Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İKT-nin ictimai-siyasi həyata gətirdiyi imkanlar və problemlər...

İnformasiya Kommunikasiya Texnologiyaları  və sosial media platformalar, onlardan geniş istifadə özündə nə qədər müsbət məziyyətlər daşısa da, mənfilikləri də olmamış deyil. Məsələn, düşmən tərəfə, bizim elektron rabitə xətlərimizə ardıcıl hücumlar həyata keçirmək, mülki vətəndaşlarımıza birbaşa təsir etmək üçün fürsətlər verir desək, yanlış olmaz. Hələ 2016-cı ilin aprel döyüşləri zamanı (eləcə də, sonrakı mərhələdə), xüsusilə, 12 iyuldan Tovuz rayonu istiqamətində baş verən məlum hadisələr bir daha göstərdi ki, Azərbaycanda və ondan kənarda yaşayan sosial media (digər onlayn platforma) istifadəçilərinin müəyyən qismi, erməni xüsusi xidmət orqanlarının və çox təəsüf ki, maşa kimi istifadə olunan bəzi azərbaycanlı jurnalist və blogerlərin… apardığı dezinformasiya, əks-təbliğat və “qara piar” kimi kampaniyalarının qurbanı oldu. Hətta onlar bəzən bilməyərəkdən dövlət maraqlarımıza zidd olan, arzuedilməz kontentin təbliğatçısına çevrildi. Bəlli olduğu kimi, piar fərdin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının, şirkətin və s. ictimai informasiyasının verilməsi və onunla işbirliyinə əsaslanan irəliyə hərəkət üzrə kompleks tədbirləri ehtiva edir. İşin içinə fərqli rənglər girincə, şəkil dəyişir.

Biz daha çox “qara piar”dan danışır, onunla qarşı-qarşıya olduğumuzu ifadə edirik. Rəqib partiyanın, qrupun və başqalarının ləkələnməsi, məhv edilməsi üçün “qara texnologiya”lardan istifadə edilməsi, onun adından təhqiredici və ya təhlükəli bəyanatların verilməsi, yayılması “qara piar”dır. “Qara”nın yanında başqa arzuolunmaz rənglər də var: “sarı piar” (diqqəti cəlb etmək məqsədi ilə təhqiramiz elementlərdən istifadə; “boz piar” (qaynağını gizli saxlayan təbliğat), “özünüpiar” (öz-özünün anonim tərifidir), “qəhvəyi piar” (neofaşist və faşist təbliğatı ilə yaxın bir olay), “viruslu piar” (hazırkı formada “viruslu” anlayışı muxtar xarakter daşıyır. İnsanların öz aralarında, dostları və tanışları ilə maraq dairəsinə aid müxtəlif ideya, düşüncə, fikirləri bölüşmək anlamında işlədilir)… Daha, “qara piar”a zidd olan anlayışın nümayişi üçün meydana gəlmiş “ağ piar”, sosial məsuliyyət ifadəsi “yaşıl piar”, pozitiv, müsbət modellərin formlaşdırırılmasına (dəstəyinə) hesablanmış təbliğat “sosial piar” sıradan kənar kimi görünür. Sıradan kənar deyərəkən, məhz ölkə xaricindən ölkə içinə çamur atmaq üçün tətikdə duranların dünyasını nəzərdə tuturam, təbii. Əlbəttə, biz burada “piar”ın növləri haqqında danışmağa köklənməmişik. Terminin çalarlarına, rənglərinə yalnız ona görə bir qədər diqqət yetirdik ki, Azərbaycana, xalqımıza və dövlət maraqlarımıza qarşı neçə çalar, necə rəng bir-birinə qarışıb aydın görünsün. Yəni, qaramı? Qara və boz-bulanıq bir “piar” dalğası ilə üz-üzə qalmışıqsa, biz də “ağ”ımızı, “yaşıl”ımızı, “sosial”ımızı irəli sürmək haqqına sahibik. Bu mənada, bəzən, qüsura baxmayın, “ortada yeyib, qıraqda gəzən”lərin susqunluğu, biganələyi, hətta, deyərdim, gizlənməsi başa düşülən deyil.

Mövqe sahibi olmaqla, mövqesizlik yalnız şəkilçi ilə fərqlənmir – bu ürək işidir, etibar, vəfa işidir və insanlıq əyarıdır. Görünür, mövqe və mövqesizlik də, “qara piar”a qarşı fəaliyyət də, məhz hüquq, qanun relslərinə çıxarılmaqla, öz layiq olduğu mərtəbəni, münasibəti görməlidir. Doğrudur, müvafiq qanunvericilik aktları mövcuddur, amma əlavələr, düzəlişlərlə yeni dövrün tələb və gerçəkliklərini əhatə etmək ümumi işin, dövlət və toplum maraqlarının xeyrinə olardı. Bəli, həm Azərbaycan -- Ermənistan dövlət sərhədində, həm də xarici ölkələrdə son günlər baş verən qarşıdurma və toqquşmalarda Azərbaycan dövlətini, azərbaycanlıları günahlandıranların, bunu uydurulma və saxta “məlumat”lara istinadən 7/24 rejimində təbliğ edənlərin əsas fəaliyyəti, sonuc etibarı ilə Ermənistan və havadarlarının ölkəmizə qarşı təcavüzkar siyasətini dəstəkləməyə xidmət edir. Etiraf edək ki, hazırkı dünyanın gerçəklikləri ənənəvi xarakter daşımır. Yeni çağırışlar, yeni imkan və həm də, yeni problemlər var. Virtual savaşda əsl hədəf qarşı tərəfin düşüncəsinə təsir etməkdir. Bu baxımdan unikal platforma olan sosial şəbəkələr təhlükəsizliyimizə qarşı fəaliyyətlər üçün geniş imkanlar yaradır. Azərbaycana düşmən kəsilən şəxslər sosial media seqmentində yalan və böhtana əsaslanaraq, faktları təhrif etmək “metod”u ilə istədikləri sonucu əldə etməyəcəklərini bilsə də (qısa müddətli də olsa), “stəkanda fırtına” yaratmağa, bununla da aldıqları qrantlara görə “halallıq” qazanmağa çalışır. “Çamur ağ köynəyə yapışmasa da, izi qalacaq” düşüncəsində olanlara elə öz yoğurduqları çamurlar yaraşır. Əslində, qoy, çamur içində olduqlarını fərq etməyə sərf edəcəkləri vaxt və enerji qədər, “qara piar” imkanından itkiyə uğrasınlar, heç olmasa… Əlbəttə, durum ümidsiz deyil! Müdrik və qədirbilən xalqımız bu cür nankorların layiqli cavabını dərhal verib, verir və daha verəcəkləri cavablar vardır.

Bununla belə, Ermənistanın (ermniyanlıların) bundan sonra da ölkəmizə qarşı istifadə edəcəyindən heç kəsin şübhəsi olmamalıdır. Xocalı soyqırımı kimi şahidli, sənəd-sübutlu bir bəşəri cinayətin guya azərbaycanlıların özü tərəfindən törədildiyini tirajlayanlar, bu gün cəbhədə və xaricdə baş verən (anti-Azərbaycan) prosesləri də bizim üzərimizə yıxmaq istəyir. Artıq Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımların edilməsi ilə bağlı qəbul etdiyi qanunlara nəzər saldıqda aydın şəkildə görünür ki, Azərbaycanda bu sahədə xeyli boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqlardan rahatca yararlanaraq, öz məkrli fəaliyyətlərini davam və inkişaf etdirir. Açığı, bundan heç də geri qalmayan başqa bir gərginlik də bizi müşahidə etməkdədir. Ölkəiçi məişət və cinsi zorakılıq hallarının, narkotik vasitə və psixotrop maddələr istifadəsinin, əxlaqsızlıq və yüngül həyat tərzinin, o cümlədən toplumumuz üçün təhlükə ərz edən digər məsələlərin onlayn platformalarda aktiv təbliğ olunduğunu görməkdəyik.

Son illər Almaniya qanunvericiliyinə nəzər saldıqda görürük ki, 2017-ci ildə qəbul edilmiş “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanun (“Facebook Aktı” da adlandırılır) sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə isə sosial şəbəkələr, paylaşımları silməklə yanaşı, müəlliflərin “İP” ünvanları ilə birlikdə Federal Kriminal İdarəsinə bəyan etməlidir. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarəsi istifadəçilərin qeydiyyat bilgilərini də tələb edə bilər. Sonuncu qanun internetdə nifrət və ədavət yayan cinayətlərə, eləcə də uşaq pornoqrafiyasının yayılmasına qarşı cəza mexanizmlərini nəzərdə tutur. Qanuna görə sosial şəbəkələr açıq-aydın cinayət tərkibli paylaşımlar barədə Federal Kriminal İdarəsinə məlumat vermək öhdəliyi daşıyır. Bundan başqa, xəsarət yetirməklə hədələmə, ictimai yaxud yazılı şəkildə edilmiş təhqirlər və ictimai şəxslərin diffamasiyası cinayət məcəlləsi ilə tənzimlənən qanun pozuntuları sırasına daxil edilir. Qanuna əsasən, internetdə ölümlə hədələmə 3 ilədək, digər hədə-qorxular isə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bundan əlavə, cinayət tərkibli paylaşımların “bəyən”ilməsi də internet istifadəçiləri arasında geniş yayılarsa, məhkəmənin qərarı ilə ictimai barışığın pozulması halı kimi qiymətləndirilə, cəzalandırıla bilər. Nəhayət, təcili yardım fəaliyyəti göstərən həkim və digər tibb işçilərinə edilən verbal hücumlar 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Artıq bir neçə ildir ki, qardaş və qonşu Türkiyə Cümhuriyyətində internet məkanında baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması yönündə hüquqi müstəvidə ciddi tədbirlər görülməkdədir. Belə ki, 4 may 2007-ci ildə “İnternet məkanında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul edilib. Bu sahədə bir sıra başqa addımlar da atılıb və son olaraq, Türkiyə Böyük Millət Məclisi tərəfindən bu günlərdə sosial mediaya aid tənzimləmələri özündə ehtiva 9 maddədən ibarət dəyişikliklər qeyd olunan qanuna əlavə edilib. Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısının alınması qanunun tələbi olacaq. “Twitter”, “Facebook” və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiyaya məruz qala bilərlər. Buyurun, inkişaf etmiş Avropada, qardaş və qonşu ölkədə, digər yaxın-uzaq, böyük-kiçik ölkələrdə internetin məziyyətlərini müşahidə edən çatışmazlıq və nöqsanlar, toplum həyatını zədələyən hallar qanunlara əlavə və dəyişikliklərə gətirib çıxarıb. Bəs biz bu dəyişiklikləri etməmək üçün “qara piar”çılardan, qanunsuz çağırışçılardan çoxmu sığortalanmışıq? Başa düşürəm ki, sualın ritorikası hamı tərəfindən hiss olunmaqdadır…

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

5 2020 14:56 - CƏMİYYƏT
CƏMİYYƏT
24 Sentyabr 2020 | 00:44
Samuxdan xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə