Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha bir təsdiqi

BMT-nin xüsusi sessiyası işini davam etdirir

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının (QH) sədri İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdi. Bu təşəbbüs həm QH ölkələri, həm də BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənmişdi. 10 iyul 2020-ci ildən etibarən BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası öz işini davam etdirir. Azərbaycan Prezidentinin dünya miqyaslı hadisə kimi qiymətləndirilən bu təşəbbüsünün hər bir ölkə üçün böyük əhəmiyyəti olduğu vurğulanır. Bu, Azərbaycanın beynəlxalq aləmdə yüksələn nüfuzunun növbəti təsdiqi ilə yanaşı, həm də ölkəmizin strateji qlobal məsələlərin həllində məsuliyyətli regional aktor kimi rol oynadığını da sübut edir. 

Koronavirus pandemiyasının başladığı andan Prezident İlham Əliyevin infeksiya ilə səmərəli mübarizənin təmin olunması üçün beynəlxalq platformaların yaradılması təşəbbüsü ilə çıxış etməsi dünyada böyük rəğbətlə qarşılanmışdır. Xüsusilə də Azərbaycan liderinin təşəbbüsü ilə ilk dəfə koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunması dünya birliyində müsbət reaksiya doğurmuşdur. Xatırladaq ki, bu il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü zamanı dövlət başçımızın BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü ilə çıxış etməsinin dünyada dəstəklənməsi bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bu təşəbbüslə çıxış etməsi qlobal həmrəyliyə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və bəşəri dəyərlərinin fəal müdafiəçisi kimi statusunu da gücləndirir. Nüfuzlu mütəxəssislər bildirirlər ki, Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü çox məsuliyyətli dövlət kimi aparır və ölkə rəhbərliyinin bu prinsipial mövqeyi böyük rəğbət doğurur. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altlnda yürüdülən fəal xarici siyasət qlobal həmrəyliyin möhkəmlənməsinə öz güclü təsirini göstərir və bu fakt müxtəlif beynəlxalq platformalarda alqışlanır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan COVID-19-la mübarizə məqsədilə indiyədək qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir.
Fərəhləndirici haldır ki, Prezident İlham Əliyevin təşəbbüsü artıq BMT çərçivəsində reallaşdırılır. Belə ki, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, QH-nin sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 10 iyul 2020-ci il tarixindən etibarən çağrılmış BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası 2 seqmentdən ibarət formatda keçirilir. Prosedur xarakterli qərarların qəbul edildiyi seqment iyulun 21-də başa çatmışdır. L.Abdullayeva, həmçinin vurğulamışdır ki, bu seqment çərçivəsində Baş Assambleyanın BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri olan Ticani Məhəmməd-Bandenin xüsusi sessiyanın sədri, habelə xüsusi sessiyanın sədr müavinlərinin, əsas komitələrinin sədrlərinin seçilməsi haqqında, eyni zamanda, xüsusi sessiyanın gündəliyinin qəbul edilməsi barədə, o cümlədən Səlahiyyət Komitəsinin tərkibinin təsdiq edilməsinə dair və BMT Nizamnaməsinin 19-cu maddəsinə uyğun olaraq, BMT-yə üzvlük haqlarını ödəməyən və beləliklə də səsvermə hüququndan məhrum edilmiş dövlətlərin siyahısının nəzərə alınmasına dair 6 qərar sükut proseduru vasitəsilə qəbul olunmuş və Baş Assambleyanın rəsmi sənədləri olaraq dərc edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, pandemiyanın davam etməsi ilə əlaqədar BMT Baş Assambleyası çərçivəsində qərarlar səsvermə ilə yox, sükut proseduru vasitəsilə qəbul edilir. Müvafiq prosedura uyğun olaraq, qərar layihələri 72 saat müddətinə bütün BMT üzv dövlətləri arasında yayılır və bu müddət ərzində etiraz edən olmadığı təqdirdə qəbul edilir. 

Leyla Abdullayevanın sözlərinə görə, koronavirus pandemiyası səbəbindən BMT-nin mənzil-qərargahında tətbiq olunan məhdudiyyətlərlə əlaqədar, hazırda BMT Baş Assambleyasının rəsmi iclaslarının paytaxtlardan gələn nümayəndə heyətlərinin fiziki iştirakı ilə keçirilməsi mümkün deyil. Bununla əlaqədar, Baş Assambleyanın sentyabr ayında keçiriləcək müntəzəm sessiyası tarixdə ilk dəfə hibrid formada, yəni dövlətlərin seçimindən asılı olaraq ya nümayəndə heyətləri rəhbərlərinin əvvəlcədən yazılmış video-müraciətləri vasitəsilə, ya da həmin dövlətlərin BMT yanında Daimi nümayəndəliklərinin Assambleya zalında fiziki iştirakı ilə baş tutacaq. 
Bununla yanaşı, L.Abdullayeva vurğulamışdır ki, pandemiya vəziyyəti ilə əlaqədar 10 iyul tarixindən etibarən başlayan Baş Assambleyanın xüsusi sessiyasının müxtəlif seqmentli müzakirələrinin də əvvəlki xüsusi sessiyalardan fərqli formatda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, hazırda BMT üzv dövlətləri sessiyanın dövlət və hökumət başçıları səviyyəsində, videokonfrans formatında keçirilməsi ilə bağlı modallıqları müzakirə edirlər. Müvafiq razılıq əldə edildikdən sonra ümumi müzakirələrin konkret tarixləri müəyyən ediləcək.
Xatırladaq ki, BMT tarixində 31 xüsusi sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Azərbaycanın təklifi ilə isə xüsusi sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində, videokonfrans formatında olacaq. Beləliklə, Prezident İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır. Qeyd etmək lazımdır ki, BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Hazırda bəşəriyyət COVID-19 pandemiyası kimi böyük təhlükə ilə üzbəüz qalmışdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya göstərərək prosedur qaydalarını dəyişdirmədən müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında xüsusi sessiyasını keçirməyə müvəffəq olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, pandemiya dövründə Azərbaycan da bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, ölkə başçısının təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının ­videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdi. Buna görə də, Azərbaycanın videokonfrans vasitəsilə xüsusi sessiyanın təşkil olunması ilə bağlı formatın müəyyənləşdirilməsi, xüsusi sessiyanın sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazır olduğu vurğulanmalıdır. Qeyd etmək vacibdir ki, BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər. Ən əsası odur ki, ­Prezident İlham Əliyevin təşəbbüsü ilə ­BMT-nin ­koronavirusla mübarizəyə həsr olunmuş ­xüsusi sessiyası artıq başlanmışdır. 
Əlbəttə, Azərbaycan Prezidentinin təşəbbüsünə nəinki Qoşulmama Hərəkatına üzv dövlətlərin, eləcə də Avropanın əksər ölkələrinin, o cümlədən Avropa İttifaqı üzvlərinin, Asiya, Afrika, Latın Amerikası dövlətlərinin dəstək göstərmələri həm də respublikamızın artan beynəlxalq nüfuzunun təsdiqidir. Təşəbbüsün əleyhinə yalnız Ermənistan çıxmışdı. Bu ölkənin BMT yanındakı nümayəndəliyi Baş katibə məktubla müraciət edərək həmin təşəbbüsün həyata keçirilməsinə lüzum görmədiyini bildirmişdi. Dünyanın qlobal pandemiya ilə üz-üzə olduğu, bütün ölkələrin bu məsələdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə çıxış etməsinin əsas səbəbi, əlbəttə, bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqədar idi. İşğalçı ölkə dünyanın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermədi, əksinə, ona qarşı çıxdı. Beləliklə, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu göstərərək özünü ifşa etdi. İşğalçı Ermənistan çalışdı ki, Azərbaycanın xoşməramlı təşəbbüsünün reallaşmasına əngəl törətsin. Amma bacara bilmədi. Rəsmi İrəvan beynəlxalq münasibətlər səviyyəsində özünü pandemiya ilə beynəlxalq mübarizədən təcrid etdi, faşist mahiyyətini bir daha büruzə verdi. 
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və bu təşəbbüsü dəstəkləyən hər bir ölkə COVID-19-la mübarizəyə öz töhfəsini verir. Ölkəmiz bu təşəbbüsü dəstəkləyən bütün dövlətlərlə birlikdə onun reallaşdırılması istiqamətində işləyəcək. Ən əsası, Prezident İlham Əliyevin bəşəriyyət üçün əhəmiyyətli olan təşəbbüsünün dəstəklənməsi dünyanı çənginə almış COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olmaqla yanaşı, Azərbaycanın dünya birliyinin məsuliyyətli və bəşəri problemlərin həllində çevik davranan ölkə olduğunu da təsdiqlədi.

 

“Xalq qəzeti”

 

 

5 Avqust 2020 20:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə