipli lift kabinələri ilə təchiz edilmişdir. Bütünlükdə isə, şəhərin 594 liftinin hamısı bu gün tam işlək vəziyyətə gətirilmişdir.

Şəhərin liftlərinin daha çox dam örtüklərinin yararsız olması üzündən, mühərriklərin üzərinə yağış yağması səbəbindən sıradan çıxdığını müəyyən edən “Lift-servis” Birliyinin rəhbərliyi 4 il əvvəl Sumqayıtın yeni icra hakimiyyəti başçısı Zakir Fərəcovla görüşdə ondan dam örtüklərinin təmirinə ilk olaraq “göydələn”lərdən başlanmasını xahiş etmişdi. Vaxtilə şəhərin mənzil-kommunal təsərrüfatına rəhbərlik etmiş Zakir müəllim vəziyyətdən kifayət qədər xəbərdar olduğuna görə bu məsələyə həssaslıqla yanaşmış və müvafiq tapşırıqlar vermişdi. İndi həm Sumqayıtın binalarının dam örtükləri, həm də liftləri tamamilə yenilənmişdir.

“Lift-servis” kollektivini hələ lap çoxdan narahat edən bir məsələ də lift təsərrüfatında şəhər sakinlərinə xidmətin modernləşdirilməsi idi. Bu məqsədlə növbəti mərhələdə bütün lift sisteminin idarə edilməsinin onlayn rejimdə, innovativ metodla həyata keçirilməsi təklif edildi. İdeya bəyənildi və ilk olaraq sınaq məqsədilə 4 lift üçün intellektual idarəetmənin tətbiq edilməsi, uğurlu nəticə əldə edilərsə, bu işin genişləndirilməsi qərara alın­dı. Çox keçmədən -- 2017-ci ilin noyabrında Cümşüd İsmiyevin rəhbərliyi ilə baş mühəndisdən, lift mühəndislərindən, proqram­çılardan ibarət yaradıcı qrup işə başladı və ilk 4 liftin intellektual idarəetmə sisteminə qoşulmasına nail olundu. Yeniliklə yerindəcə tanış olan şəhər rəhbərliyi mütərəqqi idarəetmə sisteminin digər binalarda da tətbiqinə qərar verdi. İdarənin kollektivi sonra ilk olaraq 18-ci mikrorayonda istismarda olan 42 liftdə müvafiq işləri 2 ay ərzində başa çatdırdı. Hər bir lift öz kodu ilə dispetçer xidmətindəki kompüterlərə “ta­nıtdırıldıqdan” sonra onlara gecə-gündüz -- 24 saat ərzində onlayn nəzarət və xidmət edilməsi reallaşdı. Lift şəbəkəsinin onlayn rejimdə işi mükəmməl şəkildə təmin olunduqdan sonra şəhər rəhbərliyinin iştirakı ilə intel­lektual idarəetmə sisteminin açılış mərasimi keçirildi. Bir müddət sonra Sumqayıtın bütün çoxmərtəbəli binalarındakı liftlərdə innovativ idarəetmə sistemi üzrə işlər uğurla davam etdirilərək, ötən ilin ortalarında --Sumqayıtın 70 illik yubileyi ərəfəsində tamamilə başa çatdırıl­dı. Bu, “Lift-servis” kollektivi­nin doğma şəhərin yubileyinə, sumqayıtlılara sevinc bəxş edən çox gözəl bir töhfəsi idi!

Hazırda kollektiv liftdən istifadə edən sakinlərə xidmətin daha da yaxşılaşdırılmasını həyata keçirməkdədir. Liftin kabinəsində qalxıb-düşənlər üçün həzin klassik musiqi, Azərbaycanın retro mahnıları səsləndirilir və bu da sakinlərə xoş təsir bağışlayır. Liftlərin olduğu bütün bloklarda və binaların damındakı maşın kabinələrində nəzarət kamerala­rının quraşdırılması, hər bir liftin özünün elektron ünvanının və nömrəsinin olması onların dina­mikasını günün bütün saatlarında izləməyə imkan verir.

Artıq xeyli müddətdir ki, şəhərin bütün liftlərinə 24 saat ərzində onlayn nəzarət edilir (əvvəllər nəzarət yalnız səhər saat 7-dən axşam saat 23-ə kimi apa­rılırdı, yəni qalan vaxtlarda liftlər başlı-başına, bir növ sakinlərin öhdəsinə, onların “insafına” buraxılırdı). Hazırda sutkalıq nəzarət rejimi imkan verir ki, istənilən vaxt liftlərin dinamika­sının gündəlik, həftəlik və aylıq cədvəli çıxarılsın. Həmin çıxa­rışlar baş mühəndis tərəfindən təhlil olunur. Əgər hansısa lift həftə ərzində qrafikdənkənar dayanırsa, səbəbi araşdırılır, dərhal tədbir görülərək, işi bərpa olunur və dispetçer xidmətinin sərəncamına qaytarılır. Qəza vəziyyətlərinin qarşısının vaxtın­da, operativ alınması məqsədilə kollektivin 140 əməkdaşı kor­porativ nömrə ilə ümumi rabitə sisteminə qoşulmuşdur. Bu isə xidmət əməkdaşlarının bir-biri ilə, həm də sakinlərlə istənilən vaxt, heç bir maneə olmadan operativ əlaqə saxlamasına imkan verir. Baş verə biləcək qəzaların gecikmədən aradan qal­dırılması üçün həm də növbətçi dispetçerlərin sərəncamına 7 qəza xidməti maşını və xüsusi uniforma ilə təmin edilmiş təmir briqadaları verilmişdir.

Cümşüd İsmiyevin dediklərindən:

-İntellektual idarəetmə sisteminin tətbiqinə nail olmaq, bu sahədə dünya təcrübəsini öyrənmək məqsədilə mütəxəssislərimiz bir sıra ölkələrdə – Almaniyada, Çində, Koreyada, Polşada, Rusiyada, Ukraynada, Belarusda, Finlandi­yada... olub, məlumatlar topla­mış, müqayisələr aparmışlar. Hər bir təcrübədən, gördüklərimizdən maksimum faydalanmağa çalışmışıq. Onu da deyim ki, həmin ölkələrin çoxunda müasir dispetçer xidmətləri olsa da, ən yaxşı model Finlandiya mode­lidir. Biz proqramçılarımızın və provayderimizin -- “Alfa.net”in köməyi ilə etibarlı daxili internet şəbəkəsi yaratmışıq ki, bu da çox vacibdir, “Alfa.net” bizim üçün həm sürət, həm keyfiyyət, həm də qiymət baxımından sərfəlidir. Bu il müşahidə kameralarının artırılmasını, elektrik enerjisinin qəfil kəsilə biləcəyi hallar üçün hər blokda UPS-lərin quraşdırıl­masını nəzərdə tutmuşuq. Belə olan təqdirdə işıqlar kəsildikdə belə sakinlər narahat olmadan mərtəbələrin hər hansı birində liftdən çıxmaq imkanına malik olurlar.

Yenilikçi idarə rəhbəri onu da fəxrlə bildirir ki, hazır­da Sumqayıt “Lift-servis”in kollektivi öz fəaliyyət üfüqlərini genişləndirməklə məşğuldur. Yeni sistem kollektivə imkan verib ki, sınaq olaraq Gəncənin, Mingəçevirin və Şəmkirin də bir neçə hündürmərtəbəli binalarındakı liftlər bilavasitə Sumqayıtdan– 350-400 kilometr məsafədən, distansion idarə edil­sin. Təcrübə özünü doğruldur.

O da diqqətəlayiqdir ki, liftlərin intellektual idarə edilməsi metodunun bugünədək dünyada yalnız Finlandiyada analoqu var, hətta bəzi yüksək inkişaf etmiş ölkələrdə də belə bir sistemin tətbiqi hələlik yoxdur. Sumqayıt “Lift – servis” Birliyinin yeni, unikal idarəetmə sistemindən xəbər tutan qonşu Gürcüstan, eləcə də digər ölkələr gənclik şəhərinin peşəkarlardan ibarət mütəxəssislər qrupunu dəvət edirlər ki, belə bir müasir idarəetmə sistemi onlar üçün də yaradılsın.

Rəhman ORXAN, Əməkdar jurnalist

9 Avqust 2020 11:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə