Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yenilməz ordumuz Vətənin keşiyində sərvaxt dayanıb

İyulun 12-dən etibarən erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirdilər. Gözlənilməz bu zərbə nəticəsində Azərbaycan Ordusunun hərbçiləri həlak oldu və yaralandı. Lakin buna faktlara baxmayaraq. Ermənistan tərəfi təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bu cəhd heç bir məntiqə sığmamaqla yanaşı, eyni zamanda, bununla bağlı ortada hər hansı bir fakt, sübut da yoxdur. Sərhədin bir hissəsinin qorunması hələ bir neçə il əvvəl Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə sərhəd qoşunlarına həvalə olunmuşdur. Təkcə bu faktın özü belə sübut edir ki, Azərbaycan tərəfinin bu istiqamətdə hər hansı bir hərbi planı mövcud deyil. Məsələyə mahiyyəti üzrə yanaşdıqda isə hərbi məqsədlər  baxımından da bunun heç bir əhəmiyyəti mövcud deyil.

Ermənistan “Azərbaycan diversiyasını” əsaslandırmaq üçün olduqca məntiqsiz və səviyyəsiz səbəb göstərməyə cəhd etdi. Belə ki, guya Azərbaycanın iki nəfər hərbi qulluqçusu UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd göstərmişdir. Belə olan halda  sual meydana çıxır: “Mümkündür ki, hansısa ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil etmək kimi cılız və məntiqsiz hərəkət nümayiş etdirsin?” Əlbəttə ki, xeyr. Bu kimi hərbi əməliyyatlar sadəcə Ermənistan ordusu kimi zəif və cılız bir orduya xas ola bilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında olan və gündən-günə güclənən Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə bir məntiqsiz və düşünülməmiş addım atmaz. Bütün bu uğursuz cəhdlərin isə kökündə bir məqsəd dayanır: Ermənistan tərəfinin günahı Azərbaycanın üstünə atması.

Bu məkrli əməlləri törətdikdən və Azərbaycan Ordusu tərəfindən də son dərəcə layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. Növbəti dəfə əsassız səs-küy yaradaraq dövlətləri ayağa qaldırmağa cəhd etdi. Lakin kor-koranə xarici siyasət yürüdən Ermənistan və onun səriştəsiz nümayəndələri KTMT-in bu məsələ ilə heç bir əlaqəsinin olmadığını anlamırlar. Bunu isə bir neçə arqumentlə əsaslandırmaq olar.

İlk növbədə, Azərbaycan tərəfi heç bir halda Ermənistanın dövlət sərhədini pozmayıb və yaxud da təxribata əl atmayıb. Digər məsələ Ermənistanın KTMT-yə müraciət etməsi əslində bu ölkənin nə qədər aciz və qorxaq bir vəziyyətdə olduğundan xəbər verir. Bir daha sübut olunur ki, işğalçı ölkə Azərbaycan qarşısında təkbaşına durmağa qadir deyil və özləri də bunun çox gözəl fərqindədirlər. Bu səbəblərdən irəli gələrək KTMT-yə müraciət etmək onların dövlətinin və rəhbərliyinin qorxaqlığının növbəti aşkar təzahürüdür. Eyni zamanda, işğalçı və terroru dövlət siyasətinə qaldıran bu ölkə Aprel döyüşlərində olduğu kimi, ölənlərin sayını gizlədir. Təkcə bu faktın özü bir daha onların acizliyini göstərir. Azərbaycan tərəfi isə qəhrəman şəkildə torpaq uğrunda, Vətən uğrunda canından keçən əsgərinə də, mayoruna da, generalına da sahib çıxır. Onlarla qürur duyur. Ali Baş Komandan bilavasitə özü şəhid ailələri ilə danışır və onları əmin edir ki, heç bir şəhidimizin qanı yerdə qalmayacaq. Belə də olur.

Riyakar, çirkin və məkrli siyasətin nəticəsidir ki, bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edən Ermənistan b u yandan da hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir və mülki əhalini, kəndlərimizi atəşə tutur. Bundan əlavə bu ölkə yenə ikiüzlü plana, riyakar siyasətə əl atır, heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs edir. Bununla da Ermənistan növbəti dəfə bütün beynəlxalq davranış qaydalarını pozur və KTMT-nın rəhbəri vəzifəsində olan, beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Yalnız çoxsaylı təzyiqlərdən sonra KTMT-nın rəhbərini azad edir. Bu azmış kimi bir il müddətində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayır və veto qoyur. Çünki əslində əlifba sırası ilə Ermənistandan sonra Belarusun nümayəndəsinin namizədliyi verilmişdi. Yenə də Ermənistan bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın.

KTMT-yə qarşı ikiüzlü siyasət yürüdən bu cılız ölkə indi isə ondan yardım dilənir. Buna baxmayaraq KTMT də bu kimi dövlətdən üz döndərdi. Çünki siyasəti yalan, ikiüzlülük, riyakarlıq üzərində qurulan bir dövlət ilə hər hansı bir münasibət, əməkdaşlıq qurmaq qeyri-mümkündür. Təbiidir ki, beynəxalq təşkilatdan başqa cür mövqe gözləmək da olmazdı. Çünki xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının SOROS Fondunun və buna bənzər fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti başqa cür ola da bilməzdi. Azərbaycan isə Ermənistandan başqa KTMT-nın bütün üzvləri ilə dost münasibətindədir.

Bundan əlavə, digər bir əsas məsələ ondan ibarətdir ki, Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan xalqı bu mənasız danışıqlardan artıq bezib. Azərbaycan xalqının səbri tükənməz deyil. Düşünürəm ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri obyektiv mövqe nümayiş etdirməli və fəaliyyətində beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsaslanmalıdır. Çünki xalqın səbri artıq tükənib. Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən olduqca narazıdır və belə davam etdiyi təqdirdə Minsk qrupunun səmərəliliynə heç bir inam qalmayacaq. Həmsədrlər doğrudan da münaqişənin həllinə nail olmaqda maraqlıdırlarsa, işğalçı Ermənistana təzyiqlər göstərilməlidir.

Bu gün Azərbaycan dövləti güclü ordu yaratmışdır. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Son günlər ərzində də baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha sübuta yetirdi. Ona görə Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacaqdır.

Tarix boyu Ermənistan məkrli siyasət yürüdüb. Ermənistan əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib. Xocalı soyqırımı zamanı bu cəlladlar tərəfindən 106 qadın, 63 uşaq öldürülmüşdür. Aprel döyüşlərində olduğu kimi mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. Kəndlərimizi, mülki əhalini atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak oldu. Bu, bir daha onu sübut edir ki, Ermənistan faşist dövlətdir.

Son dörd il ərzində üç əməliyyat keçirilmiş, üç toqquşma baş vermişdir. Üçündə də Azərbaycan qalib gəldi, müzəffər ordumuz üçrəngli bayrağımızı istədiyi yerə sancdı və düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan öz ərazi bütövlüyünü, sərhədlərini bundan sonra da qoruyacaq. Düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha nümayiş etdirdi ki, həlak olan hərbçilərimizin qisası alındı, onların qanı yerdə qalmayıb və bundan sonra da qalmayacaq.

Bu gün Ermənistan--Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki bütün hücumlar Ermənistan tərəfindən törədilir. Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifin 130-dan çox ölkə tərəfindən dəstəkləndiyi halda Ermənistan bir daha özünü rüsvay edib, bu təşəbbüsün əleyhinə çıxdı. Bu ikiüzlü, düzgün olmayan siyasətə görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Ölkə daxilində vəziyyət isə son dərəcə gərgindir.

Şəbnəm HƏSƏNOVA,
politoloq

6 Avqust 2020 10:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə