Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19: ikinci dalğa təhlükəsi

Qaydalara əməl etməklə bu təhlükəli virusa ikinci şans verməyə bilərik

Koronavirus epidemiyası hələ davam edir. Bəzi ölkələrdə hələ də güclü olan epidemiya ilə mübarizə aparılır, lakin hazırda virusun yayılmasına nəzarət edən ölkələr belə “ikinci dalğanın” olacağından ehtiyat edirlər. Bəzi ölkələrdə vəziyyət sabitləşir, lakin bununla belə ikinci dalğanın olacağı da proqnozlaşdırılır. 
Azərbaycanda epidemioloji vəziyyət tam nəzarət altındadır, yoluxanlarla sağalanların nisbətindəki müsbət dinamika müşahidə olunur. Lakin pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. İkinci dalğa təhlükəsi realdır və virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına, şəxsi gigiyenaya riayət etməkdir. Əks təqdirdə, yeni məhdudiyyətlərin tətbiqi qaçılmaz olmaz.
Ümumiyyətlə, ikinci dalğa nədir? Bu prosesi nə ilə izah etmək olar? Mütəxəssislərin sözlərinə görə, bunu dəniz dalğasına bənzətmək mümkündür. İnfeksiyaların sayı artır və sonra yenidən azalır – hər silsilə koronavirusun bir növ “dalğasını” təmsil edir. 
Təbii ki, bu prosesin rəsmi tərifi yoxdur, bununla belə, mütəxəssislər bildirirlər ki, dalğanın necə tərif edilməsi mühüm deyil. Bəziləri hər hansı bir yüksəlişi ikinci dalğa kimi təsvir edirlər, lakin bir çox hallarda bu, birinci dalğanın bir hissəsi olur. Amma bəzi alimlərin fikrincə, bir sıra ölkəılərdə müşahidə olunan yeni yoluxma dalğası ikinci dalğa meyarlarına uyğun gəlir. Xatırladaq ki, 1918-ci ildə başlayan İspaniya qripi pandemiyası payız aylarında yenidən qayıtmış və ikinci dalğada daha çox insan ölümü qeydə alınmışdı. Buna görə də, alimlər xəbərdarlıq edirlər ki, ikinci dalğanın olması dünya tarixində baş vermiş pandemiyalara xas xüsusiyyətdir və ikinci dalğanın havaların yenidən soyuması və virusun mutasiya etməsi ilə başlanması mümkündür. 
Qeyd etmək yerinə düşər ki, virusun peyda olduğu Çində baş verənlər belə bir riski göz önünə gətirir. Belə ki, Çin hökuməti yoluxma dayanandan sonra karantin rejimini ləğv etmişdi, ancaq mart ayında yeni yoluxma faktları aşkarlanmışdı. 
Sevindirici haldır ki, Azərbaycanda koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə dediyi kimi, iyulun 16-dan indiyədək bu müsbət dinamika deməyə əsas verir ki, bütün tədbirlər vaxtında görülmüşdür: “Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”. 
Bununla yanaşı, ölkə başçısı bildirdi ki, əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. “Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. 

Bu günə qədər biz buna nail ola bilmişik”, – deyən Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırdı ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır. Ölkə başçısı çıxışında müsbət dinamikanın karantin rejiminin yumşalmasına gətirib çıxardığını açıqlamaqla yanaşı, həm də xəbərdarlıq etdi ki, burada da çox ciddi nəzarət mexanizmi olmalıdır: “İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır”. 
Əlbəttə, Prezident İlham Əliyevin nəzarət rejiminə yüksək səviyyədə əməl olunması ilə bağlı tapşırıqlar verməsi beynəlxalq aləmdə koronavirusla əlaqədar yaranmış son mənzərəyə əsaslanır. Belə ki, dünyada COVID-19 pandemiyasının yenidən alovlanması ilə bağlı faktlar qeydə alınır və mütəxəssislər ikinci dalğanın başlaması barədə insanlara xəbərdarlıq edirlər. Faktlara diqqət yetirin: Braziliyada koronavirus infeksiyasına yoluxanların sayı artıq 2 milyon 708 min nəfəri ötür. Bu Latın Amerikası ölkəsində sutkada yoluxma halları 40 mindən aşağı düşmür. Gün ərzində ölənlərin sayı da 1000 nəfərdən artıqdır. Hazırda Braziliyada 94 min insanın COVID-19-un qurbanı olduğu bildirilir. Avropada da vəziyyət gərgindir. Belə ki, karantini yumşaldan ölkələrdə yenidən sərtləşmə tədbirləri həyata keçirilir. Məsələn, Almaniyada Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan etmişdir. Bununla yanaşı, bildirilir ki, gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır. Fransada da eyni vəziyyət müşahifə olunur. Hökumətin nəzdində fəaliyyət göstərən Elmi Şura bəyan edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. Bununla bağlı tanınmış “Le Figaro” qəzeti yazır ki, epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir. 
University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları da xəbərdarlıq edirlər ki, İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək. 
Estoniyada da koronavirusla bağlı vəziyyət mürəkkəb olaraq qalır. Ölkənin Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlamışdır. Ötən ay 1 olan yoluxma səviyyəsinin indi 2,6-ya çatdığı bildirilir və hökumət yenidən koronovirusla mübarizə tədbirlərini sərtləşdirməyə məcbur olmuşdur. Şimal qonşumuz Rusiyada da epidemiya ilə bağlı vəziyyət gərgindir. Moskva şəhərinin meri Sergey Sobyanin koronovirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirir və xəbərdarlıq edir ki, paytaxt sakinləri əvvəlki tək maska, sosial məsafə, gigiyena qaydaları kimi tələblərə əməl etməlidirlər. 
Qardaş ölkə Türkiyədə isə avqustun 7-də koronovirusla bağlı bütün karantin dövründə ən genişmiqyaslı yoxlamalar aparıldı, bütün şəhərlərdə valilər, bələdiyyə rəhbərləri və dövlət orqanları, hüquq-mühafizə orqanlarının nümayəndələri səfərbər edildi. Son məlumatlara görə, avqustun 7-dən saat 09:30-dan etibarən 32 əyalət, 4 şəhər, 37 kənd, 39 məhəllə və 3 prospekt daxil olmaqla, ümumilikdə 83 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir. 
Xatırladaq ki, Türkiyədə karantin rejimi iyulun 1-dən etibarən ləğv olunmuşdu. Ölkədə karantin rejiminin ləğvinə qədər gündəlik yoluxma sayı 1000-dən aşağı düşsə də, son günlərdə bu göstərici yenidən 1000-i keçmişdi. Mütəxəssislər xüsusilə Qurban bayramı ərəfəsində yaşanan toplu yığışma hallarının yoluxma sayının daha da artmasına yol açacağını proqnozlaşdırmışdılar. Xatırladaq ki, Türkiyədə bazarlarda, ictimai nəqliyyatda, ticarət obyektlərində, restoran və kafelərdə, taksilərdə - hər yerdə insanların sosial məsafə, maska, gigiyena ilə bağlı tələblərə əməl olunması ilə bağlı intensiv yoxlamalar nəzərdə tutulur və qaydaları pozan şəxlərə qarşı böyük məbləğdə cərimələr tətbiq olunur.
Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləgv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayırlar. Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olundu, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Hazırda Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır, açılmalar tədricən tətbiq olunur. Bu, bir daha göstərir ki, xəstəliyin artması ilə bağlı hər bir ölkə məhdudiyyətləri sərtləşdirir və ya yumşaldır. Mövcud vəziyyət “nəyə görə hansısa ölkədə məhdudiyyətlər aradan qaldırılıb, Azərbaycanda isə sərt karantin rejimidir?” sualına cavabdır. Ancaq aydındır ki, pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. Çünki ikinci dalğa təhlükəsi realdır, bundan başqa, virus mutasiya edərək daha aqressiv forma almışdır. 
Bir sözlə, belə bir şəraitdə Azərbaycanda əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalıdır və nəzərə almaq lazımdır ki, yumşaldılmış karantin şərtləri təhlükənin artıq ardan qalxması anlamına gəlmir. Hər kəs bilməlidir ki, əldə olunmuş müsbət dinamika itiriləcəyi və koronavirusa yoluxmanın miqyası genişlənəcəyi təqdirdə, yeni məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq. Buna görə də, yeni məhduyyətlərin tətbiq edilməməsi üçün hər birimiz həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin etməliyik. Qaydalara nə qədər əməl etsək, bir o qədər sağlamlığımızı və təhlükəsizliyimizi etibarlı təmin edə bilərik. 

 

 “Xalq qəzeti”

 

7 Avqust 2020 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə