Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bölgəyə ədalətli sülh gəlməlidir!

Öz havadarlarına sığınmış işğalçı Ermənistanın, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədimizin Tovuz rayonu istiqamətindəki mövqelərimizə iyulun 12-dən başlayan növbəti hücum cəhdinin qarşısı ordumuz tərəfindən dərhal və qətiyyətlə alındı. Amma Qarabağdan 240 kilometr uzaqdakı Tovuza hərbi müdaxilə dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən pislənildi. Bir çox yerli və xarici müşahidəçi, ekspert, hərbi mütəxəssislər eyni ortaq nöqtəyə gələrək bəyan etdilər ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yeni situasiya yaranıb: status-kvo öncəki kimi qala bilməz.

Bunu, hətta, BMT Baş katibi özü ifadə etdi. İyulun 22-də cənab Anto­nio Quterreş Prezident İlham Əliyevə telefonla zəng edərkən, eynən belə dedi: “Status-kvo həmişəlik davam edə bilməz”. BMT Baş katibinin bu fikri ilə razı olduğunu bildirən dövlət başçımız qeyd edib ki, “Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə olub, lakin Ermənistan Baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı və digər tərəfdən onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükə altına salır”. Bəli, uzun illərdir öz həllini gözləyən və artıq bölgə barışı üçün ciddi təhdid təşkil etdiyi ap-aydın olan Ermənistan işğalı dayandırmalıdır. Bu dayandı­rılma, kövrək atəşkəslə, hətta, lap möhkəm atəşkəslə olmur. Bölgəyə ədalətli sülh gəlməlidir! Bəs, qarşı tərəfə – erməni ictimai fikrinə nə hakimdir? Bu “hakimliy”in “Zaman uzandıqca, Azərbaycan məğlubiyyətə öyərəşəcək, yeni nəsillər Qarabağ uğ­runda döyüşmək, ölmək istəməyəcək” düşüncəsindən keçdiyi danılmazdır. 2016-cı ilin aprelində bu düşüncədən qidalanan ictimai fikrin yanlışlığı görün­müşdü. 2018-ci ilin mayında cəbhənin Günnüt istiqamətindəki irəliləyişimiz düşməni bir daha düşünməyə vadar edəydi gərək. Nəhayət, Tovuzda ya­şananlar rəsmi İrəvanı düşündürməsə, sülhə yönləndirməsə, kim bilir, nələr olacaq?

İndi qaçqın-köçkünlüyə va­dar ediləsi Azərbaycan yoxdur. Vətəndaşları ön cəbhəyə qaçan, cavanları döyüşmək üçün könüllü yazılan Azərbaycan var bu gün! Haqlı ola-ola haqsız duruma salına bilən, hərb müstəvisində qazandıqlarını siyasi-diplomatik müstəvidə uduzan, uduzdurulan Azərbaycanın yerində ciddi beynəlxalq dəstəyi təmin edə bilən, haqlılığını böyük ölçüdə qəbul etdirən Azərbaycandır bu gün mey­danda. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Türk PA, GUAM… ayrıca, Türkiyə, Pakistan, Ukrayna, Bosniya-Hersoqo­vina… – Azərbaycan tək deyil!

Ən ümidli olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxil, Ermənistana ciddi bir dəstək göstərən gördünüzmü? 1992-ci ildə ABŞ-ın “Azadlığı müdafiə Aktı”na bədnam “907-ci düzəliş”i qəbul etdirə bilən Ermənistan diaspor və lobbi gücləri bugün o gücdə deyillər! Daha doğrusu, onlar bəlkə də, o gücdədirlər, ancaq biz onların çəkdiyi xətdən daha uzun xətt çəkməyi bacardıq! ABŞ Konqresi bu günlərdə Ukrayna, Moldava və Gürcüstanla yanaşı Azərbaycan Respublikası ərazilərinin kənar qüvvələr tərəfindən işğalı faktını tanıdı. Digər tərəfdən, dünyanın dörd tərəfindəki soydaş­larımız öz haqq səslərini ucaltdı, ucaltmaqda da davam edir. Ermənilər isə dünyanın dörd tərəfində açıq-açı­ğına terrorçu zehniyyətdə olduqlarını nümayiş etdirdi: əli daşlı, köynəyi “ASALA”lı və s. və ilaxır…

Dünyanın dörd yanındakı soydaşlarımız öz haqq səslərini ucaltdığında bir də partlaq, çatlaq səslər gəldi: öz siyasi iddialarının girovuna çevrilmiş, mühacir sözünün özünü də “mühacirətə göndərmiş”lər “öncə mənim siyasi iddialarım, siyasi hikkəm, sonra Vətən” deyərək dav­rananlar, erməniləri ağladırmışcasına özümüzü yamanlayanlar da varmış… Üstəlik, “astarı üzündən betər” – özünə haqq qazandırmağa çalışıb, bu günlərdən, Los Ancelesdən, Brüsseldən 1990-nın Bakısına dönüb də, 20 Yanvar öncəsində, 1988-in Sumqayıtına dönüb, fevralında… yenə özümüzdə günah axtaranları görəcəkmişik məgər…

Azərbaycanın mahiyyəti özündən böyükdür. Bizim işimiz haqq işidir. Əslində, Ermənistan bizim tarixi torpaqlarda qurulmuş, bizim yeni ərazilərimizi havadarlarının dəstəyi ilə işğalda saxlayan Ermənistan deyil. Mən bu yerdə, dövlət baş­çımızın Azərbaycan xalqının arzu və istəklərini ifadə edərək, mü­vafiq qurum-quruluşlara, dövlət başçılarına ünvanladığı təşəkkür məktublarını könlümcə alqışlayır, qədirşünaslıq aktı kimi görürəm. Bütün haqsevərlərə, mənim ölkəmin haqlı mövqeyini müdafiə edən hər kəsə könül dolusu təşəkkürlər! 4 il öncənin hadisələri 2 il öncə Sarkis­yan hakimiyyətinin devrilməsinə gətirmişdi, builki hadisələr də Paşin­yan hakimiyyəti üçün getmə siqnalı sayıla bilər. Lakin bizim arzumuz, məram-məqsədimiz rəsmi İrəvan adından hansı “yan”ın danışması deyil, düşmənin haqq etdiyi cavab­la təmin olunması, işğalın aradan qaldırılmasıdır. Əslində, bu da son olmamlıdır – düşmənin qeyd-şərtsiz təslim olması, təzminat ödəməsi, hərb cinayətləri törətmişlərin yerli və ya beynəlxalq məhkəmələrdə cəzalandırlması kimi tənəzzül etməsi vacibdir.

Bundan başqa 102 il öncə İrəvanın tarixdəki ilk Ermənistan dövlətinin qurulması üçün paytaxt olaraq güzəştə gedilməsi (yaxud 100 illiyə verilməsi) qarşılığında bir daha Azərbaycana qarşı torpaq iddia­sında olmamaq öhdəliyi götürmüş ermənilər, o öhdəliyin mürəkkəbinin qurumasını gözləmədən altdan-alt­dan, daha sonra hərtərəfli həmlələrdə, hərəkətlər etdilər. Ermənistan Qafqazda birgə yaşayış qaydaları­na zərbələr vurdu, taleləri qaraltdı, insanlığa sığmayan yaramazlıqlar etdi... Bunun sonu görünmür. Ya Ermənistan birgəyaşayış qaydalarına əməl etməyi bacardığını doğru­dan-doğruya sübut etməlidir, ya da Ermənistanda ermənistanlılıq qal­mamalıdır! Doğrudan-doğruya sübut necə olardı? Çox sadə: Ermənistan silahlı qüvvələri Azərbaycan Res­publikasının dünya birliyi tərəfindən tanınmış hüdudlarından tam çəkilir, vəssalam! Bunu etmək istəyirmi, edərmi? Bunlar, əlbəttə, vacib sual­lardır, lakin bu suallara cavab axtarışı bir az da həmin o erməni ictimai fikrini qurdalasın. Etmək istəyirmi? Edərmi? Məcbur qalmadıqca, etmək istəməyəcəyini əminliklə deyə bilərik. Edə bilərmi? Beynəlxalq iqtisa­di layihələr, sərhədlərin açılması, qonşuluq hüququnun bərpası və s. bu günədək olumlu addımlar atılmasını təmin etməyibsə də, kilid nöqtəsinin İrəvanda deyil, İrəvandan kənarda olduğu danılması çətin iddiadır. Məcbur qalanda, “forpost” yiyəsi, “çıxma!” desə, çıxma iradəsinə sahib kimi görünmür. “Forpost” yiyəsinin öz durumu sabah-birisigün necə ola­caq, bu da ayrı bir mövzudur. Klassik formulu yada salaq: dövlətlərin əbədi dostu, düşməni olmur, əbədi maraqları olur. Əgər bu formul elmi-nəzəri müstəvidən çıxarılmayıbsa, o zaman havadarları Ermənistanı həmişə dəstəkləməyəcək. Qardaş xalqlardırmı? – Xeyr! Adət-ənənələri, mədəniyyətləri eynidirmi? – Xeyr!

RESO Sığorta Qrupunun ortağı, erməni əsilli milyarder Sergey Sarki­sov Azərbaycan və erməni diasporla­rının nümayəndələrindən ön cəbhənin Tovuz istiqamətindəki hadisələr fonunda xarici ölkələrdə müşahidə olunan iğtişaşlara son qoyulması üçün kömək istəyib. Müraciət Sarkisovlar ailəsi və “Ermənilər Assambleya­sı” adından yayımlanıb. Sarkisov eynən belə deyib: “Qardaşım və mən Moskvada doğulub böyüdük. Gözəl və nəcib insanlar olan, mənim çox dəyər verdiyim çoxlu azərbaycanlı dostlarım var. Zorakılıq və dağıdı­cılıqla milli kimliyini göstərməyə qərar verən vandallara görə onların qarşısında utanıram. Erməni qohum­larımın və dostlarımın qarşısında vətənlərindən uzaqda millətçiliyinin barbar bir təzahürünü ortaya qoyan, sadəcə fərqli millət olduqlarına görə insanları döyən və ya öldürənlər üçün utanıram. Ailəmiz, axmaqlıq və ya aldanma səbəbindən, əsl kişinin daha yüksək səslə qışqıran və ya şüşələri sındıran insan olduğuna inanan ermənilərin azərbaycanlı iş adamları­nın əmlakına vurduğu ziyanı kompen­sasiya etmək öhdəliyini götürür…

Ziyansız Azərbaycan və xe­yirsiz Ermənistanın müqayisəsini aparmaq heç kəs üçün o qədər də çətin olmasın gərək. Heç təsadüfi deyil ki, dövlət başçımız bu günlərdə Ermənistana tarixə yazılmalı açıq çağırış etdi: “Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”. Mən heç təsadüf hesab etmirəm ki, bu sözlər, paytax­tın Xətai rayonunda şəhid ailələrinə, müharibədə sağlamlığını itirmişvətəndaşlarımıza dövlət hesabına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində deyilib. Bu toplantı, məhz, Tovuza düşmənin yeni həmləsi yatırıldıqdan sonra keçirildi.

Və nəhayət! Qardaş Türkiyənin şanlı ordusu 102 il öncə olduğu kimi bu gün də aramızdadır. “Su­riyada məzlumların fəryadlarına biganə qalmadığımız kimi, Liviyada da ölkənin qanuni hakimiyyətinin əməkdaşlıq çağırışını cavabsız qoymadıq. Azərbaycanlı qardaşları­mızın da vətənlərini müdafiə haqqını eyni anlayışla dəstəkləyirik. …Bu gün də özümüz və dostlarımız üçün siyasi, iqtisadi, hərbi sahədə mübarizə gərəkdirsə, onu vermək üçün heç bir tərəddüd etməyəcəyik”. Bu sözlər qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana aiddir. Cənab İlham Əliyev isə Tovuzdakı hadisələrdə Azərbaycana ilk dəstəyin qardaş Türkiyədən gəldiyini bu sözlərlə ifadə etdi: “Ərdoğan Azərbaycana açıq şəkildə dəstək göstərdi, yanımız­da olduğunu təkrar etdi, iki qardaş ölkənin birlikdə mübarizə aparacağını dedi. Bu dəstək üçün qardaşıma dərin təşəkkürümü bildirirəm. Son günlər tez-tez danışırıq. Mənə zəng edir, dəstəyini dilə gətirir, şəhidlərimizə başsağlığı diləyir, sona qədər birlikdə olacağımızı söyləyir. Türkiyə və Azərbaycan qədər bir-birinə bu qədər yaxın başqa ölkə yoxdur. Mənim hər vaxt dostum və qardaşım Ərdoğana böyük hörmətim var. Türk xalqına sevgim sirr deyil. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli məmurları – müdafiə naziri, xarici işlər naziri və millət vəkilləri də Azərbaycana tam dəstəklərini ifadə edirlər. Təşəkkürümü bildirirəm”.

Qardaşlığımız zaval görməsin! Qardaşlıq bayrağımız uca olsun!

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü

5 Avqust 2020 04:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə