Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi həqiqətlər erməni yalanlarını təkzib edir

Tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox san­ballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud­luğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


XX əsrin əvvəllərindən etibarən ermənilər azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə və soyqırımı siyasəti apar­maqla bərabər, özlərinin irəli sürdükləri əsassız ərazi iddialarına bəraət qazandırmaq üçün Azərbaycanın maddi-mədəni irsinin tərkib hissəsi olan xristian mədəniyyətinə də yiyələnmək yolunu tutmuşlar. Tarixən çoxlaylı, rəngarəng çalarlı mədəni qatlara malik olan polietnik Azərbaycan, polikonfessional strukturdan monoteizmə – yəni təkallahlığa qədər sosial təkamül yolu keçmişdir. Bu təkamül yolunu yaşayan Azərbaycanda xristianlığın təbliği həvari Faddeyin şagirdi Yeliseyin adı ilə bağlıdır.

Ölkədə xristianlıq eramızın I-II əsrlərində yayılmağa baş­lamışdır. Erkən orta əsrlərdən başlayaraq, Azərbaycanın maddi-mədəni irsinin tərkib hissəsi olan Alban Həvari kilsəsinin xristian abidələri Qarabağda, Şəkidə, Qax-Balakəndə inşa edilmişdir. Bu dövrdə Azərbaycanın multikultural layları daha da zənginləşmişdir. Lakin xristian dünyasıının ən qədim və Qafqazın ilk kilsəsi olan Alban Həvari kilsəsi tarix boyu erməni fitnə-fəsadı ilə qarşı-qarşı­ya durmuş, erməni vandalizminə məruz qalmışdır. Bu məkrli və məqsədyönlü siyasəti aparan erməni-qriqorian kilsəsi olmuşdur.

IV əsrin sonlarından etibarən İkiçayarasından (yəni Dəclə və Fərat çayları) Şərqi Anadolu­ya, Qars yaylasına, oradan da Kilikiyaya yayılmış ermənilər üçün “yeni vətən” axtarışında olan erməni-qriqorian kilsəsi Alban Həvari kilsəsinin maddi-mədəni irsinə və daha sonra isə bu irsi öz qoynunda qoru­yan Azərbaycan torpaqlarına əsassız iddialarına zəmin yarat­maq məqsədi ilə orta əsrlərdən etibarən Azərbaycanın köklü əhalisindən – azərbaycanlılardan torpaqları satın alırdı. Bu siyasət İrəvan məkanında (Çuxur Səəd bəylərbəyliyində) daha intensiv aparılırdı.

Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə iri torpaq mülkiyyətçisi Əmir Rüstəm xəzinə torpaqlarında yerləşən 7 kəndi Qriqor Makuluya 530 min Təbriz dinarına satmış, o da öz növbəsində həmin kəndləri sonradan Üçkilsə monastırına bağışlamışdı. Ardınca Üçkilsə monastırı daha 16 kəndi və digər torpaqları və mülkləri ələ keçir­miş və bu yolla erməni-qriqorian kilsəsi pərakəndə ermənilər üçün Azərbaycan torpaqlarında yeni yaşayış məskənləri yarat­mışdı. Bu proses 1441-ci ildən sonra daha intensiv şəkildə aparılmışdır. Sisdən Üçkilsə monastırına köçmüş erməni-qriqorian kilsəsi Azərbaycanın tarixi torpaqlarına iddialarını əsaslandırmaq üçün monastır torpaqlarını genişləndirməyi qarşıya məqsəd qoyub, yerli əhalidən torpaqları satın ala­raq monastırın mülkiyyətinə qatmışdı ki, vətənsiz, torpaq­sız ermənilər üçün uydurulan “böyük Ermənistan” əfsanəsini gələcəkdə Azərbaycan torpaqla­rında reallaşdırmaq üçün münbit bir zəmin yaranmış olsun. Bu işdə katolikos Qriqor (Qriqor Mak­vetsi) xüsusi fəallığı ilə seçilmiş, Makulu Səid bəydən 80 min 40 dinara Üçkilsə ətrafındakı qalan torpaqları da satın almışdı. Həmin vaxtdan etibarən erməni-qriqorian kilsəsinin katolikoslarının Üçkilsə monastırı ətrafındakı türk tor­paqlarını satın alıb monastırın mülkiyyətinə qatması bir ənənəyə çevrilmişdir. Bu proses XVI əsrdə də davam etmişdir.

Səfəvi hökmdarı I Şah İsmayılın (1501-1524) vəziri Rəvanqulu xan bu təhlükəni görmüş və Üçkilsədə yerləşmiş erməni-qriqorian kilsəsinin katolikosluğunun sosial baza yaratmaq istiqamətində apardığı tədbirlərə diqqəti çəkmişdi. Belə ki, o, 1519-cu ildə Şah İsmayıla göndərdiyi məktubunda yazırdı: “Son illər, Beynənnəhreyndən (yəni İkiçayarasından – red.) Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa (Qafqaza), bizim torpaqlara gələn ermənilər, sazişdəkilər kimi, kəsbkarlıqla, xır­da ticarətlə, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaq­dansa, tabeliyimdəki torpaqlarda yerdəyişmə vurnuxmalarına başla­mış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Üçkilsə kəndində əyləşən dünya ermənilərinin katolikosu II Qriqori zünnarına xas olmayan fəaliyyəti və təxribatçılıq əməlləri ilə idarəmizi müşküllərə məruz qoyub. Katolikos erməni dini mərkəzinin vəqf sərmayəsi hesabına öz soydaşlarının türk kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tay­fanın Qafda qədim mövcudiyyəti təsəvvürünü yaradır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər”.

XVI əsrdə bu erməni təhlükəsini görən Rəvanqulu xan özünün düşüncələrində yanılmamışdı. Erməni icması üçün yeni ərazilər axtarışında olan erməni-qriqorian kilsəsi Azərbaycan torpaqlarına nəzər-diqqətini yönəltmiş, orta əsrlərdən etibarən Qarabağda, Şəkidə, Qax-Balakəndə Azərbaycan torpaqlarını sıx şəbəkə ilə ört­müş alban xristian abidələrinə, eyni zamanda, Zəngəzurda, İrəvan məkanında mövcud olan Azərbaycanın maddi-mədəni irsinin bənzərsiz nümunələrini təşkil etmiş Üçkilsə, Göy Mələklər Məbədi, Sivəng, Tatev, Uzunlar, Avan, Pirəgən, Qırmızıvəng, Qarqavəng xristian abidələrinə sahib çıxmağı qarşısına məqsəd qoymuşdu.

Tarixi faktlar göstərir ki, bu siyasəti əsrlərlə davamlı olaraq aparan erməni-qriqorian-kilsəsinin Azərbaycan torpaqlarına, o cümlədən Qafqaza heç bir aidiyyatı olmamışdır. XV əsrin 40-cı illərində İrəvan məkanında yerləşən erməni-qriqorian kilsəsinin kato­likosluğu heç bir kənd və yaxud torpaq sahəsinə sahib olmamış, bu kilsənin, nə Azərbaycanda, nə də ki, Qafqaz meqaregionunda yeparxiyası olmamışdır. Lakin bu həqiqətləri qəbul etmək istəməyən və Azərbaycana əsassız ərazi iddiaları irəli sürən erməni tarix saxtalaşdırıcıları israrla bildirirlər ki, guya, Qafqazda və o cümlədən Azərbaycanda xristianlğı erməni keşişlər IV əsrdə yaymış və Üçkilsə bir erməni monastırı olaraq kilsə tarixinin ilk dövründən etibarən erməni-qriqorian kilsəsinin mərkəzi olmuş və onu müqəddəs Qri­qor salmışdır. Beləliklə, erməni saxtalaşdırıcıları onlara tarixən aid olmayan Azərbaycan torpaqları­na, o cümlədən İrəvan məkanına olan iddialarını öz uydurmaları ilə – erməni-qriqorian kilsəsinin Qafqazda yaranması əfsanəsi ilə əsaslandırmaq istəyirlər ki, dünya ictimaiyyəti ermənilərin Qafqazda avtoxton etnos olması yalanına inansın.

Lakin tarixi həqiqətlər erməni saxtalaşdırıcılarının yalanlarını təkzib edir və əsl həqiqəti erkən orta əsr erməni mənbələrinın özləri göstərir. Əvvəla, bu mənbələr belə bir reallığı diqqətə çatdırırlar ki, erməni-qriqorian kilsəsinin əsasını qoyan müqəddəs Qriqorun Qaf­qaza heç bir aidiyyatıı olmamışdır. Moisey Xorenlinin “Tarix” əsərində yazılır ki, Qriqor “mənşəcə parfi­yalı olub, Pəhləvi vilayətindəndir. Ailəsi hökmdar nəsli Arşakuni - Arşakilərdən olmuşdur. O, Bəlxdə yaşamış, sonra Ərməniyyəyə köçmüşdür”. Bu məkanda da ermənilərin ilk kilsəsi yaranmışdır. Bu həqiqətləri inqilabaqədərki rus ilahiyyatçı-tarixçisi A.Anninski də öz tədqiqatlarında göstərmişdir ki, Fərat ətrafı bölgədə yerləşən Arşakilər Ərməniyyəsində hökm­dar III Trdatla birgə erməniləri xristianlığa yönləndirən Parfiyalı Qriqor ilk kilsəni Fərat çayının qollarından olan Arasani (Murad­çay) çayının sahilində, Taron (Muş) vilayətində, Kiçik Asiya regio­nunun Van bölgəsindən qərbdə yerləşən Aştişat kəndində salmış­dır. Beləliklə, bütün ermənilərin birinci katolikosu Parfiyalı Qriqor Azərbaycan torpaqlarında de­yil, Fərat çayının sahillərində ermənilərin ilk kilsəsini yaratmış­dır. Orta əsr yazılı abidələrinin müəllifləri olan M.Kalankatlı və Gəncəli Kirakosun verdikləri məlumata görə, Parfiyalı Qriqorun həyatı erməni-qriqorian kilsəsi ilə bağlı olmuş, o, 30 il bu kilsənin patriarxı olmuşdur. O, ömrünün son dövrü Kiçik Ərməniyyədə – Fərat çayının sol sahilində yerləşən Mani mağarasında sonuclanmış, sonralar Parfiyalı Qriqorun nəşi “Fərat çayının şərq hissəsinin yu­xarısında yerləşən Tordan kəndinə” aparılmışdır. Beləliklə, orta əsr mənbələrində göstərilən bu dəlillər bir daha belə bir həqiqəti sübut edir ki, erməni-qriqorian kilsəsinin əsasını qoyan Parfiyalı Qriqorun izi Qafqaz meqaregionu ilə bağlı olmadığından, nə onun, nə də ki, erməni-qriqorian kilsəsinin Qaf­qaza, o cümlədən Azərbaycana heç bir aidiyyatı yoxdur. Bütün bunlar belə bir tarixi həqiqəti ortaya qoyur ki, Parfiyalı Qriqor Üçkilsədə erməni monastırını yarada bilməzdi.

Erməni-qriqorian kilsəsinin Qafqaz məkanına aidiyyatı ol­madığını başqa faktlar da təsdiq edir. Belə ki, IV əsrdə Fərat ətrafı hövzədə yaranmış erməni-qriqorian kilsəsinin katolikosluğu bu məkanda dolaşmış, köçərilik prinsipi ilə yaşamışdır. Katolikos­luq 1116-cı ildə Sebastiyadan Diyarbəkirə (Tsopka) köçürülmüş, 1149-cu ildə isə katolikos III Qri­qori (1113-1166) öz iqamətgahını Fərat çayının sahilində yerləşən Rumqalaya keçirmişdi. Bu ta­rixi həqiqətlər erməni-qriqorian kilsəsinin Qafqaz məkanına, eyni zamanda, Azərbaycana aid olma­dığını birmənalı şəkildə göstərir.

Erməni-qriqorian kilsəsinin Parfiyalı Qriqor tərəfindən yaran­ması həqiqəti erməni saxtalaş­dırıcılarının başqa bir yalanını da “sabun körüyünə” çevirir. Belə ki, mxitaristlər məktəbinin alqoritmləri ilə hərəkət edən, erkən orta əsrlərdən etibarən dünyaya səpələnmiş ermənilərin qədim mədəniyyətə malik olduqlarıını uyduran, erməni tarix saxtalaş­dırıcıları XX əsrin sonlarından başlayaraq monofizit erməni-qriqorian kilsəsini erməni həvari kilsəsi elan etmişlər. Məqsəd bu kilsəni xristian tarixinin qay­naqlarına aid etməkdir. Lakin məlumdur ki, həvari kilsələr yalnız İsa Məsihin şagirdləri – həvarilər və ya onların şagirdləri tərəfindən yaradıla bilərdi. Yalnız o zaman kilsə həvari kilsəsi sayıla bilərdi. Bu baxımdan, IV əsrin birin­ci otuzilliyində Parfiyalı Qriqor tərəfindən yaradılan erməni-qriqorian kilsəsi heç bir vəchlə həvari kilsəsi ola bilməzdi. Çünki bu kilsə 257–331-ci illərdə yaşa­yan Parfiyalı Qriqor tərəfindən yaradılmış, onun da həvarilərə və həvarilərin şagirdlərinə heç bir ai­diyyatı olmamışdır. Digər tərəfdən, yaranan həvari kilsələri Qüdsdə təsdiqləndiyi halda, erməni-qriqorian kilsəsi Qeysəriyyədə– Romada təsdiqlənmişdir. Bu da erməni-qriqorian kilsəsinin həvari kilsə olmadığını bir daha sübut edir.

Lakin öz məkrli siyasətindən əl çəkməyən, orta əsrlərdən etibarən Azərbaycan torpaqlarına nəzər-diqqətini yönəldən, Azərbaycanın maddi-mədəni irsi olan Alban Həvari kilsəsinə sahib çıxmağı qarşısına məqsəd qoyan erməni-qriqoryan kilsəsi XIX əsrin birinci otuzilliyində Rusiya imperiyası­nın Arazdan şimalda yerləşən Azərbaycan torpaqlarının işğa­lından sonra “böyük Ermənistan” əfsanəsi üçün münbit şəraitin yetişdiyinə əmin olur. Ermənilər, Alban Həvari kilsəsinin irsini ələ keçirməklə, bölgədə imperiyanın siyasi hakimiyyətinin sosial baza­sının möhkəmlənəcəyinə Rusi­yanın hakim dairələrini inandıra bilirlər. Nəticədə, imperator I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanı ilə Alban Həvari kilsəsinin maddi-mədəni irsinə nəzarət erməni-qriqorian kilsəsinin ixtiya­rına verildi. Bundan sonra erməni millətçilərinin Azərbaycanın tarixi torpaqlarına qarşı əsassız iddialar qaldırmaları üçün daha münbit zəmin yarandı.

Yaranmış şəraitdən öz məkrli niyyətləri üçün istifadə etməyi ba­caran erməni-qriqorian kilsəsi Ru­siya hakim dairələrinin icazəsi ilə 1909-1910-cu illərdə Alban Həvari kilsəsinin arxivlərini məhv edərək Azərbaycanın tarixi irsinə və xalqımızın tarixi yaddaşına böyük zərbə vura bilmiş və öz hiyləgər siyasətini həyata keçirmək üçün aktiv fəaliyyətə keçmişdir.

Azərbaycanın tarixi torpaqla­rına ərazi iddiası ilə çıxış etməyi qarşısına məqsəd qoyan erməni-qriqorian kilsəsi erməni şovinist-millətçi partiyalarla tandemdə XX əsrin əvvəllərində Azərbaycanın tarixi ərazilərinə əsassız iddialar irəli sürmüş, torpaqlarımıza sahib olmaq üçün davamlı şəkildə məkrli siyasət aparmış və nəticədə İrəvan məkanını ələ keçirə bilmiş­dir. Azərbaycanın tarixi torpağı İrəvan məkanına yiyələndikdən sonra ermənilərə məxsus olma­yan Azərbaycan torpaqlarına sahibliklərini “qanuniləşdirmək” üçün ermənilər Azərbaycanın xristian mədəniyyətini “erməniləşdirməyə” başlamış, müsəlman abidələrini dağıtmışlar. Onlar öz vandal təbiətini nümayiş etdirmiş və polietnik Qafqazda monoetnik dövlət qurmuşdur.

Həcər VERDİYEVA, tarix üzrə elmlər doktoru

9 Avqust 2020 11:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə