Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz heç vaxt işğalla barışmayacağıq

Ermənistanın davam edən işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ­ciddi təhlükə yaratdığını hamı bilir. Rəsmi İrəvanın işğala son qoymaması qlobal təhlükəsizlik üçün də ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid yaransa da, təkrarlanan qeyri-konstruktiv mövqe indiki rejimin də mahiyyətinin özündən əvvəlkinə bənzədiyini göstərir. Rəsmi İrəvanın iyulun 12-də Tovuz rayonu istiqamətində təxribata əl atmasını buna misal göstərmək olar. Lakin Azərbaycan Ordusundan layiqli cavab alması və beynəlxalq müstəvidə Tovuz təxribatına görə pislənilməsi Ermənistan hökumətinin vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, Nikol Paşinyan hakimiyyətinin sələflərindən heç nə ilə fərqlənmədiyini bir daha aşkara çıxardı. Amma işğalçı Ermənistan dövləti unutmamalıdır ki, Azərbaycan dövləti əzəli torpaqlarının işğal altında qalmasına heç zaman razı olmayacaq və Dağlıq Qarabağ probleminin ədalətli həll olunması üçün zəruri diplomatik və hərbi-siyasi fəaliyyətini var gücü ilə davam etdirəcək.

Ermənistanın qeyri-konstruktiv mövqe tutması Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına maneçilik törədir. 30 ilə yaxındır ki, ərazilərimizi işğal altında saxlayan Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altındadır, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. 
Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi prinsipialdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi xarici siyasətimizin prioritetlərindən birini təşkil edir. Ancaq beynəlxalq hüquqa riayət etməklə Azərbaycan torpaqlarından geri çəkilmək, işğalçılıq siyasətindən imtina etmək əvəzinə Ermənistan təxribatlara əl atır, beynəlxalq ictimaiyyətin diqqətini işğalçılıq siyasətindən yayındırmağa can atır. İyulun 12-də Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhədini pozmasını buna misal göstərmək olar. Ancaq Azərbaycan Ordusunun adekvat cəza tədbirləri sayəsində güclü zərbə alan Ermənistan mənfur niyyətini həyata keçirə bilmədi. Əksinə, belə hərbi təxribata əl atmaqla beynəlxalq müstəvidə pislənildi, hətta müttəfiq saydığı ölkələrdən belə, gözlədiyi reaksiyanı ala bilmədi. Çünki müttəfiqləri də gözəl anlayırlar ki, Azərbaycan–Ermənistan sərhədində baş verən hərbi toqquşmanın arxasında məhz rəsmi İrəvan dayanır.
Əlbəttə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində təxribat rəsmi İrəvanın gözlədiyi və illərdən bəri hazırlaşıb ümid etdiyi hərbi nəticələrə səbəb olmadı, əksinə, son proseslər münaqişə tərəflərinin beynəlxalq səviyyədə real imkanlarını ortaya qoymuş oldu. Belə ki, Tovuz döyüşlərində də rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni xalqına hərbi yardıma hər an hazır olması barədə arxayınlığı “buxarlandı”. Tovuz hadisələrinə qədər rəsmi İrəvan mütəmadi olaraq Azərbaycanı müharibə başlayacağı təqdirdə, KTMT-nin hərbi yardım edəcəyi ilə hədələyir, habelə bu təşkilata üzvlüyündən ölkə daxilində reytinq amili kimi istifadə edirdi. Ancaq Tovuz istiqamətində törətdiyi təxribata KTMT-dən dəstək almayan Ermənistan geosiyasi təcridə düşdüyünü bir daha anlamış oldu. Prezident İlham Əliyev Balakən regional ASAN Xidmət mərkəzinin açılışında bu məsələ ilə bağlı bunları vurğulamışdı: “Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır”. Dövlət başçısı erməni rəhbərliyinin əsas məqsədinin dövlət sərhədində münaqişə yaratmaq, sonra bunda Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəməkdən ibarət olduğunu da diqqətə çatdırmışdı. 
Ayrı-ayrı dövlətlərin milli maraqlarının təminatında ermənilərdən yararlandığı hər kəsə məlumdur. Ermənistan adlı qurama dövlətin heç zaman təkbaşına hansısa konkret məqsədə nail olması faktı məlum deyil. Həmişə başqalarının şineli altında gizlənmiş ermənilər zaman-zaman yanaşı yaşadıqları xalqlara xaincəsinə hücum etməklə məşhurdurlar. Bundan başqa, ermənilər həm də öz problemlərini başqalarının əli ilə həll etməyə çalışmaqda da mahirdirlər. Son Tovuz təxribatında da dünya ermənilərin bu “məharətinin” bir daha şahidi oldu. Hamı müşahifə etdi ki, Ermənistan rəhbərliyi Tovuz istiqamətində təxribat törətməklə üzv olduğu KTMT-ni münaqişəyə cəlb etmək istəyir. Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışındakı nitqində ermənilərin çirkin məqsədlərinin də məhz bundan ibarət olduğunu açıqlamışdı: “Bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə dəstəklədi. Birincisi, hər kəs yaxşı bilir və mütəxəssislər bilirlər ki, bu münaqişəni törədən Ermənistandır”. 
Dövlət başçısı Azərbaycanın Ermənistan ərazisində hər hansı bir marağının və hərbi hədəflərinin olmadığını, beynəlxalq ictimaiyyətin də bunu çox yaxşı bildiyini vurğulamaqla yanaşı, əlavə etmişdi ki, məhz buna görə və təkcə buna görə yox, ümumiyyətlə, Azərbaycanın artan nüfuzuna görə bir neçə beynəlxalq təşkilat açıq şəkildə ölkəmizi dəstəklədi. 
Ermənistanın təklənməyə doğru getdiyi artıq reallıqdır. İstər siyasi, istərtsə də hərbi nöqteyi-nəzərdən rəsmi İrəvan geosiyasi tənhalığa sürüklənməkdədir. Ermənistanın hərbi-siyasi dairələri də Ermənistanın təkləndiyini etiraf edirlər. Əlbəttə, Ermənistanın belə acınacaqlı hərbi-siyasi, eləcə də sosial-iqtisadi böhranla üzləşməsi, bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsinin məntiqi yekunudursa, digər tərəfdən də Azərbaycanın hücum diplomatiyasının və beynəlxalq aləmdə mühüm aktor olmasının nəticəsidir. 
Prezident İlham Əliyevin rəhbərliyi altında xarici siyasət sahəsində mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan siyasət yürülməsi sayəsində bu gün Ermənistan istisna olmaqla KTMT-nin üzvləri ilə sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Prezident İlham Əliyev çıxışında KTMT ilə bağlı çıxışında bildirmişdi ki, bu təşkilatın altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədi: “Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Qazaxıstan və Qırğızıstan, eyni zamanda, KTMT-nin üzvüdür. Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat vasitəsilə dəstəkləyir. Belarus Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatının bəyanatı, o cümlədən Belarusun mövqeyidir. Tacikistan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İslam Əməkdaşlıq Təşkilatı bu sərhəd münaqişəsi ilə bağlı açıq mövqe ortaya qoyub. Yəni, dörd ölkə artıq Azərbaycanın yanındadır və Ermənistanı kim dəstəklədi? Mən görmədim, gözümə sataşmadı”. 
Ümumiyyətlə, Ermənistan rəhbərliyinin son addımları və bəyanatları bir daha təsdiqlədi ki, işğalçı ölkədə hakimiyyət dəyişsə də, mahiyyət dəyişmir. Yəni küçənin dəstəyilə hakimiyyət başına keçməyə nail olmuş Nikol Paşinyan da sələfləri kimi anti-Azərbaycan, daha dəqiq desək, faşist siyasəti yürüdür. Ermənistanın baş naziri özünü “demokrat” və “insan hüquqlarının müdafiəçisi” kimi sırımağa çalışsa da, hamı Nikol Paşinyanı və onun komandasını “Sorusun uşaqları” kimi tanıyır. Təsadüfi deyil ki, bu gün Ermənistan hakimiyyətinin ən mühüm vəzifələrində Soros Fondunun tərəfdarları çalışırlar. Prezident İlham Əliyev Balakəndəki çıxışında da Ermənistanın bugünkü rəhbərliyinin Soros Fondunun təsiri altında olan adamlardan ibarət olduğunu vurğulamışdı: “Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros Fondunun və ona yaxın təşkilatların əməkdaşları olub”. Dövlət başçısı Ermənistanda baş vermiş “inqilabın” Sorosun və ona yaxın dairələrin növbəti təxribatının olduğunu birldirməklə yanaşı, həm də əlavə etmişdi ki, hakimiyyətə başına keçən indiki qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir: “Təsadüfi deyil ki, Soros Fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi”. 
Prezident İlham Əliyev xüsusilə vurğulamışdı ki, Ermənistanın indiki rəhbərliyi Soros Fondundan altdan-altdan da pul alır, onların agentləridir və onların sifarişini icra edirlər. Ölkə başçısı, həmçinin bildirmişdi ki, Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. 
Bununla yanaşı, Prezident İlham Əliyevin Nikol Paşinyanın danışıqlar üçün “7 şərt” irəli sürməsinə verdiyi cavab da diqqət çəkir: “Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”. 
Təbii ki, ölkə başçısının belə sərrast, açıq və beynəlxalq hüquqa uyğun qəti mövqeyi həvəskar və təzadlı siyasətilə Ermənistanı çətin vəziyyətə salan Nikol Paşinyana vurulan növbəti zərbə oldu. Bundan başqa, ermənilər bir daha gördülər ki, Azərbaycanın qüdrətli ordusu var, eyni zamanda, ölkəmizə göstərilən beynəlxalq dəstək də güclüdür. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq vurğulamışdı ki, 12 iyul təxribatına aldığı layiqli cavab Ermənistan üçün dərs olmalıdır: “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq”. Ən əsası, ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycanın başqa ölkələrin torpağında gözü yoxdur, öz torpağını da heç kimə verən deyil.

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

5 Avqust 2020 20:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə