Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ali Baş Komandanın cəsur sərkərdəsi

İşğal altında olan qədim yurd yerlərimiz, dədə-baba torpaqlarımız olan İrəvan istiqamətində – Qarabağ cəbhəsində 1992-ci ildən bu yana Vətənimizin bütövlüyü uğrunda döyüşənlərlə, qəhrəman oğullarla çox görüşlərim olub. İndi Azərbaycanın Milli Qəhrəmanı adı ilə yaddaşlara köçənlərin çoxunu cəbhədə, döyüş meydanında görmək nəsib olub mənə. Bu görüşlərin hamısı yaddaşımda zaman-zaman canlanır. Təkləndiyimiz, başsız qaldığımız çətin günlər də, millətimizin xilaskarı ümummilli lider Heydər Əliyevin Ali Baş Komandan kimi döyüşlərin gedişatını dəyişdiyi anların qələbə sevincli xatirələri də, o döyüşlərdə silahlanıb düşmən üstünə yeriyən, tankının üstünə “Vətən uğrunda!”, “Heydər Əliyev uğrunda!” yazıb hücuma keçən cəsur oğulların şücaəti də, qəhrəmanlığı da bir kino lenti kimi anbaan gözümün önündən keçir... 


Polad Həşimovu da ilk dəfə cəbhədə gördüm... Cəbhənin ən çətin relyefi və sərt iqlimi ilə seçilən istiqamətində. Murovdağ silsiləsində qurulan səngərlərə, onun rəhbərlik etdiyi hərbi hissəyə çəkilişlə bağlı getmişdik. Hərbi hissəyə çatanda növbətçi zabit dedi ki, komandir dağlardadır. Dedim, “Səngərdə?” Cavab verdi: “Yox, səngərlərə yol çəkilir, ordadır”.
Həmin istiqamətə yollandıq. Poladı elə orada, ilk dəfə cəbhənin ən çətin müdafiə mövqelərinə doğru dağların döşündən, sal qayalıqlardan yol çəkən buldozerçinin yanında gördüm. Təəccübümü görəndə məni çöhrəsindəki o məlum təbəssümü ilə salamlayıb dedi: “Vallah, bu işdən başım çıxmır, sadəcə buldozerçi qardaş dağlardan qorxur deyə, yanında oturmuşam ki, çəkinməsin, nəsə olsa, ikimizə də olsun...”
Hələ mayor idi onda Polad Həşimov... Elə dostlaşdıq ki, elə bil, illərin tanışıyıq. Nə demək istəyirdimsə, məndən əvvəl danışırdı o mövzuda... O qədər səmimi idi ki... Arada onu öyməyə söz tapmayıb, zarafatyana dedim: “Sən general ürəkli mayorsan!” Çox xoşu gəldi bu zarafatdan. (Kimin xoşu gəlməz ki... “O əsgər əsgər deyil ki, general olmaq istəməsin”–belə bir məşhur deyim də var. Sonda bu zarafat gerçək oldu...) 
Səngərləri gəzdik onunla, amma nə billah etdimsə, müsahibə vermədi. Dedi: “Baxın, görün əsgərlərim mənim sözümü məndən də tutarlı necə deyəcəklər!” Hansı əsgərə yaxınlaşdımsa, rahat, səliqəli geyimdə, şux duruşda, gözlərində işıq, qəribə bir sevinc parıltısı, elə bil heç dağ qartallarından və qənşərdəki azğın, işğalçı düşməndən başqa bir ins-cins olmayan sal qayalarda, kimsəsiz dağlarda, Murovdağda xidmətdə deyildilər... O qədər səmimi söhbətlərimiz oldu ki, onun əsgərləri ilə... Əsgərlər danışdıqca, doğrudan da, elə bil, bir qədər əvvəl isnişib dostlaşdığım vətənpərvər, döyüş, qələbə ruhlu mayor Polad Həşimovu dinləyirdim. O vaxtlar üçün 20 ildən çox hərbi jurnalist həyatımda, illərlə qarış-qarış gəzdiyim səngərlərdə ilk dəfə idi ki, əsgərlərin nə komandirindən, nə də qarşısındakı hərbi geyimdəki müxbir mayordan çəkinmədən, rahat danışdığını və bəzən də Vətən sevgisini heç kimin izhar eləmədiyi tərzdə, daha təsirli, ifadəli şəkildə dilə gətirdiyini görürdüm...
 Sonra əsgərlərlə qaynayıb-qarışıb Poladdan xəbərsiz bir az da zarafatyana soruşdum: “Siz bu komandirinizi çəkindiyinizdən, qorxudan sevirsiniz belə, yoxsa,.. Bir əsgər sözümü kəsib dedi: “Cənab mayor, komandir bizə qardaşdan da əzizdir. O, bizim bütün qayğılarımızı, problemlərimizi bizdən yaxşı bilir.” Gülümsəyərək soruşdum: “Əsgər, o necə olur?” 
 Əsgər dedi: “Mən xidmətə ailə qurub gəlmişdim. Ucqar dağlarda xidmətdə olduğumdan, ailəmdən xeyli vaxt idi xəbərim yoxdu. Bir gün komandir məni yanına çağırıb dedi ki, əsgər, səni ezamiyyətə göndərirəm. Mən də təəccübləndim ki, hələ mənim ezamiyyət vaxtım çatmayıb axı. Komandirin, “Dedim: get hazırlaş!” sözündən sonra əsgər yoldaşlarımın köməyi ilə sevincək yol tədarükü görüb hesabat vermək üçün komandirin yanına gəldim. Cənab mayor soruşdu: 
– Hazırsan?
– “Bəli, komandir.” 
– “Yol pulunu əsgər yoldaşlarının köməyi ilə toplamısan?” –deyə soruşdu. 
Məcbur qalıb boynuma aldım. Cənab mayorsa mənim evimizə onun ayırdığı maşınla gedəcəyimi bildirərək bir bağlı zərf də verdi və dedi: 
– Bu sənindir. Amma mütləq evə çatandan sonra açarsan. Əsgər yoldaşlarından aldığın pulu da özlərinə qaytar. 
Mən komandirin dediyi kimi də etdim... Evimizə çatanda məni yeni doğulan körpə oğlumla qarşıladılar. O qədər sevindim ki, az qala Polad komandirimin verdiyi zərfi unutmuşdum. Tez zərfi açdım. Orda 300 manat pul və bir parça kağızda belə bir yazı vardı: “Əsgər, səni təbrik edirəm, ata oldun! Daha bir düşmən çəpəri olan oğul doğuldu. Göz dolusu gör, ailənə xeyir-duanı ver, sağ-salamat geri dön”.
 Əsgərimizin bu danışdıqları həmin anda Poladı mənim gözümdə, doğrudan da, zarafatyana dediyim general rütbəsinə, sərkərdə məqamına yüksəltmişdi. Ardıcıl zəngləşirdik. Olduğu mövqelərdə baş verən erməni təxribatları, atəşkəs pozuntuları zamanı, ən çətin vaxtlarda etdiyim zənglərə həmişə lazım bildiyi cavabı alırdım: ­“Qardaş, hər şey əladır! Heç narahat olma! O gördüyün dağlardan çəkdiyim yolu Kəlbəcərdən Şuşaya, Xankəndə çatdıracağam, inşaallah!” 
 Zaman ötdü. Əlaqələrimizdə, qayğılardan, iş-gücdən dolayı bir az fasilə yarandı. Bir gün eşitdiyim məlumat – Ali Baş Komandanın, Respublika Prezidenti İlham Əliyevin Polad Həşimova general-mayor rütbəsi verməsi haqda sərəncam mənə gözlədiyimiz qələbə xəbəri qədər sevindirici və xoş oldu. Oxuya-oxuya özümdən ixtiyarsız , “Yaşa Ali Baş Komandanım!” – dedim. 
Tez zəng vurub Poladı təbrik etdim. Zarafatlaşdıq. Ona vaxtı ilə dediyim “general ürəkli mayor” zarafatımı xatırlatdım. “Siz jurnalistlər həm də öncəgörənsiz!”– deyə o da zarafatyana cavab verdi. Sonra da əlavə etdi, “Ali Baş Komandanın 4-cü hakimiyyət nümayəndələrisiniz də...” 
...Biz yenə dördüncüyük, amma sən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə birinci oldun, cənab general! Və bu gün mən səni o dördüncü pillədən sözünə qürur və iftixarla yanaşı, bir az da səni itirdiyimizə görə peşmançılıq qarışan bir dost, jurnalist olaraq fəxrlə Birincimizlə - Ali Baş Komandanımızla birgə xatırlayıram. Daha doğrusu, Ali Baş Komandanımız, Prezidentimiz hər addımında səni xatırladır və nümunə, örnək gətirir. 
“O dağlardan çəkdiyim yolu Kəlbəcərdən Xankəndinə çatdıracağam, inşaallah!”– deyirdi Polad Həşimov. O, general-mayor Polad Həşimov olaraq Azərbaycanın ərazi bütövlüyünə aparan həmin yolun xəritəsini öz ölümü ilə çəkdi heyif ki. Vaxtı ilə zarafatyana “mayor ürəkli general” deyə zənn etdiyim rütbəyə də, ondan böyük zirvəyə – Şəhidlik zirvəsinə də gözləmədiyimiz anda çatdı Polad Həşimov. Biz onun döyüşçüləri ilə hakim olduğu adsız yüksəkliklərdən qələbəyə çatmadan o adı ilə elə yüksək bir zirvəyə çatdı ki, bütün Azərbaycan və Ali Baş Komandanımız dayaq bildi özünə. Respublika Prezidenti onun hərbi geyimdə, ali rütbəli hərbi mundirdə olsa belə, dünyaya işıq saçan, sülh, əmin-amanlıq mesajı kimi görünən səmimi təbəssümü fotosunun önündə azğın, işğalçı Ermənistana kəskin mesajını səsləndirdi. “Siz bizimlə təkbətək döyüşün!” – dedi Ali Baş Komandan... Bu bir komandanın öz nümunəvi sərkərdəsini rəmzi olaraq arxa, dayaq seçib işğalçı düşmənə səsləndiyi ən nümunəvi məqam, ən tutarlı mesaj idi. Bu, həm də düşmən qüvvələr üçün o demək idi ki, namərdlik, ikiüzlülük eləməyin, arxadan vurmayın! 
 Fəqət, arxadan vuruldu general-mayor Polad Həşimov. Arxadan vurulduq bütün Azərbaycan olaraq gənc generalımız vurulan gün! O, Polad iradəli, cəsarətli, dəyanətli müharibə adamı olsa da təmiz qəlbi, insansevərliyi ilə Vətənimizin bütövlüyü uğrunda müharibədə hamımızı üstələdi. Hamımız arxa cəbhədə var gücümüzlə çalışdıq, əsgər və zabitlərimiz ön cəbhədə döyüşdü. O isə hamımızdan önə keçib “Şəhid general” adını yazdı qəlblərə, müstəqil Azərbaycanın hərb tarixinə. Adıyla müstəqil Azərbaycanın tarixində əbədiyyətə, əbədiyaşar xatirəsi ilə qəlblərə köçdü. Amma bütün dünya – dost da, düşmən də yaxşı bilir ki, bu qisas yerdə qalmayacaq. Bizi arxadan vuran arxalı düşmən bir gün tək qalacaq döyüş meydanında. Bunu Poladın adıyla bütöv Azərbaycan naminə belə də yazmaq olar. Polad sınar əyilməz, deyiblər. Kiçik məğlubiyyətlər hələ müharibənin sonu demək deyil. General-mayor Polad Həşimovun yüzlərlə davamçısı bu gün də o səngərlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə hazır dayanıb. “Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaratmağa imkan vermərik!”– deyən Ali Baş Komandanımızın əmrini gözləyən yüzlərlə POLAD iradəli, MÜBARİZ ruhlu oğullarımız var!
P.S. Canım, qardaşım Polad, cənab general-mayor Polad Həşimov, sən adına layiq yaşadın, xidmət etdin, polad kimi heç zaman əyilmədin, sınmadın, yoluna davam etdin. Sən Ali Baş Komandana layiq general olduğunu ölümünlə təsdiqlədin. Sən bir sərkərdə nümunəsisən bu gün! Amma sonda nədən erməni səni hədəfə aldı?.. Bu sualın da cavabının bir hissəsini mən verə bilərəm:
 Bu, təsadüf deyil. Bu, hədsiz Vətən sevgisindən doğan zərurətdir. Sən öndə olmalı idin və oldun da. Sən başqa cür düşünə bilməzdin, çünki Vətənimiz Azərbaycanı canından da, övladından da çox sevirdin. Bir görüşümüzdə demişdin ki, övladımı Vətənimdən çox sevsəm, layiq olduğu yerə çata bilməz. Vətənsiz insan olmaz! O, ilk növbədə, Vətənimizi sevməlidir!
 Rahat yat, qardaşım! Sən özünün də, mən qarışıq, bütün qardaşılarının da övladlarına örnək, nümunə oldun, bütün Azərbaycan övladlarına “Əbədi döyüş!” əmri verdin. Bu əmri isə Ali Baş Komandanımız sənin bir fotonun fonunda dayanaraq, səni əbədiyaşar sərkərdə kimi arxa, dayaq olaraq seçərək məkrli, işğalçı düşmənə sənin əksinin önündən səslənməklə təsdiqlədi. Polad Həşimov adlı şəhid general Ali Baş Komandanın ən layiqli sərkərdəsi, bütün Azərbaycana, onun Silahlı Qüvvələrinə örnək, qəhrəmanlıq nümunəsi oldu!

 

Rahib QƏRİB, “Xalq qəzeti”

 

7 2020 21:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə