Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionların inkişafı əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir

Əminəm ki, Azərbaycanda bütün digər məsələlər uğurla öz həllini tapacaq. Çünki ölkəmizin çox gözəl perspektivləri var. Biz artıq dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin qiymətinin düşməsini Azərbaycan vətəndaşları hiss etmədilər. Biz bu ağır vəziyyətdə pandemiya ilə mübarizəyə böyük vəsait ayırırıq. Dediyim kimi, dövlət büdcəsinə əlavələr edilməlidir, dürüstləşmə aparılmalıdır. Əlavə xərclər cəlb ediləcək ki, insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da güclənsin və inkişaf etsin. 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanda investisiyaların qeyri-neft ­sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, bütün bunların nəticəsində isə əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Bu baxımdan son 17 ildə aqrar sektorda islahatları sürətləndirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində reallaşdırılan sistemli tədbirləri xüsusi vurğulamaq olar.
Dövlətimizin başçısının iyulun 29-da Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri çərçivəsində açılışlarında iştirak etdiyi sosial obyektlərin nümunəsində yuxarıda vurğulanan məsələlərin bir daha şahidi olduq. Bununla bağlı bəzi məqamlara nəzər salmaq istərdik.
Əvvəlcə onu xatırladaq ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, habelə digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafına mühüm təsir göstərib.
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 29-da Balakən rayonunda tanış olduğu “Bal meyvə” bağçılıq təsərrüfatı da respublikada bu sahəyə göstərilən qayğının bariz ifadəsidir.
Yeri gəlmişkən, təsərrüfatla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılan “Bal meyvə” bağçılıq təsərrüfatında 9 növ olmaqla 95 min alma və 4 növdə 3 min armud tingləri əkilib. Bundan əlavə, Beretbinə kəndində 15 hektar ərazidə 5 növdə 6500 gavalı və 2 növdə 2 min nektarin tinglərinin əkildiyi bağlara aqrotexniki, aqrokimyəvi xidmətlər göstərilir və bu bağlarda müasir “damcı” suvarma sistemi qurulub.
Bildirilib ki, 2020-ci ilin əvvəlində meyvələrin xüsusi şəraitdə saxlanılması üçün tutumu 1300 ton olan soyuducu anbarın tikintisinə başlanıb və sentyabrda onun istifadəyə verilməsi nəzərdə tutulub. Bağın 6 hektar ərazisində balıqçılıq təsərrüfatı üçün göl yaradılıb və burada 3 növ balıq bəslənilir.
Təsərrüfatda daimi olaraq 80 nəfər işçi çalışır, yığım vaxtı isə 200-dən çox rayon sakini mövsümi işlərə cəlb olunur.
Qeyd edək ki, ötən il təsərrüfatda 1200 ton meyvə istehsal edilib, bu il 1400 ton, 2023-2024-cü illərdə isə 2000 tondan çox meyvə istehsalı nəzərdə tutulub.
İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi də hazırda qarşıda duran mühüm vəzifələrdən biridir. Artıq elektrik, qaz təchizatı istiqamətlərində genişmiqyası tədbirlər reallaşdırılıb və bu, regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Belə şərait həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib.
Yeri gəlmişkən, qeyd edək ki, regionların inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edən dördüncü dövlət proqramı çərçivəsində bölgələrdə kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, məşğulluğun təmin olunması istiqamətlərində ciddi addımlar atılır. Həmçinin, bölgələrdə yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur da artıq öz bəhrəsini verir və işsizliyin aradan qaldırılmasında əsas rol oynayır.
Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq hazırda ölkəmizin regionlarında infrastrukturun inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılması diqqət mərkəzindədir. Bu baxımdan dövlətimizin başçısının müvafiq tapşırıqları əsasında respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil daha da genişləndirilir. Bu, həm sosial, həm də iqtisadi layihələrdir. Həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılır. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verir, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradır. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılır.
İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam, Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz, Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yollarının yenidənqurmadan sonra istifadəyə verilməsi də bunun bariz ifadəsidir.

 

İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam, Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz, Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yollarının  yenidənqurmadan sonra istifadəyə verilməsi də bunun bariz ifadəsidir.
Ümumiyyətlə, bu gün ölkəmizdə yol-nəqliyyat kompleksinin yenidən qurulması işi uğurla davam etdirilir. Belə ki, əgər əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına da xüsusi önəm   verilir. Dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir. Cəbhəyanı yaşayış məntəqələrinin sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısının tapşırıq və sərəncamları ilə həyata keçirilən müxtəlif infrastruktur layihələri içərisində yolların tikintisi və təmirinə xüsusi diqqət yetirilir. 
Azərbaycan brendi olan “ASAN xidmət”in əhatə dairəsi getdikcə genişlənir. Bu, ilk növbədə, ictimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğu, bürokratiyanı, süründürməçiliyi, vaxt itkisini aradan qaldırmağa xidmət edir. Prezident İlham Əliyevin iştirakı ilə Balakən regional “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir. 
Mərasimdə xatırladılıb ki, bir hektara yaxın ərazidə inşa olunan dördmərtəbəli bu “ASAN xidmət” mərkəzi Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
Qeyd edək ki, hazırda ölkədə 19 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidədir. Balakəndə açılışı olan “ASAN xidmət” mərkəzi sayca 20-cidir. Mərkəzdə 189 əməkdaş, 50 könüllü çalışacaq. Digər mərkəzlərdə olduğu kimi, burada da vətəndaşlara 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstəriləcək.
Bugünədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon vətəndaşın 38,3 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğusuna əsasən vətəndaşların “ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edir.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı dezinfeksiya tuneli barədə də məlumatlandırılıb.  Qeyd olunub ki, bu tunel istifadəçilərin şəxsi gigiyena qaydalarına riayət etmələri və steril şəkildə hər hansı məkana daxil olmalarını təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların yaddaşda saxlanılması xüsusiyyəti daşıyan tunelin içərisində dezinfeksiyaedici zona yerləşdirilib.
Prezident İlham Əliyevə digər innovativ yeniliklər barədə də məlumat verilib. Bildirilib ki, ultrabənövşəyi hava təmizləyiciləri qapalı yerlərdə havanı ultrabənövşəyi şüalar vasitəsilə virus və bakteriyalardan təmizləmək üçün istifadə olunur. Qurğunun aşağı hissəsindən daxil olan hava mexaniki süzgəclərdən keçərək ultrabənövşəyi şüalar kamerasına daxil olur. Bu kamerada havada olan virus və bakteriyaların 99 faizi məhv edilir.
Dövlətimizin başçısına daha sonra ozon generatorları barədə də məlumat verilib. Qeyd edilib ki, bu qurğudan müxtəlif zərərli mikroorqanizmləri məhv etmək, havanı və suyu dezinfeksiya etmək üçün geniş istifadə olunur. Ənənəvi kimyəvi dezinfeksiyaedici vasitələrlə müqayisədə ozon daha təsirli və ekoloji cəhətdən təmiz alternativdir. Dezinfeksiya qapıları ultrabənövşəyi şüalar sayəsində içərisindən keçən hər kəsin üzərindəki virus və bakteriyaları məhv edir. Dezinfeksiya robotu isə qapalı məkanların qısa vaxtda dezinfeksiya edilərək müxtəlif növ virus və infeksiyaların yayılmasının qarşısını alan xüsusi təchizatdır. Ultrabənövşəyi hava və səth təmizləyiciləri, həmçinin ozon generatorları ictimai binalarda, əhalinin sıx toplaşdığı məkanlarda koronavirusla mübarizə məqsədilə havanın təmizlənməsi üçün səmərəli vasitələrdir.
Diqqətə çatdırılıb ki, “Elektron Hökumətin İnkişafı İndeksi” Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki ildən bir keçirilən sorğu üzrə formalaşan və ölkələrinin “e-hökumət” hazırlığı ilə bağlı hesabatdır. Azərbaycan reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 71 bala yüksəldərək dünya üzrə orta göstəricini 11 bal üstələyib.
Elektron hərrac sisteminin məqsədi isə hərraclarda iştirakın əlçatanlığının artırılması, hərracda iştirak prosesinin rahatlaşdırılması və vahid hesabatlılıq üçün şərait yaratmaqdır. Sistemdən istifadə proseslərin elektronlaşdırılması və resurslara qənaət imkanı, şəffaflığın təmin edilməsi, elektron ödəniş və SMS məlumatlandırma kimi üstünlükləri əlçatan edir.
Bildirilib ki, daha bir yeni layihə “Elektron Su Təsərrüfatı” informasiya sistemidir. Bu sistem ölkə ərazisində su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması, bu sahədə uçotun və idarəetmənin təkmilləşdirilməsi məqsədilə hazırlanan DATA əsaslı informasiya sistemidir. Sistem su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması, modelləşdirilməsi və su obyektləri ilə bağlı aktual məlumatların toplanması, həmçinin həmin məlumatların “Elektron hökumət” informasiya sistemi üzərindən aidiyyəti digər sistemlərlə inteqrasiyası məqsədilə hazırlanır.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edərək deyib: “Bu layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr edilir. Balakən “ASAN xidmət” mərkəzi də məhz proqrama əlavə üzrə inşa edilibdir. Əvvəlki mərhələdə burada “ASAN xidmət” mərkəzinin tikintisi nəzərdə tutulmurdu. Çünki şimal-qərb zonasında artıq bir neçə mərkəz var. Adətən birinci mərhələdə hər bir mərkəz dörd, beş, altı rayonun əhalisini əhatə edir. Bu mərkəzdə isə cəmi üç rayon əhatə olunur - Balakən, Zaqatala və Qax. Bir daha demək istəyirəm ki, bu mərkəz mənim xüsusi tapşırığım əsasında inşa edilib. Artıq balakənlilərin sərəncamına gözəl bir mərkəz verilibdir”.
Ölkə rəhbəri nitqində daha sonra digər rayonlarda olduğu kimi, Balakəndə də sosial infrastrukturun getdukcə genişləndirilməsinin diqqət mərkəzində saxlanılacağını, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün təlim mərkəzinin yaradılacağını,  yol tikintisinin davam etdiriləcəyini, içməli su probleminin aradan qadırılacağını vurğulayıb. Dövlətimizin başçısı, çıxışında rayonda aqrar sektorun inkişafı məsələsinə də toxunub: “Kənd təsərrüfatı sahəsində yaxşı nəticələr var. Bildiyiniz kimi, şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişafı ilə bağlı mənim təşəbbüsümlə konkret addımlar atılır. Mən fındıqçılıq üzrə xüsusi müşavirə keçirmişdim. Bir neçə il bundan əvvəl mövcud bağların sahəsi 32 min hektar idi. Biz bir neçə il ərzində bunu 80 min hektara çatdırmışıq. Balakən rayonunda 5 min hektarda fındıq bağları mövcud idi, indi onların sahəsi 10 min hektara çatıb. Siz yaxşı bilirsiniz ki, burada yaşayan bir çox insanlar üçün əsas qazanc mənbəyi fındıqçılıqdır. Biz bu bağları salmaqla, fermerlərə kömək göstərməklə Balakən və qonşu rayonların əhalisinin maddi rifahını təmin etmiş oluruq. Bu gün Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir. Bu, çox gəlirli, perspektivli bir sahədir”. 
Göründüyü kimi, Prezident İlham Əliyev sosial dövlət olan Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına daim həssaslıqla yanaşır. Ayrı-ayrı proqramların icrası zamanı da bu məsələni xüsusi diqqətdə saxlayır. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da iş yerlərinin yaradılması prosesini sürətləndirir. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılır, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq büruzə verir.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

 

5 Avqust 2020 19:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə