Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət büdcəsində dəyişiklik edilməsi makroiqtisadi sabitliyin qorunmasına əlverişli zəmin yaradır

Hazırda dünyada pandemiyanın nə qədər davam edəcəyini və insanların həyat tərzinə nə kimi təsir göstərəcəyini müəyyənləşdirmək mümkün deyil. Buna görə də Azərbaycan hökuməti iqtisadiyyatda çevik maliyyə buferlərinin yaradılması ilə gözlənilən təhdidlərin qarşısının alınmasını zəruri sayır. Dövlət büdcəsinə edilən dəyişikliklər də məhz bu məsələnin diqqət mərkəzində saxlanılması ilə bağlıdır. Digər tərəfdən, həmin düzəlişlər zamanı ölkəmizdə artan xərclərin makroiqtisadi sabitliyə xələl gətirməməsi amili də nəzərə alınıb. Bütün bunlar, həm də dövlətimizin bu həssas dönəmdə bütün ehtiyatlardan səmərəli istifadə etmək istəyindən xəbər verir. 

Lakin onu da bildirək ki, hələlik büdcənin icrası ilə bağlı ciddi problem qeydə alınmayıb. Bunu statistik göstəricilər də təsdiqləyir. Belə ki, operativ məlumata əsasən 2020-ci ilin ilk altı ayında dövlət büdcəsinin mədaxili 11 milyard 684,5 milyon manat proqnoza qarşı 12 milyard 22,7 milyon manat və ya 2,9 faiz artıqlaması ilə icra olunub. 
Büdcənin xərcləri də artıb. İlk 6 ayda dövlət büdcəsinin xərcləri 11 milyard 625,7 milyon manat proqnoza qarşı 11 milyard 730,8 milyon manat və ya 0,9 faiz artıq icra edilib. Cari ilin ilk altı ayında dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan 58,8 milyon manat profisitdən 233,1 milyon manat çoxdur.
Azərbaycan hökuməti 2020-ci ilin dövlət büdcəsinin dəyişdirilməsinin səbəbləri və təfərrüatlarını açıqlayarkən, müəyyən proqnozları da diqqətə çatdırıb. Belə ki, İqtisadiyyat Nazirliyi may ayında cari ilin sonuna ümumi daxili məhsulun 3,8 faiz azalacağına dair verdiyi proqnozu iyulda yeniləyərək 5 faiz ətrafında qərarlaşacağını, “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiymətinin təsdiqlənən proqnoza nisbətən (55 ABŞ dolları) 20 ABŞ dolları azalaraq 35 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırıb. 
Xatırladaq ki, pandemiya səbəbindən dünyada neft kəskin ucuzlaşıb. “Azəri Layt” markalı xam neftin də dünya bazarlarında satış qiyməti iyun ayında orta hesabla 38 dollar təşkil edib. Bu, cari ilin əvvəlindəki qiymətdən 40,3 faiz, büdcədə nəzərdə tutulan qiymətdən isə 24 faiz azdır. Beləliklə, ilk altı ayın nəticəsinə görə gəlirlər üzrə artıq daxilolmalar da nəzərə alınmaqla ilin sonuna dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi üzrə daxilolmaların cəm olaraq 927,5 milyon manat azalması gözlənilir. Azalmanın 390 milyon manatı neft gəlirlərinin, 500,5 milyon manatı qeyri-neft gəlirlərinin, 37 milyon manat isə kəsirin maliyyələşdirilməsinin payına düşür. 
Digər tərəfdən, yeni vəziyyəti nəzərə almaqla dövlət büdcəsinin xərcləri üzrə əlavə 1 371,5 milyon manata tələbat yaranıb. 
Nəticədə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərinin tarazlaşdırlması üçün 2 299 milyon manat maliyyə təminatının yaradılmasına ehtiyac var. 
Hazırda pandemiya səbəbindən iqtisadiyyatın əksər sektorlarında geriləmələr müşahidə olunur. Buna görə də vəziyyətdən çıxmaq üçün yenidən baxılma ilə təsdiqlənən dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə büdcədən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilolmaları müvafiq olaraq 850 milyon manat artırılır. Bundan başqa, cari il dövlət büdcəsinin dürüstləşdirilmiş xərclərinin 27492,2 milyon manat təşkil edəcəyi, habelə daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.
Pandemiya səbəbindən yaranan bu cür vəziyyəti nəzərə alan hökumət səhiyyə sahəsinin artan ehtiyaclarını ödəmək, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyi göstərmək, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün dövlət büdcəsinin xərclərini artırmaq qərarına gəlib. 
Beləliklə, ekspertlər bildirirlər ki, dövlət büdcəsinə və büdcə sisteminə daxil edilən sənədlərdəki dəyişikliklər nəticəsində 774 milyon manata qənaət ediləcək, büdcənin kəsiri 645 milyon manat məbləğində əlavə genişləndiriləcək. 
Nəticədə dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunan göstəriciyə nisbətən 10,5 milyon manat azalaraq 24 milyard 124 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat artırılaraq 27 milyard 492,2 milyon manat, dövlət büdcəsinin kəsiri isə 608 milyon manat artırılaraq 3 milyard 368,2 milyon manat təşkil edəcək.
Yuxarıda qeyd edilənləri yekunlaşdırıb bir daha təkrar bildiririk ki, dövlət büdcəsində dəyişiklliklər aparılması sosial layihələrin icrasının, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyi göstərilməsinin dayandırılmaması məqsədi daşıyır. 
Xatırladaq ki, bu ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta bir sıra hallarda cədvəl üzrə nəzərdə tutulduğundan həyata keçirilib. Sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilib. Pensiyaların indeksasiyası ilə bağlı müvafiq qərara əsasən 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Bunun nəticəsində isə orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata, yəni, faktiki olaraq 300 manata yaxınlaşıb. Eyni zamanda, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər də vaxtından əvvəl ödənilib. Bu məqsədlər üçün ötən ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya 45 faiz artıq vəsait xərclənib. Habelə pensiya, müavinət, təqaüd ödənişlərinin elektronlaşdırılması xüsusi karantin rejimində əhalinin mobilliyinin azaldılması baxımından çox böyük önəm kəsb edib. Ümumiyyətlə, cari ilin altı ayı ərzində pensiya və təqaüdlərin 53 mini məhz tam elektron qaydada, məmur-vətəndaş təması olmadan gerçəkləşdirilib. Eyni zamanda, 324 min insana elektron qaydada arayışlar təqdim edilib. 
Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur.
Sosial ödənişlərin digər vacib bir istiqaməti isə məhz sosial təminatla bağlıdır və burada da dövlət başçısının tapşırığına uyğun olaraq ünvanlı sosial yardım proqramının ödənişinin, prosedur qaydalarının sadələşdirilməsi üzrə genişmiqyaslı iş aparılıb. Artıq hazırda 84 min ailənin 350 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirilir. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə edib və orta məbləğ burada 225 manata bərabər olub. İndi bütün bu prosesin tam elektron portal üzərindən həyata keçirilməsinə başlanılıb.
Bu ilin ilk yarısında sosial təminatın digər bir istiqaməti olan aztəminatlı ailələrə dəstək layihələri və şəhid ailələrinə, müharibə əlillərinə mənzil, habelə avtomobillərin verilməsi proqramı da uğurla yerinə yetirilib. Artıq indiyədək 300 mənzil və 100 avtomobil bu kateqoriyadan olan insanlara təqdim edilib. Karantin rejimi bitdikdən sonra isə daha 200 mənzil və 100 avtomobilin şəhid ailələrinə, müharibə əlillərinə təqdim olunacağı nəzərdə tutulub.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

 

7 2020 21:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Sentyabr 2020 | 12:29
"Xarqo" filmi çəkildi

Köhnə versiyamızdan xəbərləri izlə