Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19-a görə həyəcan təbili

Rusiyanın Birinci TV kanalında “Время покажет” ictimai-siyasi proqramında, “Rossiya TV” kanalının “60 минут” verilişində, həmçinin Türkiyənin NTV və digər kanallarında gedən verilişlərdə COVID-19 pandemiyası başlayan gündən bu yeni virus haqqında dünyanın aparıcı virusoloqlarının, həkimlərinin, politoloq­larının və s. iştirakı ilə ardıcıl müzakirələr aparılmaqdadır. Üstəgəl, Ümümdünya Səhiyyə Təşkilatının fikirləri. Azərbaycan infeksionistləri də öz fikirlərini bildirirlər. Bu müzakirələrdən sonra bəzi fikir və mülahizələrimizi bölüşmək istərdim.

1. COVID–19 virusu elm üçün yenidir, onun xassələri, davranışı öyrənilir və sələflərindən kəskin fərqlənir.

2. COVID–19 virusunun dərmanı və vaksini hələ ki tapıl­mayıb.

3. COVID–19 virusu sürətlə yayılma qabiliyyətinə malikdir.

4. COVID–19 virusunu yayanlar xəstə insanlardır, onların sayı isə dünyada sürətlə artmaqdadır.

5. COVID–19 virusundan qo­runmağın bu gün yeganə yolu karantin qaydalarına düzgün əməl etməkdir.

6. Karantin qaydalarına tibbi maska taxmaq, 2 metrdən az olmayan məsafə saxlamaq, şəxsi gigiyenanı gözləmək və yoluxduqda özünü dərhal izolə etmək daxildir.

7. COVID–19 virusunun vak­sini ən tezi bu ilin və ya gələn ilin sonuna hazırlana bilər.

8. COVID–19 virusu nəzarətdən çıxarsa çox sürətlə yayılıb, dünyanı çənginə ala və dünya tibb sistemini çökdürə bilər.

9. Təkcə tibbi maska taxmaq insanı yoluxmaqdan tam qoru­mur, həm də məsafə saxlamaq vacibdir.

Bu aksiomlar fenomeno­loji (emprik) xarakter daşıyır, yəni virusun mikroxassələrini nəzərə almır və praktikada onun makroxassələrini öyrənən zaman əldə edilən faktların ümumiləşməsi kimi ortaya çıxır, lakin müəyyən proqnozlar söyləməyə imkan verir. Viru­sun mikroxassələrini öyrənmək dünyanın aparıcı elmi-tədqiqat laboratoriyalarında vaksinlər ha­zırlamaq üzərində çalışan viruso­loqların vəzifəsidir. Makroskopik, yəni coxzərrəcikli sistemlərin tabe olduğu qanunauyğunluqları öyrənməyin bu iki üsulu (termo­dinamik üsul və statistik üsul) fizikaya aiddir.

Artıq 6 aydan çoxdur ki, bəşəriyyət çox qorxulu və təhlükəli bir pandemiya şəraitində yaşamağa məcbur qalmışdır. Bu təhlükə, ilk öncə, onunla bağlıdır ki, pandemiyanı doğuran, yara­dan COVID–19 tamamilə yenidir, bizə yaddır. Bəzi mütəxəssislərin dediyi “koronavirus həmişə möv­cud olub” fikri ilə razılaşmıram. Əslində, məlum olanlar başqala­rıdır. İndiki virus yenidir və başqa viruslardan çox fərqlidir. Yəni bu virus əvvəl elmə məlum olma­mışdır, onu indi “görürük”. Onun xassələrini, davranışlarını, haq­qında məlumatları mütəxəssislər onunla mübarizə apara-apara öyrənirlər. Bu isə heç də az olma­yan vaxt tələb edir, dünya əhalisi isə sürətlə virusa yoluxmaqda davam edir.

Pandemiya təhlükəsinin ikinci səbəbi virusun çox sürətlə, “ildırım” sürətilə yayılmasın­dadır. Bilirik ki, Yer kürəsində informasiya mübadiləsi təbiətdə mövcud olan maksimal sürətlə – işıq sürətilə baş verir. İnsan­lar arasında əlaqələr də çox sıxdır, insanların Yer kürəsində yerdəyişmələri, gəzib dolaş­maları həm çox intensiv, həm də böyük sürətlə baş verir. Yer kürəsi belə sürətlər üçün artıq çox kiçikdir. Yadınıza salın, virus, Çində aşkarlandığı andan çox keçməmiş, bütün dünyaya necə də böyük sürətlə yayıldı. Bu, in ­sanların işidir. Axı virusun ayaq­ları yoxdur, o gəzə bilmir, özü yayıla bilmir, onu insanlar yayır­lar. İnsanlar gəzib-dolaşdıqca yayırlar və minlərlə kilometr məsafələrə daşıyırlar, özü də nə qədər çox gəzirlərsə, bir o qədər çox yayırlar. Başqa cür desək, insanlar belə təhlükəli virus üçün pulsuz “nəqliyyat” rolunu oyna­yırlar. Həm də özləri bilmədən, heç cür hiss etmədən. Sonda isə iki həftə keçər-keçməz, elə həmin viruslar tərəfindən də, ağır cəzalandırılırlar.

Müqayisə üçün qeyd edək ki, əvvəlki əsrlərdə, insanlar, ölkələr arasında əlaqələrin olmadığı və ya zəif olduğu dövrlərdə baş verən epidemiyalar bir və ya bir neçə qonşu ölkə sərhədlərindən kənara çıxmamış və dünya üçün bu qədər böyük təhlükəli olmamış, pandemiya xarakteri almamışdır.

Pandemiya təhlükəsinin üçüncü səbəbi ondadır ki, belə çox təhlükəli virusun sayı sanki sonsuzdur, nə qədər istəyirsən virus var, virus sanki özbaşına ara vermədən, dayanmadan bir ucdan törəyib artır. Əslində isə praktiki olaraq sonsuz sayda virus var, çünki virus maddədən əmələ gəlir və virusun kütləsi o qədər kiçikdir ki, 1 qram maddədən praktik olaraq sonsuz sayda virus yarana bilər. Görün ətrafımızda virusa pay verəcək nə qədər cox maddə var. Ona görə bu qədər virusu dünyada qırıb qurtarmaq olmur. Maddəni virusa “çevirən”, maddədən “virus istehsal edən” fabrik-zavodlar, məhz, insanların özləridir. İş ondadır ki, viruslar, nəinki sərbəst, özbaşına, insan köməyi olmadan gəzə bilmirlər, həm də sərbəst şəkildə, özbaşı­na, insan bədəni olmadan yaşaya və artıb çoxala bilmirlər. İnsan bədəni bu qəddar, çox təhlükəli virus üçün olduqca əla və təbii inkubator rolunu oynayır. Viruslar canlıların bədənindən, hər halda insan bədənindən kənarda heç cür mövcud ola bilməz, onu yaşa­dan, çoxaldan insan bədənidir.

İnsanlar isə bilirik ki, ətrafımızda daim gəzib-dolaşırlar, dolaşdıqca da, əgər onlarda virus varsa, virusları “istehsal edirlər” və ətrafa püskürürlər. Hazırda in­sanların virus püskürməsinin, viru­su yaymasının qarşısını almağın yeganə yolu hər bir kəsin dünya virusoloqlarının təklif etdiyi sadə qızıl qaydalara əməl etməkdir: maska taxmaq, məsafə saxlamaq və şəxsi gigiyenanı qorumaq. Hələ ki, bu sadə qaydalara əməl etməkdən başqa yolumuz, özgə çarəmiz yoxdur. Bu qaydaları sadəcə “karantin qaydaları” adlan­dıraq. Təəssüf ki, aramızda (tək bizim ölkədə yox, dünyada da var) bu qaydalara əməl etməyən, nümayişkəranə surətdə əməl etməyəcəyini elan edən, hətta, bunu özü üçün qəhrəmanlıq sayan insanlar var və az sayda da deyillər. Bu cür süni, yalançı qəhrəmanlar gəzib dolaşdıqca hər an virusları yaymaqla, ətrafımızı, ətrafımızdakı insanları, obyektləri viruslarla çirkləndirməklə məşğuldurlar.

Onlara qızıl qaydalara nə üçün əməl etmədiklərini irad tut­duqda isə çox vaxt qəzəblənirlər, hətta, bəzən sənə istehza da edirlər, bəzən də “virus-zad yoxdur”, “virusa inanmıram”, “adi qripdir də”, “mən tutulmaram, mənim immunitetim güclüdür” və s. kimi sadəlövh cavablar verirlər. Belə insanlar, qızıl qaydalara – maska taxmaq, məsafə saxlamaq və gigiyenaya əməl etmək kimi sadə qaydalara riayət etməyənlər, çox yumşaq desək, məsuliyyətsiz insanlardır. Mən öz təcrübəmdən bilirəm ki, bu cür insanların ara­sında müxtəlif peşə sahiblərinə – müəllimələrə, fəlsəfə doktor­larına, fəhlələrə və s., qəribə də olsa, hətta, həkimlərə də rast gəlinir. Beləliklə, birinci addım kimi, pandemiyaya münasibətdə insanlar avtomatik olaraq iki qrupa ayırılırlar: məsuliyyətli insanlar və məsuliyyətsiz insan­lar! Pandemiyanın artıq 6 aydan çox davam etməsinə, bu müddət ərzində bütün yerli və dünya TV kanallarının pandemiya haq­qında gecə-gündüz verilişlər və reportajlar aparmasına, tanıdıq­ları insanlardan da artıq virusa yoluxanlar olduğunu bildiklərinə baxmayaraq, yenə də virusun varlığına inanmayanları, karan­tin davranış qaydalarına əməl etməyənləri anlamaq heç cür mümkün deyildir. Müqayisə yolu ilə bunu anlamağa çalışaq. Elə insanlar var ki, onlar, məsələn, riyaziyyatı nə qədər çalışsalar da, anlamağa qadir deyillər. Yəqin vi­rusa inanmamaq, qaydalara əməl etməmək də eynilə bu cür baş verir, yəni məsuliyyətsiz insanlar virusun varlığını, çox təhlükəli olduğunu, karantin qaydalarına əməl etməyin vacibliyini anlamaq­da çətinlik çəkirlər.

Burada dialektik fəlsəfənin böyük alman filosofu Hegelin müəyyən etdiyi üç qanundan biri yadıma düşdü: “Əksliklərin vəhdəti və mübarizəsi qanunu”. Sadə dildə desək, bu qanuna görə təbiətdə (bəşəriyyət təbiətin bir hissəsi olduğuna görə, həm də bəşəriyyətdə) daim bir-birinə zidd olan əksliklər mövcuddur: məsələn, müsbət–mənfi, xe­yir–şər, yaxşı–yaman və s. Bu əksikliklər daim bir-birilə mübarizə aparır, biri o birini “boğmağa” çalışır. Lakin biri olmadan o, biri də ola bilmir. Cəmiyyətdə və bəşəriyyətdə bir-birinə əks düşüncəli insanlar həmişə olub və olmaqdadır. Onlar, məhz birlikdə mövcud olmaqla bəşəriyyəti əmələ gətirirlər. Lakin sağ qalmaq, yaşa­maq instinkti gec-tez məsuliyyətsiz insanları da məsuliyyətli olmağa vadar edəcəkdir və ona görə də təhlükəli virus hadisələrini dərk etdikcə onların sayı azalacaq və sıfıra çevriləcəkdir. Onu da qeyd edək ki, bu proses özbaşına yox, dövlətin gördüyü tədbirlərin, atdığı addımların, elan etdiyi karantinlərin və məsuliyyətli insanların məsuliyyətsizlərə qarşı gərgin mübarizəsi, sayəsində baş verir.

COVID –19 pandemiyası təhlükəsinin dördüncü səbəbini izah etməyə çalışaq. Dünyada çox mütəxəssislər bu pande­miyanı III Dünya müharibəsinə bənzədirlər. Lakin bu, çox sadələşdirilmiş bənzətmədir, çünki indiki pandemiya hər cür müharibədən dəhşətlidir. Müharibədə düşmən məlumdur, düşməni gözlə görmək olur. Müharibədə ön cəbhə var, arxa cəbhə var. COVID–19 pande­miyasında isə heç bir cəbhə mövcud deyildir. “Düşmən” – virus, “düşmən qoşunla­rı” – viruslar ətrafımızda hər yerdə var və bizi hər tərəfdən mühasirəyə almışdır. Virusu gör­mürük, o, bizi insanlar şəklində əhatə edərək mühasirəyə alır. Ona görə hər bir adama vi ­rus mənbəyi kimi baxmalıyıq. “Düşmənin” bizə qarşı işlətdiyi silah gözəgörünməz bioloji silahdır və bizim bu silahı məhv etməyə heç bir “top-tüfəngimiz” yoxdur. Ona görə də özümüzü bu silahdan – virusdan qorumaq üçün karantin qaydalarına əməl etməliyik, başqa çarəmiz hələ ki, mövcud deyildir. Qəribəsi də odur ki, karantin qaydalarını məsuliyyətsiz insanlar pozduqca və ya pozanların sayı çoxal­dıqca, virusun bizi əhatə edən mühasirəsi də daralır və daha çox günahsız və məsuliyyətli insan virusa yoluxma riski altın­da qalır. Dediklərimizi son bir ayda ölkəmizdə gündəlik virusa yoluxanların sayının ilkin dövrə nəzərən (30–50 nəfər) 10–15 dəfəyə qədər (500-dən yuxarı, 600-ə yaxın) artması təsdiq edir. Gündəlik yoluxma sayı o za­man azalmağa, həm də kəskin azalmağa başlayacaq ki, dövlətin elan etdiyi və ya sərtləşdirdiyi karantinlə yanaşı, məsuliyyətsiz insanlar karantin qaydalarına bir nəfər kimi ciddi əməl edəcəklər. Yuxarıdakı rəqəmləri Rusiya ilə müqayisə etmək üçün onla­rı 15-ə vurmaq lazımdır, çünki Rusiyanın əhalisi bizdən 15 dəfə coxdur: 7500 – 9000 nəfər. Bu, kifayət qədər böyük rəqəmdir.

Nizaminin əsərlərində olduğu kimi, ideal bir cəmiyyət təsəvvür edək. Elə bir cəmiyyət ki, orada hamı qoyulan qaydalara tam əməl edir. Bax, belə bir cəmiyyətdə, vaksin mövcud olmasa belə, viru­sa yoluxma sayı tez bir zamanda sıfıra enərdi və cəmiyyət virus­dan, bu cür cəmiyyətlərdən ibarət bəşəriyyət isə pandemiyadan tam yaxa qurtarmış olardı. Cəmiyyətin, sonda bəşəriyyətin, bu cür ideal vahid bir canlı orqanizm kimi fəaliyyət göstərməsi hər cəhətdən çox faydalı olardı.

Pandemiya təhlükəsinin beşin­ci, həm də əsas səbəbi odur ki, virusa qarşı dərman vasitələri və vaksin hələ ki yoxdur. Pandemiya vaksinin hazırlanmasına qədər davam edəcəkdir. Problemin birdəfəlik həlli lazımi vaksinin yaradılmasından sonra mümkün olacaqdır. Lazımi dərman prepa­ratlarının, xüsusən də vaksinin hazırlanması aylar, əslində isə illər çəkə bilər. İş ondadır ki, vaksinin sınaqları onu hazırla­maqdan daha çox vaxt tələb edir. Vaksin tətbiq olunmazdan qabaq mütləq heyvanlar üzərində, sonra könüllü insanlar üzərində dəfələrlə sınaqdan keçirilir, bu zaman əlavə təsirlərin – fəsadların olub-ol­mamasını bilmək üçün, əlbəttə ki, uzun vaxt tələb olunur. İdeal dərman, ideal vaksin fəsadsız olmalıdır. Fəsad doğuran vaksinlər atılır, başqaları eyni qayda ilə sınaqdan keçirilir və s. Bu proses lazımi nəticə alınana qədər beləcə davam edir. Sözsüz ki, hazırda dünya mütəxəssisləri ayrı-ayrı ölkələrdə, müxtəlif laboratoriyalar­da COVID –19-a qarşı vaksin ha­zırlamaq, həm də mümkün qədər tez vaxtda hazırlamaq üçün gecə-gündüz, istirahətsiz çalışırlar.

Vaksin hazırlanmaqda olsun, bəs biz insanlar bu müddətdə nə etməliyik? Biz hamımız hər yerdə – küçədə, işdə, nəqliyyatda, mağaza və marketlərdə və s. karantin qaydalarına, bir nəfər kimi, ciddi əməl etməliyik, yəni maska taxmalı, məsafə saxla­malı və gigiyena qaydalarını daim gözləməliyik. Bu qaydalara əməl etmək müəyyən müddət (vaksin tapılana qədər) – ola bilər, yarım il, bir il bizim həyat tərzimizə çevrilməlidir, məsələn, yemək, paltar geymək həyat tərzimizə çevrildiyi kimi. Ancaq belə olan halda biz, vaksin hazırlanana və tətbiq olunana qədər, özümüzü, yaxınlarımızı və əhalimizi, cəmiyyətimizi və sonda bəşəriyyətimizi virusdan minimal itkilərlə qoruya bilərik. İndi söz və davranış sizindir, in­sanlar! Burada sovet dövründə bizim gəncliyimizə təsadüf edən bir mahnıdakı “Ey insanlar, sülhə gəlin!” sözləri yadıma düşür və mən uca səslə demək istəyirəm: “Ey insanlar, maska taxın, məsafə saxlayın və şəxsi gigiyenanıza fikir verin!”

Virus daşıyıcısı olan bir adam neçə nəfəri yoluxdura bilər? Bu sualın cavabı insanla­rın sıxlığından başqa əlbəttə ki, kontakt müddətindən də asılıdır. Əgər yoluxmuş insan səhrada təkdirsə, onda nə qədər vaxt keçir-keçsin, yoluxan olmaya­caq. Əgər onun yanında bir, iki, on, yüz, min, on min və s. sayda adam olarsa, onda bu adamla­rın hamısı gec-tez yoluxacaq. Yoluxanlar digərlərini, onlar da öz növbəsində, başqalarını və s. zəncirvari yoluxdura-yoluxdura bu prosesi davam etdirəcəklər.Virusa yoluxmuş bir nəfər, maskasız, məsafəsiz insanlar arasında gəzib – dolaşarsa, yəni izolə olunmaz­sa, görün, o, ətrafdakı insanlar üçün nə qədər böyük bir təhlükə mənbəyidir. Əlbəttə ki, bu COVID –19 virusuna dekabr ayında Yer üzündə ilk yoluxan bir nəfər olub və o, özünü izolə etmədiyindən və ya onu izolə edən olmadığın­dan, zəncirvari yoluxma prosesi nəticəsində sonda bütün dünyada pandemiya tüğyan etməyə başla­mış və bu proses indi də davam edir. Yəni başlanğıcda xəstə bir nəfər olub, amma izolə olunma­dığından estafeti sürətlə başqa­larına ötürüb və bütün dünyanı sürətli yoluxma ilə qarşı-qarşıya qoyub. Bu yoluxma prosesini qırmaq üçün, nə qədər ki, vaksin hazırlanmayıb, hamı özünü bir nəfər kimi izolə etməlidir, ya da ki, ən azı karantin qaydalarına riaət etməlidir.

(ardı var)

 

Şakir NAĞIYEV,
AMEA Fizika İnstitutunun “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor

7 2020 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə