Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya dövründə sosial layihələr dayandırılmayıb, icra olunub

Koronavirus ÜST tərəfindən pandemiya elan edildikdən bəri Azərbaycan dövlətinin istər qlobal həmrəyliklə, istərsə də, əhalinin sosial rifah ilə bağlı həyata keçirdiyi ardıcıl tədbirlər, görülən işlər, özlüyündə bir örnək təşkil edir. Biz bu yazıda ölkənin sosial-iqtisadi sferası, pandemiyadan irəli gələn sosial-iqtisadi problemlərin əhaliyə, o cümlədən işgüzar aləmə təsirinin minimum endirilməsi, bu planda, dövlət dəstəyinə dair məsələlərə diqqət çəkmək istərdik. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Sərəncamının icrası ilə bağlı “Tədbirlər Planı”nda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 əsas istiqamət üzrə 12 tədbir öz əksini tapıb.

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. Rəsmi bilgilərə görə, “Tədbirlər Planı” üzrə ayrılan vəsaitin ümumi həcmi, təqribən 3,5 milyard manat təşkil edir. Bu tədbirlər sayəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqı gəlirləri qorundu. Dövlət dəstəyini rəqəmlərlə ifadə edib, sıralayası olsaq belə bir mənzərə ortalığa çıxar: - Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz vətəndaşı əhatə edən (aylıq 190 manat) birdəfəlik ödəmə proqramı icra olunu. İşini itirən şəxslərin dəstəklənməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması qərarına uyğun olaraq, artıq 65 min insan “Əmək müqaviləsi” ilə ictimai işlərə cəlb edilib. 20 minədək vətəndaşın işsizlikdən sığorta ödənişi əhatə olunması işləri aparılmaqdadır. Bundan başqa, məşğulluq imkanlarının genişləndirilməsi, insanların yoxsulluqdan qorunması üçün özünüməşğulluq proqramı qapsamında 50 min nəfəri əhatə edən – minimum 12 min ailə ilə kiçik təsərrüfatların qurulması işləri aparılmaqdadır. Dövlətin sosial siyasətinin tərkib hissəsi olaraq 85 min ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Pandemiyaya görə elan olunmuş karantin müddətində 100 minədək aztəminatlı ailə ərzaq yardımı ilə təmin edilib. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində “Əmək müqaviləsi” sayında artım baş verib. Belə ki, 2020-ci ilin yanvarın ilk günündən özəl sektorda “Əmək müqavilələrin”in sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. “Əmək müqavilələri”nin sayının artımı ilə əməkhaqqı fondunda 8,24 faiz artım müşahidə edilib. Şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də, ictimai işçilərin hər birinin siyahısı e-portal vasitəsi ilə ictimaiyyətə açıqlanıb.

Ölkə üzrə ümumilikdə 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün  2 milyard 250 milyon manat, 743 min nəfərə sosial müavinət və təqaüd üçün  475 milyon manat, 85 minə yaxın ailənin 350 mindən çox üzvü üçün 105 milyon manat ünvanlı sosial yardım ödənilib. Əhali üçün nəzərdə tutulan digər dəstək tədbirləri də var. Biz misal çəkdiyimiz, xatırlatdığımız faktları da yalnız ona görə sadalayırıq ki ümumi mənzərə daha aydın görünsün. Çünki həyata keçirilən sosial-iqtisadi siyasət milyonlarla dövlət vəsaiti tələb edir. Və bu vəsaitlərin qazanılması zamanında düzgün dövlət idarəçilyi, düzgün iqtisadi siyasət sayəsində mümkün olub. Necə deyərlər, vaxtında yığılmış vəsait olmasaydı, bugün xərcləri qarşılamaq yaxud dövlət dəstək zərflərini qəbul etmək ya mümkün olmazdı ya da çox çətin olardı. Belə olan halda, bir çox yaxın-uzaq dövlətlər kimi biz də beynəlxalq donorlardan kredit almaq məcburiyyətində qala bilərdik. Habelə, söhbət yalnız pandemiyanın ilk aylarında xərclənən vəsaitlərdən getmir, dövlət büdcəmiz, dövlətin malik olduğu maliyyə resursları, yığımlar əsas verir ki qarşı aylar ərzində də əhalinin sağlamlığını prioritet tutub, karantin rejiminin uzanacağı təqdirdə də, əhalinin sosial müdafiəsini təşkil etmək mümkün olsun. Bu yerdə mən istərdim son 1 ayda sosial-iqtisadi planda cənab Prezidentin şəxsən iştirakı ilə baş tutmuş açılış törənlərinin, mühüm yeniliklərin, dövlət tədbirlərinin və cənab Prezidentin uyğun sahə ilə bağlı sərəncamlarından bir neçəsini xatırladım:

Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (06 avqust 2020);  Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (05 avqust 2020); -“Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (04 avqust); Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul)və s. bu kimi sərəncamlar, eyni zamanda, Prezident koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib (06 avqust 2020);  Ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib (30 iyul);  Əmirvan--Vəndam avtomobil yolunun açılışı olub (29 iyul); Prezident Qobustan, İsmayıllı, Qəbələ və Şəkidə modul tipli xəstəxanalarda yaradılan şəraitlə tanış olub (29 iyul); ... və s. Dövlət əhəmiyyətli  tədbirlərdə iştirakı Prezidentin bir aylıq fəaliyyətidir, amma bir çox ölkənin 1 illik gündəmini təşkil edir, bizdə isə cəmi 1 ay içində irimiqyaslı tədbirlər həyata keçirilib, sənədlər imzalanıb, işlər görlüb.

Göründütü kimi, Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi yönündə atılan addımlar, ölkənin inkişaf reysindən çıxmaması, bütün digər həyati vacib dövlət işləri ilə yanaşı əhalinin sosial rifahının yaxşılaşdırılması, gələcəkdə daha da yaxşı olması işinə xidmət edir. Azərbaycanın hər bir vətəndaşının problemlərinin mümkün olan ən qısa zamanda və ən yaxşı şəkildə həlli Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində durur. Bu da, ölkədə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlığın təmin edilməsi ilə şərtlənir. Cənab Prezidentin imzaladığı sosialyönümlü sərəncamların insanların həyatına, rifah halının yüksəldilməsinə təsirini özəlliklə pandemiya dönəmində mahiyyəti üzrə görmək mümkün oldu. Yəni, pandemiyadan öncəki dönəm bir başqaydı – o dövrün öz rahatlığı, üstünlükləri vardı və pandemiya, necə deyərlər, xəbərsiz gəldi – belə bir ortamda heç də hər dövlət inkişafdan geri qalmamağı bacarmadı. Qlobal pandemiya təhdidləri hələ davam edir və belə olan halda, bayaq da vurğuladığımız kimi, dövlətin malik olduğu resurslar və o resurslardan səmərəli, məqsədyönlü istifadə etmək sahəsində artıq bir Azərbaycan modeli yaranmaqdadır. Bu modelin müəllifi cənab Prezidentdir.

Cənab İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir və bu işlər arasıkəsilmədən davam və inkişaf edir. Son Prezident seçkilərindən sonra imzaladığı ilk fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olan İlham Əliyevin, ölkənin sosial həyatında inqilabi addımları da ən yaxın illərin payına düşür.  Minimum pensiya məbləği, minimum əməkhaqqı önəmli ölçüdə artırıldı; 2019-cu il 25 fevral tarixli Prezident sərəncamı ilə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər böyük ölçüdə artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu; məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı. Həmçinin 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu.

Bir sözlə, Prezident İlham Əliyevin hər bir vətəndaşın yanında olduğunu təsdiqləyən çoxsaylı tədbir, sənəd, tapşırıq və digər zəruri addımlar pandemiya dönəmini daha az itkilərlə, xüsusi gərginliklərdən sığortalanaraq keçirməyimizi təmin etmişdir. Son illər sosial sahədə atılan mütərəqqi addımlar Prezidentin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət prinsiplərinin dayandığını bir daha təsdiq edir.

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

7 2020 16:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə