Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hövsan və Abşeron Olimpiya İdman kompleksləri müvəqqəti xəstəxanaya çevriliblər

Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən görülən işlərin davamı olaraq Gənclər və İdman Nazirliyinin tabeliyindəki Hövsan və Abşeron Olimpiya İdman komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi barədə qərar qəbul edilib.

Gənclər və İdman Nazirliyi tərəfindən görülmüş işlərlə yaxından tanış olmaq üçün avqustun 5-də Gənclər və İdman naziri Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı komplekslərdə yaradılan şəraitlə tanış olublar. 
Hövsan, eləcə də Abşeron Olimpiya İdman komplekslərinin təyinatının müvəqqəti dəyişdirilməsi işlərinə iyulun ilk həftəsindən başlanılıb. Hər iki kompleksdə xəstələrin müvafiq həcmdə bərabər və təhlükəsiz şəkildə oksigenlə təminatı üçün stansiyadan palatalara xüsusi tibbi borular çəkilib, binanın daxilində müasir paylayıcı avadanlıq quraşdırılıb. Çarpayı sayına uyğun olaraq palatalarda divar tipli oksigen ötürücü, tənzimləyici və nəmləndirici avadanlıq və maskalar quraşdırılıb. 
COVID-19 xəstələrinin müalicəsində zəruri olan oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün qısa müddətdə Türkiyədən alınaraq komplekslərin hər birinin ərazisində 54 kubmetr gücündə müasir oksigen istehsalı stansiyası quraşdırılıb. Stansiyada 75 kilovat gücündə kompressor, qurutma-soyutma qurğusu, 54 kubmetr (900 litr/saniyə) gücündə 95 faizdən artıq saflıqda oksigen təmin etmə imkanı olan oksigen generatoru, xüsusi filtr dəstləri və digər avadanlığın da quraşdırılması təmin olunub. Eyni zamanda, stansiyada ehtiyat oksigen tutumları quraşdırılaraq onların avtomatik təchizata qoşulmasını təmin edən 150 kub-saat gücündə idarəetmə sistemi yaradılıb. Stansiyaları elektrik enerjisi ilə təmin etmək üçün yeni xətlər çəkilib. 
Ümumilikdə Hövsan və Abşeron Olimpiya İdman komplekslərinin binaları qaydalara uyğun şəkildə funksional zonalara bölünərək xəstələrin qəbulu və evə yazılması, tibb heyətinin binaya təhlükəsiz giriş-çıxışı, qida və digər malların qaydalara uyğun şəkildə qəbul edilməsi və paylanması üçün lazımi keçidlər (şlüzlər) yaradılıb. Binada dərman və dezinfeksiya vasitələrinin, tibb heyətinin qoruyucu vasitə və geyimlərinin, digər malların saxlanması üçün anbarlar, həkim otaqları, növbətçi tibb bacısı postları və digər zəruri otaqlar qurulub. Palatalar müvafiq sayda çarpayılar, rəflər, yataq dəstləri və dəsmallarla təchiz edilib. 
Məlumat verilib ki, komplekslərdə yaradılan şərait COVID-19 xəstələrinin müalicəsinin burada uğurla aparılmasına tam imkan verir. 
Abşeron Olimpiya İdman Kompleksinin üç idman zalında və foyesində müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 277 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı yaradılıb. Tibb heyətinin istirahət və yaşayışı üçün kompleksin 45 nəfərlik mehmanxanasından istifadə edilməsi nəzərdə tutulub. Kompleksdə fəaliyyət göstərən yeməkxana və camaşırxana da tibbi heyətin istifadəsinə veriləcək.
Hövsan Olimpiya İdman Kompleksinin iki idman zalında isə müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı quraşdırılıb. Kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılıb, cari təmir işləri görülüb. Binalara giriş-çıxış üçün əlavə panduslar yaradılıb.

 

AZƏRTAC

5 Avqust 2020 20:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə