Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həkim olmağımla heç vaxt bugünkü qədər fəxr etməmişəm

Dünyamız görünməz bir düşmənlə üz-üzədir: koro­navirus pandemiyası ay­lardır ki, insanlığı sınağa çəkir. Elmin, texnikanın müasir inkişaf mərhələsində bütün dünya bir daha dərk edir ki, taleyimiz hər an təhlükə qarşısındadır.

COVID–19-un ilk günlərindən ağ xalatlı həkimlərimiz bu amansız düşmənə qarşı mübarizədə ön sıralardadır. Öz həyatlarını riskə ataraq, necə deyərlər, ürəksıxan geyimlərdə günlərlə xəstəliklə mücadilə edən tibb işçiləri hazırda dünyamızın şəfqət, mərhəmət, sevgi simvoludur. Bax, elə buna görə də həkim olduğumla heç vaxt bugünkü qədər fəxr etməmişəm. Dünyanın harasında olmasına baxmayaraq, pandemiyaya qarşı qəhrəmancasına mübarizə aparan həmkarlarımla qürur duyuram, xəstələrin, onların yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin fədakarlıqlarını yüksək qiymətləndirən dövlətimizin başçısı­na və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Yeri gəlmişkən, koronavirus kimi təhlükəli bir bəlaya qarşı mübarizədə Azərbaycan dövləti, onun Prezidenti bütün dünyaya bir nümunə oldu. Atılan bütün addımlar vətəndaşların sağlamlı­ğının qorunmasına, virusla mübarizədən ən az itkilərlə çıxmağa hesablandı. Pandemiyanın ilk günlərindən respublikada tədris prosesi dayandı­rıldı, karantin elan olundu, bütün qüvvələr virusun geniş miqyasda yayılmasının qarşısını almağa yönəldildi. Xəstələrin qəbulu üçün ən müasir tələblərə cavab verən tibb ocaqları ayrıldı, təcili modul tipli xəstəxanalar inşa edildi. Dövlət baş­çısı yeni istifadəyə verilən tibb müəssisələrində oldu, lazımi göstərişlər verdi. Xalqımız cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın timsalında tək olmadığını, güclü bir dövlətin himayəsində yaşadığını hiss etdi. Təsadüfi deyil ki, bugünkü statistikaya nəzər saldıqda real­laşdırılan nəhəng işlərin, atılan önəmli addım­ların nəticələrini görmək mümkündür. Cənab Prezidentin “Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-in­tizam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu bir daha nümayiş etdirdi.

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində respublikamızda görülən işlər, virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu ağrılı məsələyə necə ciddi yanaşıldığını təsdiq edir. Dövlətimiz hər bir vətəndaşının iqtisadi problemlərinin həlli uğrunda var gücü ilə səy göstərir. Hər bir şəxs gerçəkləşdirilən layihələrin, təhlükəsizlik tədbirlərinin onların sağlamlığının qorunması məqsədi daşıdığını yaxşı başa düşür. Bir həkim kimi, bütün həmkarlarım adından Azərbaycan xal­qına göstərdiyi yüksək diqqət və qayğıya, atdığı inqilabi addımlara, qəbul etdiyi müdrik qərarlara görə cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Mehriban xanımın bir ana kimi, hər an xalqımızın yanında olması, dərd-səri ilə maraqlanması, dəfələrlə etdiyi müraciətlərlə milli həmrəyliyə nail olması qəlbimizdə qürur hissi doğurub.

TƏBİB bu çətin günlərdə ona göstərilən etimadı doğrultmağı bacardı

Təhlükəli virusa qarşı mübarizədə Azərbaycanın bütün tibb personalı səfərbər edildi. Həkimlərimizin peşəkarlığı, öz xalqına və dövlətinə sədaqəti bu məsuliyyətli günlərdə bir daha sübut olundu. Hər bir həkim bir əsgər kimi dövlətimizin qəbul etdiyi qərarların gerçəkləşdirilməsi, amansız xəstəliyin dəf olunması üçün mübarizəyə qalxdı. Ağ xalatlı mələklərin səfərbər olunmasında TƏBİB böyük xidmətlər göstərdi. Verilən qərarların operativ həyata keçirilməsi, çevik, professional fəaliyyət bu qurumun iş prinsipinə çevrildi. TƏBİB, eyni zamanda, güclü maarifləndirici tədbirlər real­laşdırmaqla xalqımızın bu amansız xəstəliyə qarşı səfərbərliyinə nail oldu. Xatırladım ki, bu, pandemiyaya qarşı mübarizədə mühüm amildir və bunun öhdəsindən uğurla gəlindi.

TƏBİB-in, onun rəhbəri Ramin Bayramlının səmərəli işi xalqımızın çətin sınaq günlərindən az itkilərlə çıxmasında böyük rol oynadı. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün ən çətin şərtlər altında çalışmaq, insan sağlamlığını təmin etmək, vətəndaşlar arasında çaşqınlığıa yol verməmək adı çəkilən qurumun fəaliyyətinin əsas istiqamətlərinə çevrildi. Bir sözlə, yeni yara­dılmasına baxmayaraq, TƏBİB ona göstərilən etimadı uğurla doğrultmağı bacardı. Bir həkim kimi, qazanılan uğurlara görə TƏBİB rəhbərliyinə minnətdarlığımı bildirir və bu məsuliyyətli işin öhdəsindən axıra qədər uğurla gələcəyinə inanıram.

Ölkə başçısının pandemiya ilə mübarizə aparan həkimlərimizə, tibb işçilərinə verdi­yi yüksək qiyməti, böyük dəyəri, xüsusilə də onların əməyini ayaq üstə alqışlamasını hər bir Azərbaycan vətəndaşı daim qürurla xatırlayacaq.

Vurğuladığım kimi, pandemiyanın ilk günlərindən etibarən respublikada təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlər və tibbi xidmət personalıdır. Hər bir vətəndaş onların koronavirus infeksiyasının zəiflədilməsi, aradan qaldırılması tədbirlərində gördükləri işlərin, bunun nəticəsində əldə olunan müsbət göstəricilərin mühüm önəm daşıdığını dərindən dərk edir.

Yazının sonunda fikirlərimi yekunlaşdırıb bir daha qeyd edirəm ki, indi həmişə olduğun­dan daha çox həmrəyliyə, təhlükəli xəstəliklə mübarizədə dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ciddi ehtiyac var. İnanıram ki, xalqımız və dövlətimiz bu ağır sınaqdan da alnıaçıq, üzüağ çı­xacaq, bütün dünya bir daha Azərbaycan xalqının müdrikliyinin şahidi olacaq!

 

Fərqanə MAHMUDOVA,
Tibbi Reabilitasiya Xəstəxanasının həkim-kardioloqu

5 Avqust 2020 16:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə