Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ödənişlərin verilməsi davam edəcək

Xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək. Bununla da COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.

Nazir bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə qeyd etdiyi kimi, “Son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”.

     Sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsinin təmin edildiyini qeyd edən nazir bildirib ki, sosial ödənişlərin ciddi şəkildə artımı nəticəsində bu istiqamət üzrə maliyyələşmədə də ciddi vəsait artımı özünü göstərir. Bu ilin 6 ayında da pensiya,  müavinət və təqaüdlər  üzrə 2 milyon vətəndaşa  587 mln. manat (27%) çox olmaqla 2,8 mlrd. manat yönəldilib, o cümlədən pensiyalar üzrə 436 mln. manat (24%) çox vəsait ödənilib. Əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı (85 min ailə) əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Avqust 2020 11:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə