Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dövləti üçün əsas məsələ insanların həyatı, onların sağlamlığıdır

Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, – bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bu dəhşətli bəlanın aradan qaldırılmasında müsbət dinamika müşahidə edildiyini, iyulun 16-dan indiyədək bu sahədə nəzərə çarpan irəliləyişin isə görülmüş işlərin məntiqi nəticəsi olduğunu bildirib.  

Bildirilib ki, cari ilin ötən aylarında bütün sosial ödənişlər vaxtında, hətta bir sıra hallarda cədvəl üzrə nəzərdə tutulduğundan tez reallaşdırılıb. Sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk yarısında 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilib.   Pensiyaların indeksasiyası ilə bağlı müvafiq qərara əsasən 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Bunun nəticəsində isə orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata, yəni, faktiki olaraq 300 manata yaxınlaşıb. Eyni zamanda, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər də vaxtından əvvəl ödənilib. Bu məqsədlər üçün ötən ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya 45 faiz artıq vəsait xərclənib. Habelə pensiya, müavinət, təqaüd ödənişlərinin elektronlaşdırılması xüsusi karantin rejimində əhalinin mobilliyinin azaldılması baxımından çox böyük önəm kəsb edib. Ümumiyyətlə, cari ilin altı ayı ərzində pensiya və təqaüdlərin 53 mini məhz tam elektron qaydada, məmur-vətəndaş təması olmadan gerçəkləşdirilib. Eyni zamanda, 324 min insana elektron qaydada arayışlar təqdim edilib.  
Sosial ödənişlərin digər vacib bir istiqaməti isə məhz sosial təminatla bağlıdır  və burada da dövlət başçısının   tapşırığına uyğun olaraq ünvanlı sosial yardım proqramının ödənişinin, prosedur qaydalarının sadələşdirilməsi üzrə genişmiqyaslı iş aparılıb. Artıq hazırda 84 min ailənin 350 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirilir. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə edib və orta məbləğ burada 225 manata bərabər olub. İndi bütün bu prosesin tam elektron portal üzərindən həyata keçirilməsinə başlanılıb.

 

Pandemiya şəraitində iş yerləri qorunub saxlanılır

 

Sosial rifah və məşğulluğa dəstək Tədbirlər Planının ikinci əsas istiqaməti məşğulluq tədbirlərini əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu çərçivədə iş iki yöndə qurulub. Birinci istiqamət hazırda əmək müqaviləsi ilə işləyənlərin iş yerlərinin qorunması və işsizliyin artmasına imkan verilməməsi ilə bağlıdır. Bu sahədə reallaşdırılan dəstək tədbirləri nəticəsində çox müsbət dinamika əldə edilib. Belə ki, dövlət sektoru üzrə 900 min iş yeri qorunub, onların hər birinin əməkhaqqı ödənilib. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi bağlanılıb. Hazırda əmək müqaviləsi ilə özəl sektorda işləyənlərin sayı 751 minə çatıb. Əlbəttə, bu məsələdə qeyri-formal məşğulluqla mübarizə ilə bağlı dövlətimizin başçısının verdiyi  tapşırıqların icrası önəmli rol oynayıb.    
Xatırladaq ki, bu ilin altı ayında  mövcud iş yerlərinin formallaşdırılması və leqallaşdırılması, başqa sözlə, əmək müqavilələrinin sayının yüksəlməsi nəticəsində respublikanın əməkhaqqı fondunda 8 faizlik artım qeydə alınıb. Özəl sektorda isə bu göstərici 14 faizdən yuxarı olub.
Məşğulluqla bağlı tədbirlərin ikinci istiqaməti isə işsiz şəxslərlə bağlı görülən tədbirlərdir. Pandemiya dövründə işsizlər və xüsusi karantin rejimi zamanı gəlirini itirən qeyri-formal işləyən şəxslərlə bağlı bir sıra tədbirlər keçirilib. Dövlətimizin başçısının tapşırığı ilə onlara ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmə reallaşdırılıb. Bu tədbir aprel və may aylarında genişləndirilərək tam şəkildə və vaxtında 600 min şəxsi əhatə edib. Ardınca 16 şəhər və rayonda sərtləşdirilmiş karantin rejiminin tətbiqi nəzərə alınaraq,  həmin rayonlar üzrə qeydiyyatdan keçən işsizlər və qeyri-formal işləyən şəxslərə – 283 min nəfərə ödəniş aparılıb.    
Azərbaycanda işsiz şəxslər üçün digər bir sosial istiqamət isə haqqıödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsidir. İlin ilk yarısında belə iş yerlərinin sayı 90 minə çatdırılıb. 
Yeri gəlmişkən, ilin əvvəlində 38 min belə ictimai iş yaradılmışdı və əlavə olaraq da pandemiya dövründə işsizlər üçün 52 min ikiaylıq iş yerləri açıldı. İndiyədək  artıq 38 min davamlı iş yerlərinin 95 faizi tam şəkildə işçilərlə təmin edilib. Bu məsələdə monitorinq nəzarət tədbirləri də gücləndirilib. Qeyd edək ki, şəffaflığın təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.
İkinci bir istiqamət isə, işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər idi. Bu istiqamətdə bir sıra silsilə tədbirlər həyata keçirildi. 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Dövlət başçısının tapşırığına  uyğun olaraq, avqust ayı üzrə də 13 şəhər və rayon üzrə bu ödənişlər çox sürətlə həyata keçiriləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənib. Əhalinin rifahına sosial dəstək baxımından, əlbəttə ki, bu, çox önəmli bir rəqəmdir.


Özəl sektorda böhrana qarşı tədbirlər həyata keçirilir


Bununla bağlı müşavirədə bildirilib ki, cari il martın əvvəlində koronavirusun dünya enerji bazarlarında törətdiyi şoklar yeni iqtisadi mənzərəni şərtləndirib. Ona görə də dövlət başçısının müvafiq sərəncamı ilə ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli Tədbirlər Planının hazırlanmasına dair göstəriş verilib. Baş Nazir tərəfindən həmin plan aprelin 4-də təsdiqlənib. Sənəddə nəzərdə tutulan işlərin görülməsi nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub, büdcə gəlirləri yanvar-iyul dövründə tam icra edilib. Valyuta məzənnəsinin, qiymətlərin sabitliyi qorunub. Ölkənin valyuta ehtiyatları, hətta bir qədər  artıb. Əmək müqavilələrinin sayında artım müşahidə edilib. Sahibkarlıq subyektlərində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin əməli maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib. Dövlətin investisiyaları, habelə sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunub. Səhiyyə sektorunun həm infrastrukturunun, həm də tibb personalın maddi rifahına əlavə vəsait ayrılmaqla qarşıda duran bütün vəzifələr icra edilib. Dövlət borcu – nə xarici, nə daxili borc artmayıb.  
Bütün bunlarla bərabər, əməkhaqlarının əhəmiyyətli hissəsinin ödənilməsinə dəstək proqramı da uğurla gerçəkləşdirilib. Fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq olunması üzrə həm onlayn platforma fəaliyyət göstərib, həm də indiyədək bu yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb. 


Karantin rejiminin yumşaldılması şəraitində də ciddi nəzarət mexanizmi zəruridir 


Ölkə rəhbəri müşavirədə yekun nitqində pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət verməklə bərabər, bildirib ki, bu sahədə əldə edilən nəticələr arxayınlıq yaratmamalı,  əksinə, bu məsələdə çox ciddi nəzarət mexanizmindən istifadə olunmalıdır: “İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünki gərək hansısa qurum, yaxud da ki, qurumlar və ya qurumların bir neçəsi bu məsələyə nəzarət etsin. Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır. İndi bir çox obyektlərdə kameralar var. Bu kameralar gərək bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın...”.

Azərbaycan Prezidentinin müşavirədə səsləndirdiyi digər fikirləri də ölkəmizin iqtisadi inkişafı ilə bağlı mühüm önəm daşıyır:

– Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir…
– İsrafçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır…
– Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır.
– Bu il turizm sektoru tam tənəzzülə uğrayıb və əlbəttə, bizi məyus edir. Çünki çox böyük perspektivlər var idi. Ancaq indi yumşalma rejimi çərçivəsində daxili turizmin inkişafı, təşviq edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır. Hesab edirəm ki, kifayət qədər imkanlar var.
– Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Bəhs dövlət şirkətlərinin payı? Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.
– Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox...

Ölkə rəhbəri  müşavirədə səsləndirdiyi bu çatışmazlıqların aradan qaldırılması üçün artıq müvafiq qurumlar tərəfindən lazımi təkliflər paketinin hazırlandığını, həmçinin yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədləri  imzalayacağını da vurğulayıb.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

 

 

7 Avqust 2020 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə