Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yasamalda görülən işlər vətəndaşların rahatlığı üçündür

Azərbaycan  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olarkən, parkda yaradılacaq şərait barədə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısının tapşırığına uyğun olaraq, meşə tipli yeni parkın layihəsinin hazırlandığını bildirdi. Dörd hektar sahəni əhatə edən ərazinin əvvəllər zəbt olunduğunu, Prezidentin müdaxiləsindən sonra bu prosesin dayandırıldığını və bu torpaqların dövlət fonduna qaytarıldığını diqqətə çatdırdı. Bildirdi ki, layihəyə görə, parkda uşaq meydançası, fitnes və kafe zonaları olacaq.

Qeyd etmək lazımdır ki, həqiqətən də o ərazidə yerləşən binaların xarici görünüşü heç bir standarta uyğun gəlmir və ona görə binaların kompleks şəkildə təmir edilməsi çox vacib addımdır. Eyni zamanda, burada, Alatava adlanan qəsəbədə müxtəlif ölçülərdə tikilən fərdi evlər də şəhərin görkəminə uyğun gəlmir. Cənab Prezident Eldar Əzizovla söhbətində dedi: “... O vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin”.
Layihəyə görə bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün lazım olan şəraitin yaradılması, parkın təbii olması nəzərdə tutulur. Çünki, burada xeyli hündürmərtəbəli binalar, eyni zamanda fərdi tikililər var. O binalarda, evlərdə minlərlə insan yaşayır və nəzərdə tutulur ki, şəhər içində sanki kiçik bir meşə yaradılsın. Ona görə də planlaşdırılıb ki, burada təbii landşafta maksimum üstünlük verilməlidir. Dövlət başçısı bildirdi ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqların olması lazımdır. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etməlidir, əlavə ağaclar əkilməli və insanların gəlib burada rahat istirahət edə bilmələri, dincəlmələri üçün şərait yaradılmalıdır. 
Yasamal rayonu, Alatava qəsəbəsinin sakini Səbinə BALAKİŞİYEVA dedi:
-- Bu ərazinin abadlaşdırılması burada yaşayanların hamısının ürəyincə olan qərardır. İndi yaydır, hamı həyətində oturmaq, hava almaq istəyir. Siz bura axşamlar gələsiniz. Bağdakı ağacların altında bəzi üzdəniraq gənclərin xoşagəlməz söhbətləri, bəzən dava-dalaşları insanda ikrah hissi oyadır. Dəfələrlə qonşular gedib onlarla söhbətlər aparıblar. Bir-iki gün sakitlik olandan sonra yenə həmin vəziyyət təkrarlanır. İndi eşidəndə ki, bu yaşıllıq ərazi parka çevriləcək, uşaqların, elə yaşlıların da istirahət edə biləcəyi bir məkan olacaq, çox sevindik. 
Bu ərazidə bir vaxtlar yolu keçmək də təhlükəli idi. Uşaqları 1-ci, 9-cu, 4-cü mikrorayondakı  məktəblərə, bağçalara apararkən yolu təlaşla keçdiyimiz anlar da az olmayıb. Sağ olsun, dövlət başçımızı ki, burada belə böyük yerüstü keçidin inşasının həyata keçirilməsi ilə bağlı tapşırıq verdi.  İndi hər kəs bu keçiddən çox rahatlıqla, təhlükəsiz şəkildə istifadə edir. 
Burada salınacaq park isə həm ərazi baxımından, həm orada olan şam ağaclarının çoxluğu baxımından yəqin ki, ətraf mikrorayonların sakinlərinin də diqqətini cəlb edəcək. Parkın Yeni il ərəfəsində təhvil veriləcəyi isə sevincimizə sevinc qatacaq. Bircə bu pandemiya bəlasından xilas olaq, uşaqlarımız rahat şəkildə parklarda, gəzinti meydançalarında, uşaq-əyləncə məkanlarında istirahət etsinlər.
Qeyd edək ki, bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Yeni salınacaq park həm paytaxtın ekoloji vəziyyətini yaxşılaşdıracaq, həm də, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.

 

Təqdim etdi:  
Zərifə BƏŞİRQIZI,  
“Xalq qəzeti”

5 Avqust 2020 19:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə