Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyalı tədqiqatçı: Avropa İttifaqının dəyərləri separatizm formalarını dəstəkləmir

İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzetinə bağlı məşhur “EUROACTIVE” portalının italyan versiyasında ermənipərəst italyan jurnalist, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfərinə görə adı arzuolunmaz şəxslərin siyahısında daxil edilmiş Simone Zoppellaronun “Ermənistan-Azərbaycan münaqişəsi və Avropa İttifaqının məsuliyyəti” adlı qərəzli məqaləsinə cavab olaraq italiyalı tədqiqatçı, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier tərəfindən “Dağlıq Qarabağ: İttifaqın dəyərləri separatizm formalarını dəstəkləmir” yazısı dərc edilib.

AZƏRTAC xəbər verir ki, D.Pommier öz məqaləsində S.Zoppellaronun iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş hərbi əməliyyatlarla bağlı fikirlərinin şübhəsiz ki, yalnız erməni tərəfinin mövqeyini əks etdirdiyini, Azərbaycanın atdığı hər bir addıma mənfi don geyindirmək cəhdinin obyektiv reallığı əks etdirmədiyini və elmi araşdırmalara cavab vermədiyini bildirib.

D.Pommier S.Zoppellaronun Azərbaycana qarşı irəli sürdüyü iddiaları bir-bir təhlil edərək onların tam əsassız olduğunu konkret arqumentlərlə sübut edib. O, Ümumdünya Səhiyyə Təşkilatına istinadən COVID-19 ilə bağlı Ermənistanın qonşu dövlətlərlə müqayisədə ən ağır vəziyyətdə olduğunu, həm ölənlərin, həm də yoluxanların sayının Azərbaycandan daha çoxluğu, iyulun 9-dan bəri Azərbaycan yox, məhz Ermənistan vətəndaşlarının İtaliyaya girişinə qadağa qoyulduğunu, məhz bu səbəblərdən də Ermənistandakı ağır daxili vəziyyətin hökm sürməsinin bu ölkənin rəhbərliyinin ictimaiyyətin diqqətini kənara yönəltmək ehtiyacında olduğunu bildirib.

D.Pommier Azərbaycanda iki ildən artıq davam edən köklü islahatların ölkə iqtisadiyyatının təməllərindən başlayaraq dövlət idarəçiliyində yeni nəsil şəxslərin təyinatına qədər bütün sahələri əhatə etdiyini vurğulayıb və S.Zoppellaronun öz məqaləsində Azərbaycanda daxili proseslərdəki müsbət dinamikanı görməzdən gəlməsi, Ermənistanı islahatçı kimi təqdim etməsi kimi fikirləri ilə razılaşmayıb. D.Pommier qeyd edir ki, Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanda yeni hakimiyyətin Qarabağdan gəlmiş aqressiv millətçi mövqedən çıxış edən keçmiş hakimiyyət nümayəndələrindən fərqli düşüncə tərzinə malik olacağı barədə gözləntilər Azərbaycanda maraqla qarşılansa da, Ermənistanın köhnə millətçi ritorikası bu ümidləri puç edib.

Münaqişə mövzusunda S.Zoppellaronun beynəlxalq ictimaiyyətin, xüsusilə də Avropa İttifaqının Kosovo məsələsində olduğu kimi “demokratik keçidi həyata keçirən və vətəndaş cəmiyyətini inkişaf etdirən” qondarma “Dağlıq Qarabağ respublikasının” müstəqilliyinin tanınması kimi qərəzli və qəribə təklifinə münasibətdə D.Pommer cavab verib ki, qondarma “Dağlıq Qarabağ respublikası” heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən belə tanınmayıb. “Eurasianet” saytında dərc olunmuş məqaləyə (https://eurasianet.org/karabakhs-elections-end-in-a-whimper) istinadən D.Pommier qeyd edir ki, Ermənistanın özündə belə bu bölgədə “demokratik proses” və “vətəndaş cəmiyyətinin” mövqeyinin güclü olmasına dair çox ciddi şübhələr mövcuddur. 

Müəllif vurğulayır ki, S.Zoppellaro məqaləsində iki əsas məqama yer ayırmayıb: 1992-1994-cü illərdə baş vermiş müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan silahlı qüvvələr tərəfindən işğal olunub; təqribən bir milyon azərbaycanlı öz vətənində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu durum davam etməkdədir. Bunlardan qaynaqlanaraq belə suallar doğur: “Dünyada misilsiz amansızlıqla etnik təmizləmə siyasətini həyata keçirən tamamilə monoetnik cəmiyyətin məskunlaşdığı ərazilərdə hansı vətəndaş cəmiyyəti mövcud ola bilər, hansı insan haqları qoruna bilər? Qaçqınların geri qayıtmasının müstəqillik əldə edildikdən sonra mümkün ola biləcəyini necə söyləyə bilərsiniz?”. İkinci məqam kimi Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq hüquq nöqteyi-nəzərdən tamamilə əsassız olması ilə bağlıdır. D.Pommier S.Zoppellaroya italiyalı professor Natalino Ronzittinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabla tanış olmağı tövsiyə edib, bunun səbəblərini məhz həmin kitabda tapacağını bildirib. “Dağlıq Qarabağın erməni azlığı özünüidarəetmə orqanları formasında öz mədəniyyəti, dili və sosial hüquqlarının qorunması üçün muxtariyyət hüququna malikdir və buna ölkələrin ərazi bütövlüyü çərçivəsində daxili özmüqəddəratını təyinetmə prinsipi deyilir; həmin prinsip Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsində də əks olunub”, - deyə D.Pommier vurğulayıb. İtaliyanın “separatizm balıqlarının üzdüyü suyu qurutduğu” Cənubi Tirola (Alto-Adice) verdiyi statusu nümunə kimi götürmək lazım olduğunu qeyd edib.

Yazısının sonunda D.Pommier Avropa İttifaqının dəyərlərinə söykənən “EUROACTIVE” kimi bir mətbuat orqanının səhifələrində 2020-ci ilin ortalarında hələ də separatizm formalarını dəstəkləyənlərin olmasından təəccübləndiyini bildirib. Separatizmin yalnız qarşıdurma, xaos və vətəndaş cəmiyyətlərinin dağıdılması anlamına gəldiyini deyən müəllif sonda fikirlərini “İspaniyada yaxın keçmişdə baş vermiş risklər oxşar ritorikanın işlədilməsinə münasibətdə ehtiyatlı davranmağı tələb etmirmi?” sualı ilə bitirib.

https://euractiv.it/section/societa/opinion/nagorno-karabakh-che-i-valori-comunitari-non-sostengano-forme-di-separatismo/

Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

5 2020 10:15 -

Köhnə versiyamızdan xəbərləri izlə