Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19-un ikinci dalğası ilə bağlı həyəcan təbili

Son günlər mütəxəssislər koronavirusla mübarizədə həyəcan təbili çalır, COVID-19un ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər. Artıq dünyada COVID-19 pandemiyasına yoluxanların sayı 18 milyonu keçmişdir. Deməli, bu təhlükəyə qarşı daha ciddi addımlar atmağa və mütəxəssis rəylərinə əməl etməyə ehtiyac var. Nəzərə  alsaq ki, bir sıra  Avropa ölkələrində vaxtında  sərt karantin rejimi tətbiq edilmədiyinə görə yoluxma və ölüm hallarının sayında artım baş verdi. Odur ki, artıq bir sıra ölkələr daha sərt tədbirlərə əl atıblar. Avropanın müxtəlif ölkələrində ekspertlər ikinci dalğa ilə bağlı narahatlıqlarını ifadə edirlər. 

Almaniya Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başlandığını elan edib. Təşkilat vurğulayıb ki, Almaniya koronavirusun yayılmasının ikinci dalğasının başlanğıcındadır və vəziyyət yalnız iki-üç həftədən sonra dəqiq bilinəcək. Mütəxəsislər bunun  xaricə gedən  və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqəli olduğunu bildiriblər.  Onların fikrincə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir. 
University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları  İngiltərədə  daha güclü ikinci COVID-19 dalğasının olacağını xəbər verirlər. Bildirilir ki, ölkədə daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəblər yenidən fəaliyyətə başlayarsa, sakinlər qışda orijinal yayılma vəziyyətindən ikiqat daha ağır olan ikinci COVID-19 dalğası ilə üz-üzə qalacaq. 
Alimlər məktəblərin necə açılacağını -- tam və ya yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq, payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini müəyyən ediblər. Əgər Böyük Britaniyada  məktəblər sentyabr ayında tam rejimdə işləyərsə,  bu,   dekabrda ikinci böyük dalğaya səbəb olacaq.
BMT  COVID-19 pandemiyasının bir milyard tələbə və məktəblinin təhsilinə mane olduğunu bəyan edib. BMT-nin baş katibi Antonio Guterreş bildirib ki,  koronavirusa görə, məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəblinin  təhsil prosesinin dayandırılmasına səbəb olub. O əlavə edib ki, dünyada  azı 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum olub.  Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi reallaşdırılsa da, bu imkanlar bütün şagirdlərə çatdırıla bilməmişdir. 
Estoniyada da vəziyyət gərgindir. Qurumun rəyinə görə, artıq Estoniyada COVID-19 pandemiyasının ikinci dalğasının başlandığı qeyd olunur.  
Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş Nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.
   Fransada indiyədək, tibbi maska taxmaq yalnız ictimai nəqliyyat vasitələrində məcbur idisə, avqustun 1-dən etibarən  sakinlər  qapalı tipli bütün ictimai yerlərdə maska taxmalıdır.  Fransa  hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.  
“Le Figaro” qəzeti  şuraya istinadən yazıb ki, epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı daha yüksəkdir. 
“Worldometers” portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox yoluxma faktı  qeydə alınıb.
Qeyd edək ki, hazırda yoluxma sayına görə, ABŞ, Braziliya, Hindistan, Rusiya, Cənubi Afrika, Meksika, Peru, Çili, İspaniya, Kolumbiya ilk onluqdadır.

 

Əfsanə BAYRAMQIZI,  
“Xalq qəzeti”

5 Avqust 2020 19:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə