Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub

Bir neçə gün əvvəl yağan güclü yağış zamanı yaranan sel suları nəticəsində Şamaxı rayonunun Quşçu kəndi ərazisində Antik dövrə aid nekropol aşkar olub. Sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb. Kənd sakini bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verib.

Dövlət Xidmətindən bildirilib ki, bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev və rayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində 9 qəbir üzə çıxıb. Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir.
Ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülü və biçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub. Tapıntılar arasında quş başlı insan fiqurları böyük maraq doğurur. Bu tip qrifonlar Qədim Misirdə müdriklik və elm ilahəsi Totun rəmzi hesab olunur.
Qəbir kamerasından aşkar edilmiş numizmatika materialları nekropolun bizim eranın I əsrinə aid olduğunu təsdiqləyir. Abidədə aparılacaq arxeoloji tədqiqat işləri bir çox mətləblərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi Antik və ilk Orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtı ilə burada Qalacıq yaşayış yeri, Antik və ilk Orta əsrlər dövrünə aid nekropollarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılıb.

 

“Xalq qəzeti”

7 2020 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə