Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karantin rejiminin yumşaldılması bizi daha məsuliyyətli olmağa sövq edir

Epidemioloji vəziyyətdən və yoluxmanın səviyyəsindən asılı olaraq müxtəlif vaxtlarda tətbiq edilən karantin rejimləri koronavirusla mübarizədə əsas məsələlərdən biridir. Məlumdur ki, sərt karantin rejimi zamanı toplaşma, sıx ünsiyyət və təmas hallarının azalması nəticəsində yolux¬ma zənciri müəyyən qədər qırılır. Təcrübə göstərir ki, ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin reji­minin tətbiqi öz müsbət nəticəsini verir. İyulun ortalarında Milli Orduya dəstək məqsədilə keçirilən kütləvi tədbirlər yoluxma təhlükəsi yaratsa, insanların əksəriyyətinin narahatlığına səbəb olsa da, sonrakı günlər gördük ki, yoluxan­ların sayı əvvəlkinə nisbətən azalmaqla yanaşı, xəstəlikdən sağalanların sayı da kifayət qədərdir. Müsbət tendensiyanın nəticəsində aktiv xəstə sayı da getdikcə azalır. Dövlətin gördüyü tədbirlər, atılan addımlar, vətəndaşların qaydalara ciddi yanaşaraq diqqətli davranması, həkimlərin fədakarlığı – bütün bunlar koronavirusla mübarizədə üstünlük əldə etməyə imkan yaradıb.

Son həftələrdə COVID–19 infeksiyası­nın geniş yayılmasının qarşısının alın­ması məqsədilə 2020-ci il iyunun 21-dən etibarən tətbiq edilən sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edil­di. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunduğundan, operativ qərargah tərəfindən hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin reji­minin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmalar tətbiq edildi.

Operativ qərargahdan verilən məlumatda bildirildi ki, 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda insanların yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Amma buna baxmayaraq, sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında avqustun 31-dək qüvvədə qalacaq. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonları – şənbə və bazar günləri – bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Həmçinin nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zalları­nın fəaliyyəti, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla) ilə bağlı məhdudiyyətlər götürülmür.

Rayonlarda açıq havada idman yarışları və oyunları da daxil olmaq­la bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması, eyni zamanda, Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qayda­lar qüvvədə qalır.

Virusun yayılma ehtimalının yüksək olduğunu nəzərə alaraq, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsi, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti, masaj, hamam xidmətləri və digər riskli fəaliyyətlərə qoyulan qadağalar hələ qüvvədədir. Operativ qərargah virusa yoluxanların sayının azaldılması, hər kəsin özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün mövcud pre­ventiv tədbirlərin şərtlərinə əməl etməyi, tibbi-profilaktik qaydalara riayət etməyi, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyi, sosial məsafəni saxlamağı, qoruyucu maskalardan istifadəni tövsiyə edir.

Məhdudiyyətlərin bir qisminin yumşal­dılması ilə bağlı ölkənin baş infeksionisti bildirib ki, bundan əvvəlki həftələrdə yoluxmalar yüksək olduğundan yumşal­malar etmək uyğun deyildi. Çimərliklərə getmək də təhlükəli hesab olunurdu. Amma indi müsbət dinamika stabil oldu­ğundan, qadağaların bir qismi götürülüb: “İnsanlar artıq günəş şüasını qəbul edə bilərlər. Onlar narahatdırlar, ancaq dəniz mövsümü sentyabr ayının ortalarına qədər davam edəcək. Hələ qarşıda xeyli vaxt var. Havaların sərin keçməsi düşünmürəm ki, onların açıq havada istirahətinə mane olacaq. İnsanların müəyyən hissəsi bu fikirləri məqsədyönlü şəkildə yayır. Artıq SMS icazəsi tamamilə ləğv olundu. Hər kəs rahat şəkildə, qaydalara əməl etməklə istirahət edə bilər. Həftəsonları ictimai nəqliyyatın işləməməsi də insanların kütləvi şəkildə toplaşmasının qarşısını almağa hesablanıb”.

Mütəxəssis qeyd edib ki, hazırda vəziyyət tam arzuladığımız kimi deyil və yoluxma sayının xeyli aşağı düşməsinə baxmayaraq, bu, ölkəmiz üçün böyük rəqəmdir: “Düzdür, stabilləşmə, yolux­maların sayında azalma var və gündəlik xəstələnmə sayı artıq 200-dən də aşa­ğıdır. Bu rəqəm də bizim ölkəmiz üçün az deyil. Ona görə də məhdudiyyətlərin çoxunun yumşaldılması məsləhət deyil. Yoluxmalar azaldıqca yeni yumşalmalar da olacaq. Kafe və restoranların, iri ticarət mərkəzlərinin açılması hələ ki, tezdir. Çünki bu yerlərdə insanlar daha çox toplaşırlar və belə məkanlarda infeksiyanın yayılma ehtimalı çox yüksəkdir. Ona görə də onların fəaliyyətinin bərpa olunması hələ ki, tezdir”.

Baş infeksionist bəzi iş yerlərinin açılması və yumşalmaların olması üçün insanları məsuliyyətli olmağa çağırıb: “Əslində, biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıtmağımız daha sürətli olar. Yoluxma və aktiv xəstə sayı azalar, belə olan halda isə bir çox qadağalar aradan qalxar”. Cəlal İsaye­vin də dediyi kimi, virusa yoluxmamaq üçün yeganə yol qorunmaqdır. Təbii ki, insanların immunitetinin gücləndirilməsi vacibdir. Bunun üçün hər kəs qidasına da diqqət etməli, imkan daxilində açıq havada da olmalı, günəş şüaları da qəbul etməlidir. Həyəti olan həyətdə, hətta balkonda da bu işləri yerinə yetirmək olar. Doğrudur, yay fəslidir, evdə oturmaq da hamıya çətindir. Amma hər halda, yoluxub dərmanlara möhtac olmaqdan dəfələrlə asandır.

Pandemiya başlayandan ölkəmizdə COVID–19-la mübarizəyə dair xeyli maarifləndirmə işləri görülüb. Hazır­da da çox insanlar tətbiq edilmiş bütün qaydalara, tövsiyələrə əməl edirlər. Bəzi vətəndaşların fikrincə, ictimai iaşə məkanlarının, standartlara cavab verən ticarət mərkəzlərinin açılma­sı məqsədəuyğun olardı. Çünki bu mərkəzlərin açılması həm dövlətin iqtisa­diyyatının, həm də insanların maddi rifahı­nın yüksəlməsinə kömək edər. Qabaqlayıcı tədbirlərin görülməsi ilə sosial həyatın yenidən başlaması, yoluxma qeydə alınma­yan şəhərlər arasında gediş-gəlişin bərpası nəzərdə tutula bilər. Yoluxanların sayı nəzərə alınaraq mərhələli şəkildə yumşal­ma tədbirləri başlaya bilər. Dövlətimizin qoyduğu qaydalara əməl edərək, sosial məsafəni gözləməklə, iş yerlərində və sosial həyatda gigiyenik qaydalara əməl etməklə, ictimai iaşə məkanlarının, ticarət mərkəzlərinin və metroların fəaliyyətini bərpa etmək olar.

Qaydalara əməl etməyənləri həm icti­mai qınağa çəkmək, həm də ciddi cərimə ilə, məsuliyyətə cəlb etmək lazımdır. Qo­yulmuş qaydalara riayət etməklə, işçilərin hərarəti yoxlanılmaqla və müayinədən keçməklə, xüsusi servis təşkil etməklə, on­ların işlərinin bərpa edilməsi mümkün ola bilər. Amma, gəlin, düşünək: buna əməl edən neçə nəfər olacaq? İnsanlar deyilən qaydalara, tələblərə lazımınca əməl etsəydilər, onda yoluxma sayı çoxdan sıfır olmalı idi. Çünki dövlət pandemiyaya qarşı mübarizədə gərəkən bütün tədbirləri vax­tında və yüksək səviyyədə həyata keçirdi və yenə davam edir. Yoluxmalar ancaq insanların məsuliyyətsizliyi ucbatından baş verdi və zəncir şəklində davam etdi. İndi elə ailə tapmaq çətindir ki, onlardan kiminsə yaxını, dostu, qohumu bu virusun bəlasına düçar olmasın. Sağ qalmaq istəyiriksə, ancaq qorunmalıyıq.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

7 2020 00:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə