Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID – 19-la mübarizədə dövlət-xalq birliyi ciddi nəticələr əldə edəcək

Ölkəmiz qlobal pandemiya ilə bağlı yeni dönəmə daxil olmaqdadır. Bu sətirlər yazıldığı saatlarda Azərbaycanda koronavirus (COVID --19) statistikası belə idi: İnfeksiyaya 129 yeni yoluxma faktı qeydə alınıb; 421 nəfər müalicə olunaraq sağalıb, evə buraxılıb;  4 nəfər vəfat edib; İndiyədək 33376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir;

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı 6872, ötən müddət ərzində isə (ümumilikdə) 773051 “test” aparılıb. Əlbəttə, istərdik ki, itkilər daha az olaydı, ya, heç olmayaydı; ancaq dünya üzrə göstəricilərə baxdıqda, ölkəmizdəki önləyici tədbirlərin nə qədər təsirli olduğunu açıq-aydın görə bilərik. Bu, nəyin ifadəsidir?  İlk növbədə, düşünülmüş dövlət siyasətinin, hadisələrin şəxsən ali dövlət rəhbərliyinin diqqətində olması, operativ qərarların qəbulu, müsbət təcrübələrin öyrənilməsi, tətbiqi və ən əsası, belə təcrübələrin özünün yaradılması yolu ilə gərginliyin qarşısı önəmli ölçüdə alınmış, mümkün miqdar sabitlik əldə edilmişdir.

     Azərbaycan Prezident cənab İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustunda videoformatda keçirdiyi müşavirədə görülmüş və görüləcək işlər ətraflı şəkildə müzakirə edildi. Dövlət başçısı həm hesabatları dinlədi, həm də, yeni tapşırıqlar, tövsiyyələr verdi. Prezidentin də dediyi kimi, koronavirusa qarşı mübarizə nəticəşində müsbət dinamika müşahidə olunur. Bu tədbirlər nəticəsində durum nəzarət altında tutula bilib. “Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.    …Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub”.

     Bu fikirlər cənab Prezidentə aiddir. Doğrusu, mən əldə olunan müsbət dinamikada bu amilin dəyərini həlledici sayıram. Qlobal pandemiya dövründə davranış qaydaları təcrübəsiz bir sahədir, desək yanlış olmaz; əslində, hansısa məmuru, cavabdeh şəxsi də çox qınamaq fikrindən uzağam. Bununla belə dövlət başçısının şəxsi nəzarəti müsbət dinamikanı təmin edir. Nəzərə alaq ki, infeksiya gözümüzün qabağında, tanıdıqlarımızı, bildiklərimizi ağuşuna alaraq çevrəsini sürətlə böyütməkdə idi, yoluxmuş xəstələrin sayını ifadə edən statistika 600 civarındaydı..! Artıq dövlətin düşünülmüş siyasəti ilə xəstə qəbulu imkanları, istər bunun üçün maddi-texniki təminat, istərsə, peşəkar həkim təminatı sahəsində çox ciddi irəliləyişlərimiz var. Hər birinin açılışı şəxsən dövlət başçısı tərəfindən gerçəkləşən modul tipli yeni xəstəxanaların sayı, tikilmə tezliyi, qəbuletmə imkanı və yerləşmə coğrafiyası çox şeyi ifadə etməkdədir. Artıq 9 modul tipli xəstəxana istismardadır. Üstəlik, iki Olimpiya İdman Kompleksi də qısa müddətdə xəstə qəbuluna hazır olacaq. Əlbəttə, iş yalnız xəstəxana təmir etmək, modul tipli yeni xəstəxanalar tikməklə yekunlaşmır, dövlət kompleks tədbirlər görür. Hər addım ölçülür-biçilir, ən uyğun addımlar atılır, ən əlverişli variantlar üzərində dayanılır. Dövlətin bütün həyati vacib işləri ilə yanaşı koronavirusla bağlı məsələləri şəxsi nəzarətində saxlayan cənab Prezidentin bu mövzu ilə bağlı keçirdiyi videomüşavirələr, etdiyi çxışlar, imzaladığı sənədlər, açılışını etdiyi müəssisələr, hamısı ilə bağlı materiallar toplansa, bir çox ölkənin 2-3 illik gündəliyini təşkil edəcək qədər həcm alınardı.

    “Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda, 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. …Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir”. Cənab Prezidentin sözləridir. Böyük bir ictimai-siyasi, sosial-iqtisadi tablonu bütün incəlikləri ilə canlandıra bilən sözlər. Əlbəttə, COVID --19 hələ yoxa çıxmayıb, infeksiyaya qarşı mübarizə tam gücü ilə aparılır. Ən müxtəlif səviyyələrdə tez-tez işlədilən “ikinci dalğa”ya gəldikdə isə, ümumiləşmiş fikir bundan ibarətdir ki, o, COVID --19 infeksiyası yoxa çıxdıqdan sonra hansısa yeni bir yoluxma qaynağı ilə təzahür edə bilər.

     Deməli, arxayınlaşmaq üçün hələ tezdir, məsələ öz ciddiyyətini saxlamaqdadır. Bütün bu məhdudiyyətlər, dövlətin öz üzərinə əlavə sosial-iqtisadi və s. yük götürməsi bir məqsədə xidmət edir: vətəndaşın sağlamlığı! Deməlyik ki infeksiya ilə mübarizədə dövlətin atacağı addımlar durumauyğun şəkildə olacaq. Heç kəs üçün sirr deyil ki, cəmiyyət fiziki və psixoloji yorğunluq içindədir. Əlaqədar qurumlar 24/7 rejimində çalışır. Bəs nə etməli? Bilməliyik ki mümkün olan yumşaldılmalar ediləcək – bu bir. İkincisi, gərək, vətəndaşlar da, sadə tələblərə - məsafə, maska, mədəni gigiyena – bunlara əməl edə ki, yoluxma yenidən kəskin artmasın. Ümidvaram, dövlət-xalq birliyi ilə daha ciddi nəticələri əldə edə biləcək,  koronavirusla mübarizədə əlimizdən gələni əsirgəməyəcəyik!

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

8 Avqust 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə