Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayır

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən dövlət büdcəsinə yenidən baxılması məsələsi barədə danışmazdan əvvəl bir məqama diqqət yetirmək istərdim. Qeyd edim ki, pandemiya dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayır. Bu ilin birinci yarısının yekunlarında ümumdaxili məhsulda (ÜDM) 2,7 faiz azalma qeydə alınması da həmin dayanıqlılıqdan xəbər verir.

Çünki pandemiya qlobal, eləcə də milli iqtisadiyyatlara neqativ təsir göstərir. Neft bazarında artıq mart ayından etibarən volatillik neft ölkələrinin gəlirlərinə təsir göstərir. Bu baxımdan Azərbaycanda ÜDM-də olan dəyişiklikləri digər ölkələrlə müqayisə etsək, təbii ki, bu, dəyişiklik məqbul hesab olunmalıdır. Bu ilin 6 ayının yekunlarına əsasən, Avrozonada ÜDM-də olan azalma ikirəqəmli, yəni 12 faizdir. Bu isə ondan xəbər verir ki, əslində, Azərbaycanda ÜDM-də olan dəyişiklik məqbuldur. Bu, pandemiya­nın təsirlərinə Azərbaycan hökumətinin çevik reaksiya verməsi, iqtisadi paket çərçivəsində sahibkarların və muzdlu vətəndaşlarımızın dəstəklənməsi, eləcə də pandemiyanın davam edən ayla­rında sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi nəticəsində realla­şıb. Artıq sahibkarlar iqtisadi paket çərçivəsində həm güzəştli vergi, həm də güzəştli kredit paketlərindən faydalana bilirlər.

Pandemiya dövründə Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban xanım Əliyevanın rayon­lara, bölgələrə səfərləri göstərir ki, COVİD-19-la mübarizə şəraitində də regionların inkişafı Azərbaycan hökuməti üçün prioritetdir. Regionlarda sənaye müəssisələri və eləcə də sosial obyektlərin istifadəyə verilməsi, bu kontekstdə məşğulluğun təmin edilməsi ilə bağlı görülən işlər, yeni “ASAN Xidmət” mərkəzlərinin açılması region və Bakı arasındakı fərqin azaldılma­sına yönələn addımlardandır. Bütün bunlar, eyni zamanda, regionda yaşayan sahibkarlarımızın dövlət xidmətlərinə elektron çıxışının artırılmasına imkan yaradır. Bütövlükdə 2020-ci ilin geridə qalan aylarının yekunları göstərir ki, Azərbaycan pandemiyaya çevik reak­siya verən ölkələrdən biri olaraq ötən dövrdə iqtisadiyyatdakı dayanıqlılığı qoruyub saxlamağa nail olub.

Büdcəyə dəyişikliklərin edilməsi də gözlənilən idi. Təqdim olunan sənədlər pandemiyanın təsirlərini minimuma endirmək və iqtisadi balansı qoruyub saxlamaq məqsədi daşıyırdı.

Yeri gəlmişkən, büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılması­na da münasibət bildirmək istərdim. Hesablama Palatasının rəyində bu, müsbət qarşılanıb. Çünki neftin büdcədəki payının artırılması Dövlət Neft Fondundan transfer hesabına baş verəcək. Bu, əslində, valyuta tələbinin ödənilməsinə müsbət təsir göstərsə də, postpandemiya dövründə belə bir amilin mənfi təsirlərini görəcəyik. Çünki 2021- ci ildə iqtisadi artım proqnozlaşdırılır. Digər tərəfdən, idxalda da azalmalar var. Amma bütün bunlarla bərabər, Dövlət Gömrük Komitəsinin proqnoz­larında 1,1 faiz azalma təklif edilib. Ümumiyyətlə, bu, müzakirə olunmalı məsələdir. Burada şəffaflığın artırılması məsələsi mühüm önəm daşıyır. Əslində isə büdcə qaydalarında da istisnaların tətbiqinin diqqətdə saxlanılmasını tövsiyə edərdim.

Burada bir məqama da toxunma­ğı zəruri bilirəm. Dövlət büdcəsinə dəyişikliklərdə neftin bir barelinin 35 dollar götürülməsi, əslində, konservativ və daha az riskli qiymətdir. Çünki pan­demiya ilə bağlı olaraq, neft bazarında volatillik yüksəkdir. Bu da neftin dünya bazar qiymətinin düşməsinə gətirib çıxarır. Ötən ay dünya bazarında neftin bir barelinin orta qiyməti 30 dollar olub. Hazırda isə bu, 40 dollardan yüksək olmasına baxmayaraq, payızda korona­virusun ikinci dalğası başlayarsa, neft qiymətlərinin də aşağı düşməsi baş verə bilər. Buna görə də qanun layihəsində təklif edilən 35 dollar daha konservativ və daha az riskli qiymətdir. Düşünürəm ki, 35 dollar üzərindən dəqiqləşən büdcənin hesablanması çox doğru addımdır. Bu, neft bazarında volatilliyə, eyni zamanda, pandemiyanın potensial təsirlərinin nəzərə alınmasına imkan verir. Başqa sözlə, dövlət büdcəsində dəyişikliklər qlobal iqtisadiyyatda və strateji məhsullar bazarındakı volatilliyə uyğunlaşdırılıb.

Vüqar BAYRAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

7 2020 00:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Sentyabr 2020 | 12:29
"Xarqo" filmi çəkildi

Köhnə versiyamızdan xəbərləri izlə