Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əldə edilən müsbət dinamikanı qoruyub saxlamalıyıq

Yeni növ koronavirus infeksiyası ilə mübarizədə ölkəmizdə pan­demiyanın ilk vaxtlarında tətbiq edilən preventiv tədbirlərdən sonra ardıcıl və məqsədyönlü işlər görülür. Epidemioloji vəziyyətdən və yoluxmanın səviyyəsindən asılı olaraq müxtəlif vaxtlarda tətbiq edilən karantin rejimləri də koronavirusla mübarizədə əsas məsələlərdən biridir. Məlumdur ki, sərt karantin rejimi zamanı top­laşma, sıx ünsiyyət və təmas hallarının azalması nəticəsində yolux­ma zənciri müəyyən qədər qırılır. Təcrübə göstərir ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi öz müsbət nəticəsini verir. İyulun ortalarında Milli Orduya dəstək məqsədilə keçirilən kütləvi tədbirlər yoluxma təhlükəsi yaratsa da, sonrakı günlər yoluxanların sayı əvvəlkinə nisbətən azalmaqla yanaşı, xəstəlikdən sağalanların sayı da kifayət qədərdir. Müsbət tendensiyanın nəticəsində aktiv xəstə sayı da getdikcə azalır. Dövlətin gördüyü tədbirlər, atılan addım­lar, vətəndaşların qaydalara ciddi yanaşaraq diqqətli davranması, həkimlərin fədakarlığı – bütün bunlar koronavirusla mübarizədə üstünlük əldə etməyə imkan yaradıb.

Dünya üzrə pandemiyaya qarşı mübarizəyə qoşulan ölkələrin hamısında yoluxma və ölüm sayı fərqlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bir çox ölkələrdə yenidən sərt karantin rejiminin tətbiqinə qayıdılıb. Deməli, həmin ölkələrdə aparılan mübarizə tədbirlərinə ya vaxtında başlanılma­yıb, ya da qaydalara laqeyd yanaşı­lıb. Ölkəmizdə virusdan istər stasio­nar, istərsə də evdə müalicə alanlara yüksək səviyyədə diqqət göstərilir və nəzarət edilir. Son günlərin statistika­sına görə, müsbət dinamika davam edir. Lakin bu, arxayınlaşmaq üçün qətiyyən əsas vermir.

Biz elə bir gözə görünməyən düşmənlə üz-üzəyik ki, kiçik bir ehtiyatsızlıq, xırda bir səhlənkarlıq, qaydaların gözlənilməməsi istənilən anda, mübarizənin istənilən mərhələsində vəziyyəti mürəkkəbləşdirə bilər. Ona görə də vətəndaşlar bundan sonra da ayıq-sayıqlığı əldən verməməli, ehtiyatlı davranmağa davam etməlidirlər. Unutmayaq ki, fədakar həkimlərimiz aylardır ailələrinə həsrət qalırlar, istədikləri vaxt adi su da içə bilmirlər, gecə-gündüz işləyirlər, saatlarla xüsusi geyimdə olurlar. Yay fəslində xüsusi geyimdə onlara çətin olsa da, bütün məhrumiyyətlərə sinə gərərək yorulmadan çalışır, COVID –19-la ölüm-dirim savaşı aparırlar. Vətəndaşlar da onların bu əməyini yüksək qiymətləndirməli, bir an da olsun laqeydlik göstərməməlidirlər. İndi sanitariya maarifi işi daha da gücləndirilməlidir ki, vətəndaşlar virusun təhlükəlilik dərəcəsini başa düşüb özlərini qorumağı bacar­sınlar. Təəssüf ki, bəzən virusa yoluxduğu halda onu gizlədənlər də olur. Yaxud yoluxmuş xəstənin özünümüalicə ilə məşğul olması, kimdənsə eşitdiyi müalicə metodla­rından istifadə etməsi xəstəliyin daha da kəskinləşməsinə və ağciyərlərdə iltihabi prosesin daha da dərinləşməsinə səbəb olur. Dəfələrlə deyildiyi kimi, ilk növbədə, virusa yo­luxmamaq üçün, orqanizmi möhkəm saxlamaq məqsədilə immunitet təbii yollarla gücləndirilməli, yoluxma baş verəndən sonra yubanmadan dərhal tibb müəssisəsinə müraciət edilməlidir.

Mütəxəssislər bildirirlər ki, xəstəliyin spesifik müalicəsi yoxdur, ondan qorunmağın yolu yüksək immunitetə malik olmaqdan, sanitar-gigiyenik qaydalara düzgün və ciddi şəkildə riayət etməkdən keçir. Virusa yoluxmamaq üçün vətəndaşlardan cəmi üç şey tələb olunur: maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydaya əməl etmək. Qay­dalara ciddi əməl edib, tədbirli olmaq lazımdır. Həkim məsləhəti olmadan evdə müalicə aparılmamalıdır. Səhv olaraq özbaşına, kortəbii antibiotik və virus əleyhinə dərmanların qəbulu qaraciyər və böyrəklərə mənfi təsir edərək immun sistemini daha da zəiflədə bilər. Hər bir kimyəvi dərman vasitəsinin kifayət qədər yan təsirləri var. Ona görə də virusa yoluxan zaman mütləq həkimə, xəstəxanaya müraciət edilməlidir. Bu, bir fakt­dır ki, erkən müalicə tez sağalma deməkdir.

Karantin rejiminin məhdudiyyətlərinin bir qisminin yumşaldılması, yoluxma sayının əvvəlki günlərlə müqayisədə xeyli azalması da, virusla mübarizəni dayandırmamalı­dır. Hazırda qaydalara əməl etməklə əldə edilən müsbət dinamikanı qoru­yub saxlamaq lazımdır. Erkən arxa­yınçılıq hər sahədə mənfi nəticələrə aparıb çıxarır. Onu da qeyd edim ki, karantin rejimi dövründə SMS icazə sistemindən süni istifadə edən, icazə alaraq bir yerə toplaşan, ad günlərinə, yas mərasimlərinə gedənlər var idi. Doğrudanmı, pandemiya dövründə ad günü, nişan, toy, yas mərasimlərinin təşkil edilməsinin karantin rejimi qaydaları­na zidd olduğu, təhlükə mənbəyi rolu oynadığını başa düşmək bu qədər çətindir? Əgər vəziyyət, zaman bunu tələb edirsə, dözmək, gözləmək lazımdır. Atalar yaxşı deyib: çoxa meyil edən azdan da olar. İndi nə olub, hara tələsirik? Həmin məclisləri təşkil etmək və kütlənin toplaşdığı məkanlara üz tutmaq həm özünün, həm ailənin, həm də ətrafdakıların sağlamlığını təhlükə altına atmaq deməkdir. Təhlükə mənbəyi olan həmin tədbirlərdən çəkinməyin va­cibliyi hər kəs üçün aydın olmalıdır.

Nazirlər Kabineti yanında opera­tiv qərargahdan bildiriblər ki, ha­zırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşal­malar ediləcək. Belə ki, 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zo­nasına daxil olan Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sum­qayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göy­göl, Xaçmaz, Salyan rayonlarında şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur. Çünki, yeni növ koronavirus (COVID –19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 2020-ci il iyunun 21-dən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preven­tiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azal­maya nail olunub. Həmçinin, av­qust ayının 5-dən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda çimərliklərə də getmək mümkün olacaq. Operativ qərargahın məlumatında o da qeyd edilir ki, çimərliklərdən istifadəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uy­ğun müəyyən edilən qaydalar çərçivəsində icazə verilir.

Bu məhduduyyətlərin yumşaldıl­ması, bəzi qadağaların aradan qaldı­rılması heç də ona əsas vermir ki, in­sanlar pandemiyadan əvvəlki həyata qayıdacaq, normal yaşayışına da­vam edəcək. Əksinə, indi daha çox diqqət etmək lazımdır ki, yoluxmalar artmasın. Təkrar da olsa, deməliyik ki, bunun üçün insanlardan çox şey tələb olunmur: sosial məsafəni gözləmək, maska taxmaq və gigiye­naya əməl etmək. Gəlin, hamılıqla bu qaydalara əməl edək ki, normal həyatımıza dönə bilək. Bunun üçün isə insanlar maariflənməlidirlər ki, COVID–19-u normal qəbul edib özlərini qorumağı bacarsınlar. Bəzi insanlar bu virusa yoluxduqları hal­da, özləri bildikləri müalicə metod­larından istifadə edirlər ki, bu da ağ ciyərlərdə daha kəskin ağırlaşmalara səbəb olur. Ona görə də insanlar virusa qarşı orqanizmlərini möhkəm saxlamaq üçün immunitetlərini təbii yollarla gücləndirməlidirlər. Sağalan insan maksimum bir aya immunitet qazana bilər. 60 yaşdan yuxarı və ikinci bir xəstəliyi olan insanlar üçün bu xəstəlik daha ağır formada keçir. Çünki bu xəstəliyə yoluxmuş adam­da qanın laxtalanması tez baş verir.

Tədqiqatçıların fikrincə, virusun xarici təbəqəsi yağdan ibarət olduğu­na, sabun və spirt də yağ təbəqəsini çox asanlıqla həll etdiyinə görə, əlləri tez-tez sabunlamaq və 70 faizlik spirtdən istifadə etmək mütləqdir. Buna görə ÜST antiseptiklərdən istifadə etməklə yanaşı, əlləri sabunla yaxşı yumağı tövsiyə edir, çünki bu yolla mexaniki olaraq dərini viruslardan azad etmiş oluruq.

Təqdir olunmalı haldır ki, indi insanların ən çox toplaşdğı məkan olan marketlərin əksəriyyətində içəri maskasız daxil olmağa imkan verilmir, əllər elə girişdəcə spirt və ya digər antiseptik məhlullarla dezinfeksiya edilir, temperatur yoxlanır. Bu tədbirlər yoluxmanın aşkarlanması üçün çox vacib addımdır. Operativ qərargahın avqustun 4-nə olan məlumatına görə, indiyədək 32 min 910 yoluxanın 28 min 348 nəfərinin sağalaraq evlərinə dönməsi müsbət dinamikadır. Onu da qeyd etmək lazımdır ki, avqustun 4-nə olan məlumata görə, sağalan­ların sayı yoluxanların (226) sayını üstələmiş, 588 nəfər sağalaraq evə yola salınmışdır. Ölkədə indiyədək 751 min 246 test yoxlaması aparıl­mış, 473 nəfər vəfat etmişdir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

5 Avqust 2020 04:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə