Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahilboyu ərazilər tullantılardan təmizlənir

“Xəzər günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və ictimai qurumların iştirakı ilə Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb. Bu proses Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağını əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri avqustun 8-də Buzovna çimərliyində olub.

Karantin rejiminin qayda­larına əməl olunmaqla təşkil edilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirli­yinin əməkdaşları, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Bö­yük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp, "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və ekokönüllülər iştirak ediblər.

Aksiya zamanı 10 hek­tara yaxın ərazi tullantılar­dan təmizlənib və tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağı­yeva tədbirin keçirilməsində əsas məqsədin Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşı­laşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək olduğunu qeyd edib. O, aksiyanın hər kəs üçün bir mesaj olduğunu və tədbir iştirakçı­larının vətəndaşları istirahət etdikləri əraziləri tullantılarla çirkləndirməməyə çağırdıqları­nı bildirib.

Aksiyada iştirak edən Kestutis Yankauskas ictimaiyyətə çağırış edərək deyib: “Vətəndaşlar çimərliyə gələrkən pandemiyaya görə qoruyucu tədbirlərə əməl etməklə yanaşı, gətirdikləri əşyaları, qida qalıqlarını, plastik qabları dənizə, çimərlik ərazilərə atmamalıdırlar. Ona görə də çimərliyə istirahətə gələnlər özləri ilə torbalar gətirməli və tullantıları ona yı­ğaraq götürməlidirlər. Hər kəs düşünməlidir ki, dəniz, çimərlik təkcə onun deyil, buraya ondan sonra da dincəlməyə gələnlər olacaq. Ona görə də dənizi, onun sahillərini qoru­maq hər kəsin borcudur”.

O, təmsil etdiyi qurumun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bir çox istiqamətdə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. K.Yankauskas Avropa İttifaqının yaşıl strategiya­sında təkrar emalın, plastik tullantılardan azad fəaliyyətin, bərpaolunan enerji mənbələri kimi məsələlərin prioritet oldu­ğunu vurğulayıb.

Ceyms Şarp vətəndaşların çimərliklərdə istirahət edərkən həm özlərini, həm də ətraf mühiti qorumalı olduqlarını de­yib. Bugünkü aksiyanı yüksək qiymətləndirən səfir burada iştirakdan məmnunluğunu ifadə edib və vətəndaşları dənizə, ətraf mühitə qayğı göstərməyə, sahil ərazilərini çirkləndirməməyə çağırıb.

C.Şarp səfirliyin Azərbaycan hökuməti ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq etdiyini də bildirib.

Xatırladaq ki, 2006-cı il 12 avqust tarixindən – Xəzər dənizinin dəniz ətraf mühi­tinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il avqus­tun 12-si “Xəzər günü” kimi qeyd olunur.

9 Avqust 2020 09:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə