Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən torpağı uğrunda döyüşən hər kəs əzizdir

Bir tovuzlu kimi iyulun 12-dən etibarən bütün diqqətim sərhəddə erməninin törətdiyi təxribatla bağlı yaşanan hadisələrə yönəlmişdi. Sərhəddə baş verən erməni hücumu nəticəsində mülki şəxslərin, əsgərlərin, yüksək rütbəli zabitlərin, hətta general Polad Həşimovun şəhid olması  düşmənin necə azğınlaşmasından xəbər verirdi. Emənistan –Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni tərəfin törətdiyi təxribatla bağlı hər gün gərginlik içində idik.

Öncə onu deyim ki, rayon sakinləri bu təxribatlara alışıb. Otuz ildən çoxdur ki, Tovuz fasilələrlə atəşə tutulur. Qarabağ müharibəsinin qızğın vaxtında ermənilərin rayonumuzda atəş açmadığı yer qalmamışdı. Sakinlər gecə-gündüz “yenə qrad atırlar, top atırlar, sığınacaqlara!” deyilən həyəcanlı xəbərlərlə yaşamağa adət etmişdilər.  Rayon hədəfə alınanda uşaqları, yaşlıları Kür çayının sahilinə, atəşin çatmadığı yerlərə aparır, ara sakitləşəndən sonra qaytarırdılar...

Ötən ay sərhəddə təxribat olan andan Tovuzun deputatı Qənirə Paşayeva az qala orada bir qərargah quraraq, hadisə yerindən xəbərləri mediaya ötürürdü. Qolundan xəsarət alsa da, şəhidlərin dəfnində iştirak edir, igidlərimizin valideynlərinə təsəlli verirdi. Onu belə anda tək qoymayan dostları da Qənirə xanımla birlikdə kənd-kənd gəzir, erməninin törətdiyi vəhşilikləri müşahidə edirdilər.

...İndi ara sakitləşib. Erməni layiqli cavabını alaraq susdurulub. Amma Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva həmkar və dostları ilə, Tovuz, Masallı, Biləsuvar, İsmayıllı, Qəbələ və digər rayonlarımızda iyul şəhidlərimizin ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanırlar.

Bu günlərdə deputatlar Qənirə Paşayeva və Məşhur Məmmədov, “Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası”nın rəhbəri Səkinə Babayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi”nin (RHİM İB) sədri Arzu Bağırova iyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın törətdiyi təxribatlar zamanı yaralanan hərbiçilərimiz Mahəddin Zeynalov, Rauf Musayev və Kənan Mənsurovun ailə üzvləri ilə görüşüb.

Görüş zamanı xalqımızın Vətənin qəhrəman oğulları ilə fəxr etdiyi deyilib. Bir neçə gün öncə hərbçilərimizin müalicə aldığı hospitalı ziyarət edərək onların vəziyyəti ilə maraqlandığını deyən Qənirə Paşayeva bundan sonra da onların müalicələrinin yüksək səviyyədə davam edəcəyinə inandığını bildirib.

Deputatlar və QHT sədrləri həmçinin hərbiçilərimizin ailə üzvlərinin qayğıları ilə də maraqlanıblar. Ailələrin problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edən deputatlar “bundan sonra da daima yanınızdayıq”-- deyiblər və hərbiçilərimizin tez bir zamanda sağalaraq ailələrinin yanına dönmələrini arzu ediblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 2020 17:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə