Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni ordusunda kütləvi yoluxmalar ciddi təşviş doğurub

Bu gün Ermənistan ordusunda hərbi qulluqçular ­arasında kütləvi yoluxma halları, eləcə də yeni çağırışçıların COVID-19-a yoluxması Paşinyan hökümətini koronavirusla mübarizədə də çıxılmaz vəziyyətdə qoymuşdur. Bu barədə “Xalq qəzeti”nə açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, “Dialoq.info” xəbər portalının baş redaktoru Mübariz Göyüşlü bildirib. O deyib:

– Bu gün bütün dünya COVID-19-la mübarizə aparır. İlk günlərdən ən zəruri və uzaqgörən addımlar atan Azərbaycan artıq yoluxma sayının azalmasına nail ola bilib. İşğalçı ölkə  Ermənistan isə  yoluxmadan  əziyyət çəkən insanların sayına görə region ölkələri arasında öndədir. İş o yerə çatıb ki, artıq orduda da yoluxma halları durmadan artmaqdadır. Pandemiyanın ilk dövrlərindən  erməni hərbi qulluqçular arasında yoluxma əlamətlərinin müşahidə edilməsi və bununla bağlı sosial şəbəkələrdə verilən məlumatlar virusun hələ o dövrdən Ermənistan ordusuna ayaq açdığını göstərir. Rəsmi qurumlar yoluxma sayını cəmiyyəti panikaya salmamaq və yaranacaq narazılıq və etirazlardan dolayı gizli saxlamağa çalışsa da, Ermənistan KİV-ində orduda yoluxma hallarının olması barədə məlumatlara rast gəlmək mümkündür. 
Zaman-zaman Ermənistan ordusunda olan müəmmalı əsgər ölümləri, işgəncə faktları, xüsusilə də işğal altında olan Dağlıq Qarabağdakı Ermənistan qoşunlarında davam edən  özbaşınalıqlar barədə çox yazılıb və danışılıb. Bu sadalanan faktlar beynəlxalq hüquqa etinasız yanaşan və işğalçılıq fəaliyyətini davam etdirən ölkə üçün bu gün də aktualdır. Biz tez-tez internet resurslarında Ermənistanda dinc şəraitdə əsgər ölümlərinə qarşı etirazların və hökümət əleyhinə  çıxışların şahidi oluruq. Hətta dəfələrlə olub ki, əsgər valideynləri  hökümət binası qarşısında Paşinyana müraciət və etirazlarını bildiriblər. Bütün bunlara göz yumulması isə Paşinyan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir.  Bu yaxınlarda baş nazirin əsgər ölümləri ilə bağlı cinayət işlərinin obyektiv araşdırılması üçün işçi qrupu təşkil etməsi isə sadəcə olaraq, pandemiya şəraitində etirazların qarşısını almaq məqsədini güdür. Çünki illərdir davam edən cinayət araşdırmaları bitmək bilmir. Orduda olan acınacaqlı durum təkcə ölüm və işgəncə faktları ilə bitmir. 
Orduda koronavirusa  yoluxma hallarının geniş yayılması, üstəlik yeni çağırışçılar arasında təxminən 30 gəncdə COVID-19 aşkar edilməsi isə ölkənin  koronavirusa qarşı mübarizədə də naşı olduğunu göstərir. Virusun sürətlə yayılmasını və ölümcüllüyünü nəzərə alsaq, bu, orduda kütləvi yoluxma hallarının daha da genişlənməsinə səbəb ola bilər.
Koronavirusun tuğyan etdiyi dövrdə orduda özbaşınalıqlarla bağlı etiraz və aksiyaların olacağını da nəzərə alsaq,  bu, Paşinyanın imicinə zərbə və nəticədə  hakimiyyətinin iflasına  səbəb ola bilər.  

 

Söhbəti qələmə aldı: 
Ə.ƏLƏSGƏRLİ, 
“Xalq qəzeti”

 

5 Avqust 2020 20:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə