Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial şəbəkələrdə ölkəmizə böhtan və iftira atanlar ermənilərin sifarişini yerinə yetirirlər

İstəsək də, istəməsək də bu gün sosial şəbəkələr  ­günümüzün reallığına, həyatımızın tərkib hissəsinə, ayrılmaz parçasına çevrilib. Əhalinin 80 faizi bu virtual dünyanın “sakini”dir. Belə bir məşhur kəlamı xatırlatmaq yerinə düşərdi: “Mən siyasətlə maraqlanmırdım, məşğul olmurdum, amma bir də gördüm ki, siyasət özü mənimlə maraqlanır, məşğul olur”. Bunu, eynilə, sosial şəbəklərə də aid etmək olar. Biz ondan qaçmaq istədikcə, o, bizə daha da yaxınlaşır.

Təbii ki, sosial şəbəkələrin olması bir çox məqamlarda faydalıdır. Bu, həm də ölkəmizdə demokratik prinsiplərin inkişafına verilən önəmin göstəricisidir. Unutmamalıyıq ki, əsrimiz informasiya-kommunikasiya texnologiyaları (İKT) əsridir. İndi heç bir dövlətin inkişafını informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Hətta, bir neçə il öncə Azərbaycanda “İKT ili” elan olunmuş və həmin müddətdən bu yana ölkəmizdə bu istiqamətdə inqilabi addımlar atılmış, böyük uğurlar əldə edilmişdir. Bütün bunlar ölkəmizin demokratik ənənələrə sadiqliyinin göstəricisidir.
Bu yöndə işlər hətta, ağır, üzücü pandemiya şəraitində belə davam etdirilir. Bu baxımdan sosial şəbəkələrin, internet resurslarının olması da vacibdir və önəmlidir. Sosial şəbəkələr, internet resursları vasitəsilə sahib olduğun dəyərlərlə, milli-mənəvi, tarixi, dini zənginliklərlə, keçmişinlə, bugününlə, inkişafınla, üzləşdiyin haqsızlıqlarla, ikili standartlarla bağlı öz fikirlərini, iradlarını, daha tez və daha asan şəkildə çatdırmaq imkanlarına maliksən. Bu, həm də sənin virtual olsa belə, dünyaya növbəti bir çıxışındır. Amma, həqiqətən də, sən haqq- ədalət yolundasansa, reallıq axtarışındasansa, şəxsi, dar, cılız maraqları deyil, ali, ülvi dəyərləri hədəfləmisənsə. Təəssüf ki, sosial şəbəkə istifadəçilərinin və izləyicilərinin sayının gündən-günə artmasına baxmayaraq, bir çox hallarda bunun əksini görür və müşahidə edirik. Bir çox sosial şəbəkə istifadəçiləri bu məkanı kimlərəsə, hətta dövlətə, Vətənə, millətə, dəyərlərə qarşı savaş meydanına çevirir, söyüş, təhqir, böhtan, şantaj vasitəsinə döndərir. Bunlar isə çox narahatedici və qorxulu tendensiyalardır.
Təəssüf ki, son bir neçə ildə sosial şəbəkələr daha çox görünməz qüvvələrin ruporuna, tribunasına çevrilib. Bu məsələdə də ölkəmizi, müstəqilliyimizi gözü götürməyən dairələr, ermənipərəst anti -Azərbaycan mərkəzlər, onların ölkəmizdəki və xarici dövlətlərdəki əlaltıları, milli mənliyi olmayan insanlar (əgər belələrinə insan demək mümkündürsə, qruplar daha fəaldırlar.
Bunu neçə illərdir həm sosial şəbəkələrdən, həm də digər internet resurslarından görürük. Bir çoxları üçün artıq (yəqin əvvəldən mövcud olmayıb) milli dəyər, milli mənlik, təəssübkeşlik deyilən keyfiyyətlər qalmayıb. Belə ünsürlər öz cılız, dar, məkrli, maraqları naminə hər şeyi tapdalamağa hazırdır və bunu da qulluqlarında durduqlarının qarşısında “canla-başla” yerinə yetirirlər... Dövlətimizə, Vətənimizə, ordumuza, hakimiyyət nümayəndələrimizə qarşı hər cür murdarlığa əl atırlar. Yəni, iftira yağdırmadıqları nəsə qalmır. 
Bəli, dövlətimiz kifayət qədər güclü və qüdrətli, xalqımız yetkin və iradəlidir. Belə satqın və xəyanətkarların istənilən addımının qarşısını almağa hazırıq və bu addımlar da zaman-zaman atılır. Amma hələ də öz ziyanlı və məkrli addımlarından vaz keçməyənlər var, hələ də düşmənin – işğalçı dövlətin və onun havadarlarının bu virtual məkan vasitəsilə ölkəmizə qarşı açıq və gizli formada basqıları, təxribatları davam etdirilir. Ona görə də kifayət qədər ayıq-sayıq olmaq zamanıdır. Ehtiyatı, tədbiri heç cür əldən vermək olmaz. 
Bəli, bu gün dünyanın əksər ölkələri, özlərini aparıcı, insan haqlarının, demokratiyanın beşiyi hesab edən Avropada, Amerikada belə sosial şəbəkələrin qanunvericiliklə tənzimlənməsi yolunda addımlar atılır. Hətta bir çox ölkələrdə bununla bağlı qanunlar mövcuddur. Məsələn, son illər Almaniya qanunvericiliyinə nəzər saldıqda görürük ki, 2017-ci ildə qəbul edilmiş “Facebook aktı” kimi də adlandırılan “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanun sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” Qanununa görə isə sosial şəbəkələr paylaşımları silməklə bərabər, müəlliflərin İP ünvanları ilə birlikdə Federal Kriminal İdarəyə bəyan etməlidirlər. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarə istifadəçilərin qeydiyyat məlumatlarını da tələb edə bilər. Sonuncu qanun internetdə nifrət və ədavət yayan cinayətlərə, eləcə də uşaq pornoqrafiyasının yayılmasına qarşı cəza mexanizmlərini nəzərdə tutur. Qanuna görə sosial şəbəkələr açıq-aydın cinayət tərkibli paylaşımlar barədə Federal Kriminal İdarəsinə məlumat vermək öhdəliyi daşıyırlar.
Həmçinin, dost və qardaş Türkiyə Respublikasında internet məkanında baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində hüquqi müstəvidə tədbirlər görülməkdədir. Belə ki, ­2007-ci il mayın 4-də “İnternet məkanında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul edilmişdir. Növbəti illərdə bu sahədə bir sıra addımlar atılmış və ən son olaraq, Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən cari il iyulun 29- da sosial mediaya aid tənzimləmələri özündə ehtiva edən 9 maddədən ibarət dəyişikliklər qeyd olunan qanuna əlavə edilmişdir. 
Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısı bu yolla alınacaqdır. Twitter, Facebook və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiya tətbiq ediləcəkdir. Təhqir məzmunlu paylaşımlar isə 48 saat ərzində silinəcək və sair. Belə faktların sayını artırmaq olar, amma, hesab edirəm ki, buna o qədər də ehtiyac yoxdur. Odur ki, bu təcrübədən yararlanaraq, Azərbaycanda da bu yöndə addımların atılmasına ehtiyac var. Bununla bağlı məsələ dəfələrlə gündəmə gətirilib, müzakirələr aparılıb, hətta parlament səviyyəsində bir neçə dəfə buna toxunulub.
Hesab edirəm ki, bir daha dünyadakı təcrübə öyrənilməklə, eyni zamanda, yerli xüsusiyyətlər nəzərə alınmaqla, sosial şəbəkələrlə bağlı tənzimləmə işlərinin aparılmasına, müvafiq qanunvericiliyin ya dəyişdirilməsinə, ya da qəbul edilməsinə şərait yaranıb.

 

Jalə ƏLİYEVA,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor

 

5 Avqust 2020 19:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə