Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan ordusu koronavirus məngənəsində

Dünyanı çənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Cənubi Qafqaz ölkələri arasında ən çox yoluxma halı işğalçı ölkə olan Ermənistanda müşahidə edilməkdədir. Ölkədə hər gün artmaqda olan yoluxma sayı­nın Ermənistan ordusunda da kütləvi hal alması Paşinyan hökümətini çıxılmaz vəziyyətə salıb. Ermənistan hər nə qədər gizlətməyə çalışsa da, Azərbaycanla sərhədin Tovuz istiqamətində işğal cəhdi ilə provokasiyalara əl atması və döyüşlərdə xeyli hərbi texnika və canlı qüvvəsini itirməsi bir həqiqətdir. Ötən ay bir neçə gün davam edən döyüşlərdə istər Ermənistan mediası, istərsə də sosial mediada paylaşımlar bu provokasiyanın işğalçı orduya baha başa gəldiyini göstərir.

Döyüş şəraitində ordunun itkiləri azmış kimi, qeyri-döyüş şəraitində həyatını itirmiş hərbi qulluqçuların sayının da artması və üstəlik pande­miyanın artıq mart ayından orduya “ayaq açması” cəmiyyətdə təşvişlə yanaşı, həm də narazılıq doğurmaq­dadır.

Bu gün işğalçı orduda hərbi qul­luqçuların həyatına təhlükə törədən səbəblərə COVID-19 pandemiyası­nın da əlavə edilməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Koronavirusa yoluxma halları artmaqdadır. Hələ koronavirusun yayıldığı ilk aylarda sosial mediada yayılan xəbərlərdə orduda COVID-19-un aşkar edilməsi bildirilsə də, aidiyyəti qurumlar belə bir halın olma­dığını açıqlamış, virusun or­duda mövcudluğunu ört-basdır etmişdi. Lakin martın 27-də Ermənistan Müdafiə Nazir­liyinin mətbuat katibi Şuşan Stepanyan rəsmi olaraq, 5 hərbi qulluqçuda koronavirus aşkarlandığını bildirdi.

May ayında isə müdafiə na­ziri D.Donoyan jurnalistlərə müsahibəsində orduda təxminən 20 yoluxmuş hərbi qulluqçunun olduğu­nu qeyd etmiş və bildirmişdi ki, bu, əsasən İrəvan yaxınlığında və keçmiş mərkəzlərin hərbi hissələrində qeydə alınıb.

İyun ayında müdafiə nazirinin müavini Qabriyel Balayan orduda koronavirusa yoluxma halları ilə bağlı parlamentdə müstəqil deputat Armen Babacanyanın suallarını cavablandırarkən etiraf etmişdi ki, orduda COVID-19-a yoluxmuş hərbi qulluq­çuların böyük hissəsi müqavilə ilə xidmət edən şəxslərdir. Onlar isə hərbi hissələri tərk etmək və geri qayıtmaq imkanları olan qulluqçulardır.

Bundan başqa, hərbi çağırışın davam etməsi görülən pandemiyaya qarşı zəruri tədbirlərə baxmayaraq, əlavə təhlükə yarat­maqdadır. Belə ki, iyulun 1-dən Ermənistanda hərbi çağırışın başlan­masından bəri çağırışçılar arasında edilmiş testlər zamanı onların bir qismində yeni növ koronavirus aşkar edilib. Bu faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Armenpress”ə verdiyi açıqlamada etiraf edib. Qeyd edib ki, təxminən 30 çağırışçıda yolux­ma halı aşkar edilib və onların 13-ü artıq sağalıb. Onun sözlərinə görə, yoluxmuş hərbi çağırışçılar sosial təcrid olunublar , sağaldıqdan və 14 gün karantin rejimindən sonra yenidən testdən keçəcəklər, testin cavabı mənfi olarsa, ordu sıralarına qoşulacaqlar.

Oğullarının qeyri-döyüş şəraitində ölümünün obyektiv araş­dırılmasını tələb edən valideynlər mütəmadi olaraq, etiraz aksiyası ke­çirmiş, hətta bir sıra yolları bağlamış, Paşinyana müraciət etmiş, cinayət işlərinin obyektiv araşdırılmasını tələb etmişlər. Artıq Ermənistan mediası baş nazir Nikol Paşinyanın qərarı ilə qeyri-döyüş şəraitində öl­müş və ya öldürülmüş hərbi qulluq­çuların cinayət işlərinin araşdırılması üzrə işçi qrup yaradılaca­ğını bildirib. Qrup 8 nəfər hərbi qulluqçunun ölüm faktını araşdıracaq. Paşin­yanın qərarı ilə yaradılmış işçi qruplarının üzvlərinə gəlincə isə onlar arasında müxtəlif dövlət qurumları­nın nümayəndələri üstünlük təşkil edir.

Qrup baş nazirin köməkçisi başda olmaqla, hüquqşünaslar, baş nazir aparatının hüquq şöbəsinin mütəxəssisi, Ədliyyə Akade­miyasının nümayəndəsi kimi rəsmi şəxslərdən təşkil edilib. Yəni hansısa müstəqil hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyətinin səsi ola biləcək QHT nümayəndələrinin üzvləri yoxdur.

Bu və ya digər faktları, eləcə də artıq illərdir işğalçı orduda olan öz­başınalıq faktlarının mövcudluğunu nəzərə alsaq, işçi qrupunun hansısa ciddi uğur əldə edəcəyinə inam azdır.

Orduda koronavirus pandemi­yasının yayılması, eləcə də dinc şəraitdə əsgər ölümləri ilə bağlı məsələlərə Ermənistanın bir sıra ictimai-siyasi fiqurları da münasibət bildirirlər.

Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanesyan son zamanlar orduda yaranmış vəziyyətlə bağlı “Aravot” qəzetinə geniş müsahibə verib. O, pandemiya şəraitində orduda bir sıra problemlərin olduğunu etiraf edib və bildirib ki, orduda koronavirus möv­zusu hamıdan problemə məsuliyyətlə yanaşmağı və təmkinli olmağı tələb edir: “Hansısa şəxsi və ya siyasi ma­raqlar naminə bu mövzudan istifadə etməməyi məsləhət görürəm. Təəssüf ki, bu cür tendensiyalara rast gəlinir. Əminəm ki, ordu rəhbərliyi bu problemlərdən xəbərdardır və bunun həlli üçün hər şey edəcək. Deyirlər ki, ordu cəmiyyətin aynasıdır. Ordu­dakı atmosfer cəmiyyətdəki atmos­ferin güzgüdəki əksidir. Düşərgələrə bölünmüş, daim daxili düşmənləri axtaran, süni şəkildə “köhnə” və “yeni”yə bölünən bir cəmiyyətin daxili atmosferi bütün sistemlərdə, o cümlədən, orduda çox tez öz yerini tapır. Cəmiyyətin günahkarları tapması və cəzalandırması tələbi tamamilə başadüşülən və ədalətlidir. Eyni zamanda, bu böyük qəzəb dal­ğasını ordu komandirlərinə, zabitlərə düzgün və ayıq bir araşdırma olma­dan yönəltmək son dərəcə təhlükəli və gözlənilməz ola bilər.”

A.Vanesyan bildirib ki, Aprel döyüşlərini araşdıran istintaq komis­siyasının fəaliyyəti ordu daxilindəki atmosferə pis təsir edir: “Əsl komandirlər, ciddi tərcümeyi-halı olan kadrlardan bu gün ordu, silahlı qüvvələr haqqında heç bir təsəvvürü olmayan şəxslər qarşısında cavab­dehlik daşımaq tələb edilir”.

A.Vanesyan, həmçinin müsahibəsində vaxtilə fərarilik edərək, ordudan qaçmış şəxslərin, hətta indi nazir və müavin vəzifəsində çalışsalar belə, hərbi hissələrə daxil olmasına icazə verilməməsinin vacibliyini vur­ğulayıb və dolayısı ilə bəzi siyasi opponentlərinə toxunub. Qeyd edək ki, bir müddət əvvəl baş nazir Paşinyanın orduda xidmət etməməsi Ermənistan mediası və müxalifət düşərgəsi üçün əsas müzakirə möv­zusu idi.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

5 Avqust 2020 04:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə