Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız satqınları heç vaxt bağışlamayacaq

Ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artdıqca anti-Azərbaycan qüvvələrin yuxusu sanki ərşə çəkilir. Onlar respublikamızın in­kişafını gözdən salmaq və beynəlxalq aləmdə haqqımızda mənfi rəy formalaşdırmaq üçün min bir fitnə-fəsada əl atır, ağlagəlməz yalanlar, böhtanlar uydururlar. Təəssüf ki, bu işdə ermənipərəst qüvvələr “sapı özümüzdən olan balta”lardan istifadə edirlər. Son vaxtlar sosial şəbəkələrdən istifadə edən həmin mənfur qüvvələr adlarını azərbaycanlı qoyan bəzi satqın və xəyanətkarları ələ ala­raq öz uydurmalarını belə riyakarlar vasitəsilə yayırlar. Mən Vidadi İsgəndərli, Sevinc Osmanqızı, keçmiş səfir Arif Məmmədov və digər belə ünsürlərin sosial şəbəkələrdəki çıxışlarını, ölkəmiz haqqındakı yalan və iftiralarını, o cümlədən, ermənilərə haqq qazandırmalarını eşidəndə düşünürəm ki, görəsən, belələrinin özlərini azərbaycanlı adlandırmağa mənəvi haqları çatırmı?

Ermənilərin işğalçı siyasətini dəstəkləyən, cəbhədə baş verən təxribatlarda düşmənlərimizin heç bir günahı olmadığını iddia edən belə xəyanətkarlar, hətta, dinləyicilərini inan­dırmaq üçün vicdanlarına da and içirlər. Mən üzümü Vidadi İsgəndərliyə tutub soruşuram: “Doğrudanmı, ermənilər bizə heç nə etməyiblər? Üstəlik, kimlərisə öz yalanlarına inandırmaq üçün vic­danına niyə and içirsən? Mən bunu təəccüb və dəhşətlə qarşıladım. Hesab edirəm ki, o şey səndə olmadığına görə ona and içirsən”. Təbii ki, adını hüquq müdafiəçisi qoyan Vidadi İsgəndərlini olmayan vicdanına and içdirməyə məcbur edən ermənipərəst qüvvələrin çirkli pulları və anti-Azərbaycan qüvvələrin ona verdikləri bir qarın yeməkdir.

Avropada oturub ermənilərin süfrələrinin qır-qırıntısına göz dikən Vidadi İsgəndərli, Arif Məmmədov, Amerikada Sevinc Osmanqızı və bu xislətdə olan digərlərinin mənşəyinin araşdırılmasına ciddi ehtiyac var. Axı, bütün dünyaya bəllidir ki, Se­vinc Osmanqızının atasını ermənilər vəhşicəsinə qətlə yetiriblər. İndi bu qəddar, faşist xislətli millət Sevinc Osmanqızına niyə bu qədər əziz olub? Eləcə də Vidadi İsgəndərli. Siz siyasi hakimiyyətə qarşı çıxa bilərsiniz. Bu sizin hüququnuz və seçiminizdir. Amma milli maraqlar məsələsində ermənilərin yanında necə ola bilirsiniz? Məgər indiyədək ermənilərin soydaşlarımıza qarşı törətdikləri terror aktlarından, vəhşiliklərdən, işğal siyasətindən, yaxud, dünyanı lərzəyə salan Xocalı faciəsindən bixəbərsiniz? Bu qanlı faciəni ermənilər törətməyibsə, bəs kim edib? Bütün bun­lardan sonra hansı vicdanınıza and içib ermənilərin günahsız olduğunu sübut etmək istəyirsniz?

Sosial şəbəkələrdə ölkəmizə, onun başçısına, dövlətimizə şər-böhtan yağdıranların hamısının bir mərkəzdən idarə olunduğu hər kəsə bəllidir. Əgər Avropanın mərkəzində, eləcə də Amerikada və digər ölkələrdə soydaşla­rımız erməni vandalizminə, sərhədboyu əraziərdə törətdikləri təxribatlara, günahsız hərbçilərin, mülki əhalinin, uşağın, ağsaqqalın, ağbirçəyin qətlə yetirilməsinə etiraz əlaməti olaraq dinc aksiya keçirirlərsə, niyə ermənilərdən betər Vidadi İsgəndərli, Sevinc Osman­qızı, Arif Məmmədov etiraz edirlər? Bu xəyanətkarlar ermənilərə və onların havadarlarına xoş görünmək və gündəlik yeməklərini artırmaq naminə bütün bunlarda Azərbaycan hakimiyyətini gü­nahlandırır, “zavallı” ermənilərin heç bir günahı olmadığını iddia edirlər. Bu xəbis niyyətlərini sosial şəbəkələr vasitəsilə həyata keçirən satqınlara azərbaycanlı demək olarmı?

Bu gün dünya ictimaiyyəti Ermənistanı işğalçı siyasətindən əl çəkmədiyinə, günahsız insanları qətlə yetirdiyinə, atəşkəs rejimini mütəmadi pozduğuna və sərhədboyu ərazilərdə təxribatlar törətdiyinə görə qınaq hədəfinə çevirib. Hətta, Ermənistan dövlətinin üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da işğalçı ölkəni müdafiə etmədi və haqqın tərəfində dayanaraq Azərbaycanın haqlı olduğunu bildirdi. Ancaq satqın­lar – vidadilər, sevinclər, ariflər öz qan qardaşlarının – ermənilərin yanında olduqlarını açıq şəkildə bəyan etdilər. Məhz belə ünsürlərin hesabına son vaxtlar sosial şəbəkələr şər-böhtan, təhqir, terrorizmə çağırış, qisas, narkotik vasitələrin təbliği meydanına çevrilib. Avropanın müxtəlif ölkələrində bir qarın yeməyə görə “məskunlaşmış” satqın “ sapı özümüzdən olan baltalar” respublikamızda yaşayan valideynlərini, yaxınlarını xəcalətdə qoyublar. Onlar saxta profillərdən istifadə edərək insan­ların ləyaqətini alçaldır, cəbhə ilə bağlı dezinformasiyalar yayır, Ermənistan ordusunun güclü olması barədə uydur­malar paylaşır və Azərbaycan Silahlı Qüvvələrini gözdən salmağa cəhd edirlər. Təəssüf ki, belə sosial şəbəkə dəllallarının qarşısının alınması üçün Azərbaycanda xüsusi qanunvercilik aktı yoxdur. Artıq belə bir qanun layihəsinin hazırlanmasına və qəbul edilməsinə böyük ehtiyac yaranıb.

Dünyanın imkişaf etmiş bir sıra ölkələrində, o cümlədən, Avropa­da sosial şəbəkə kimi vacib sahənin tənzimlənməsi üçün hüquqi baza yaradılması barədə tədbirlər görü­rür. Məsələn, bu yaxınlarda Türkiyə Böyük Millət Məclisi sosial medianın tənzimlənməsi ilə bağlı qanun layihəsini qəbul edib. Almaniyada sosial şəbəkələrlə bağlı müzakirələr, sosial şəbəkə operatorları qarşısında öhdəlik qoyulması məsələsi hələ üç il bundan əvvəl gündəmə gətirilib. Xatırladım ki, 2017- ci ildə bu ölkədə “Sosial şəbəkənin mühafizəsi haqqında” Qanun qəbul edilib. Ölkəmizdə də belə bir qa­nunun qəbul edilməsi zərurəti yaranıb.

Son illər respublikamızda baş verən əlamətdar hadisələr – beynəlxalq miqyaslı idman və mahnı yarışmaları, mədəniyyətlər və sivilizasiyalararası dialoqlar başlayan ərəfədə katalizator adlandıra biləcəyimiz sosial şəbəkə dəllallarının peyda olmalarını bir anlıq gözlərimiz önünə gətirək. Belə satqın­lar Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində erməni tərəfinin təxribatı ilə bağlı Azərbaycan Ordusunun gördüyü tədbirlər zamanı da ortaya çıxır, “zavallı” ermənilərin – qohum-əqrəbalarının günahsız olduqlarını sübuta yetirmək istəyi ilə ölkəmizin ünvanına böhtanlar yağdır­mağa başlayırlar. Bununla da hadisələri manipulyasiya etməklə, cəmiyyətinin diqqətini sosial şəbəkələrə yönəltməklə süni gündəm yaradırlar. Hansı ki, bu gündəm Azərbaycanın mənafeyinə cavab vermir. Belə olanda, sosial təxribatçıların cəzalandırılması və ya hüquqi məsuliyyətə cəlb edilməsi mümkün olmur. Ona görə də bu sahənin tənzimlənməsi üçün qanun qəbul edilməsi vacibdir.

Azərbaycanın çörəyini yeyib, havasını udan, qoynunda pərvazlanan vidadilər, sevinclər, ariflər və digər satqınlar ömürlərinin axırına qədər çığırıb-bağırsalar da, onların yalanlarına özlərindən başqa kimsə inanmayacaq. Çünki artıq xalq kimin-kim olduğunu və belələrinin ermənilərin və onların havadarlarının əlində alətə çevrildiyni çox yaxşı bilir. Azərbaycan xalqı belə satqınları heç vaxt bağışlamayacaq.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

5 2020 04:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə