Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görülmüş tədbirlər bank sektorunda sağlamlaşma prosesinə müsbət təsir göstərəcək

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə N azirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqt isadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin maliyyə vəziyyəti barədə də dövlət başçısına məlumat verilib. Bildirilib ki, bu ilin ilk yarısında istehlak tələbinin azalması və bunun nəticəsində neft və neft məhsulların ın qiymətlərinin enməsi ölkə iqtisadiyyatı üçün bir sıra fəsadlar törədib. Lakin buna baxmayaraq, Azərbaycanın büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra edilib. Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib.

Daxilolmalar üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlama­sı ilə reallaşdırıb. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolma­lar 100 faiz, digər daxilolmalar üzrə proq­noz isə 15,2 milyon manat çox icra olunub.

Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə proqnozun 102 mil­yon manat az, dövlət büdcəsi xərclərinin isə 105 milyon manat artıq və ya 100,9 faiz icra olunmasına baxmayaraq, cari il iyulun 1-dək dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb. Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin, sosial proqram və layihələrin icrası tam həcmdə yerinə yeti­rilib.

İlin ilk altı ayı ərzində maliyyələşdirilən 11 milyard 734,1 milyon manat büdcə xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 42,5 faiz olub və yaxud 4 milyard 984 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin altı ayında səhiyyə xərclərinə 75,8 faiz və yaxud 287 milyon manat, təhsil xərclərinə 53,5 faiz və yaxud 517 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 13,2 faiz və yaxud 196 milyon manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 85,3 faiz və yaxud 260 milyon manat çox vəsait yönəldilib.

Dövlət investisiya proqramı çərçivəsində investisiya layihələrinin gerçəkləşdirilməsi üçün ayrılan vəsaitin 44,3 faizinin və yaxud 1 milyard 835 mil­yon manatının maliyyələşdirilməsi həyata keçirilib. Dövlət borcuna xidmətlə bağlı xərclər isə 881 milyon manat təşkil edib.

Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılan 1 milyard 409 milyon manat vəsaitdən hesabat dövründə 752 milyon manat vəsaitin maliyyələşdirilməsi təmin olunub. Bu mənbədən səhiyyə sahəsinə ayrılan 250 milyon manat vəsaitdən 149 milyon manat, sosial-iqtisadi dəstək tədbirləri üzrə ayrılan 570 milyon manat vəsaitdən 281 milyon manat, sosial təminat dəstək tədbirləri üzrə ayrılan 309 milyon manat vəsaitdən 244 milyon manat, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ayrılan 280 milyon vəsaitdən isə 118 milyon manat artıq istifadə edilib.

Pandemiyanın hansı müddətə qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənliyi, dünya iqtisadiyyatında resessiyanın nə vaxt başa çataraq iqtisadi artımla əvəz olunaca­ğını tam təxmin etmək hələ də qeyri-müm­kündür. Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin aprel ayındakı proqnozunu iyun ayında 4,9 faizədək pisləşdirib. Bununla yanaşı, fond 2021-ci ildə dünya iqtisa­diyyatının sürətli bərpa olunması proqno­zunu yeniləyərək daha mülayim addımla əvəzləyib.

Nazirlər Kabinetinin son iclasında, həmçinin vurğulanıb ki, bu ilin altı ayında xam neftin orta aylıq qiymətinin 38 ABŞ dolları təşkil etməsi, OPEC+ sazişi çərçivəsində satış üzrə neft xərclərinin azalması və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olun­ması qaçılmaz olan karantin və digər məhdudlaşdırıcı tədbirlərin iqtisadiyya­ta mənfi təsirləri ilin sonuna həm neft gəlirlərinin, həm də qeyri-neft sektoruna daxilolmaların azalmasını şərtləndirir.

Hesabat dövründə vergi, gömrük və məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar proqnozlarının artırıl­ması ilə yerinə yetirilməsi nəticəsində formalaşan ehtiyat ilin sonuna kimi xərclər və gəlirlər arasında gözlənilən qeyri-ta­razlığın aradan qaldırılması üçün kifayət etməyəcək.

Azərbaycanın strateji valyuta ehtiyat­ları hazırda, demək olar ki, ilin əvvəlinə olan səviyyədədir. Xarici şok şəraitində valyuta bazarı əhəmiyyətli spekulyativ hücuma məruz qalıb. Lakin vaxtında görülən tədbirlər nəticəsində valyuta bazarı tarazlaşıb. Hazırda bunun hər iki seqmenti– həm nağd, həm də qeyri-nağd hissəsi tam sabit və tarazlı səviyyədə fəaliyyət göstərir. İlin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var. Aparılan sorğular göstərir ki, həm əhalinin, həm də biznesin inflya­siya göstəriciləri sabitləşib, aşağı düşüb. Cari ilin sonunda inflyasiya 3-3,5 faiz səviyyəsində proqnozlaşdırılır. Pul-kredit və faiz siyasətinin yumşaldılması ardıcıl olaraq davam etdirilir. Yeri gəlmişkən, ilin əvvəlindən faiz dərəcəsi 7,5 faizdən 7 faizə endirilib.

Hesabat dövründə iqtisadiyyat və bank sistemində təxminən 8 milyard manata qədər əhəmiyyətli likvidlik qeydə alınıb. Burada onu da xatırladaq ki, bəzi hal­larda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranıb və Mərkəzi Bank məsələyə operativ reaksiya verərək, çətinliyi aradan qaldırıb. İlin əvvəlindən maliyyə sektorunda başlayan pozitiv dina­mika da saxlanılıb.

İkinci rübdə ölkədə maliyyə sağlamlı­ğının gücləndirilməsi istiqamətində radikal addımlar atılıb. Dörd bankın, bir tibbi sığorta şirkətinin lisenziyaları geri çağırılıb. Bütövlükdə, bu ciddi tədbirlər operativ olaraq bir ayın içində – aprelin sonunda və may ayının ortalarında görülüb. İyunun 1-dən isə artıq əmanətçilərin əmanətlərinin qaytarılmasına başlanıb. Hazırda hər dörd bank üzrə əmanətlər “Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bu­günkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait ödənilib.

Hesabat dövründə sığorta sistemində də artım nəzərə çarpıb. Bu sahədə yığım 13,5 faiz artırılıb. Kapital bazarlarında canlanma təşviq olunub. Bugünlərdə “SOCAR Polymer Invesment” Məhdud Məsuliyyətli Cəmiyyəti daxili bazarın istiqraz emissiyası vasitəsilə 200 milyon dollar vəsait cəlb edib. Bu vəziyyətdə təbii ki, təmassız ödəniş, eləcə də elektron ödəniş sistemlərinin üzərinə olduqca böyük iş düşüb. İlkin qiymətləndirməyə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyata 37 faiz, təmassız kartların sayı 2 dəfə, təmassız ödənişlər 5 dəfə, elektron ticarət 53 faiz, bankçılıq 2,2 dəfə, internet bankçılıq isə 84 faiz artıb.

Pandemiyanın nəticələrini aradan qaldırmağa imkan verən antiböhran tədbirlərinə Mərkəzi Bank da qoşulub. Hazırda Mərkəzi Bankın requlyativ güzəştlərinə uyğun olaraq, banklara 1 milyard manat məbləğində kreditlərin restrukturizasiyası ilə əlaqədar 64 mindən çox müraciət edilib. Banklar tərəfindən bu müraciətlərə operativ baxılır. Artıq biznes kreditlər üzrə 58 faiz, ipoteka kreditləri üzrə 77 faiz, əhalinin istehlak kreditləri üzrə isə 84 faiz müraciətlər icra edilib, restrukturizasiya olunub. Əhaliyə biznesə möhlətlər verilib və bu, onlara bir qədər yüngüllük gətirir. Çünki onlar pandemiya dövründə öz gəlirlərini itiriblər.

Hesabat dövründə real sektorun maliyyə imkanlarına çıxışını genişləndirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 200 milyon dollar həcmində çərçivə sazişi bağlanılıb. Bu, Azərbaycan Prezidentinin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə danışıqlarından sonra baş verib. Birinci tranşın 50 milyon dollar­dan artıq olacağı nəzərdə tutulub. Artıq kreditlərin real sektorda olan müəssisələrə yönləndirilməsinə başlanılıb.

V.BAYRAMOV, “Xalq qəzeti”

5 Avqust 2020 04:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə