Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus pandemiyasına dair elmi tədqiqatlarla bağlı beynəlxalq onlayn konfrans keçirilir

Avqustun 4-də AMEA-da “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans işə başlayıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfransı giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova açıb. Qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID -19-u pandemiya elan etdikdən sonra bir sıra ölkələr, o cümlədən Azərbaycan xüsusi tədbirlər planı hazırlayıb, karantin rejimi tətbiq edib və müxtəlif qabaqlayıcı işlər görməklə virusun yayılmasının qarşısını alıb. Azərbaycanın vaxtında həyata keçirdiyi preventiv tədbirlər bir sıra dövlətlər üçün nümunə olub.
“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və müdrik siyasət nəticəsində insanların sağlamlığının təmin olunması, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar öz real nəticələrini verməkdədir”, – deyə alim vurğulayıb.
Akademik İ.Hüseynova BTEB qarşısında pandemiya ilə əlaqədar mühüm vəzifələrin qoyulduğunu bildirərək, akademiya mütəxəssisləri tərəfindən kütləvi informasiya vasitələrində, eləcə də sosial platformalarda maarifləndirmə və təbliğat işlərinin aparıldığını diqqətə çatdırıb.
Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Səhiyyə nazirinin müavini Rahim Əliyev konfransın əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, COVID -19 pandemiyası ilə bağlı Milli Məclisin bir çox komitələrində iclaslar keçirilib və bununla bağlı 10 qanun layihəsi qəbul edilib. Milli Məclis və Səhiyyə Nazirliyi pandemiyaya qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, eləcə də sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktlar hazırlayır.
Vurğulanıb ki, tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi və gigiyenik tələblərə riayət etməklə COVID -19-la daha asan mübarizə aparmaq mümkündür. Son günlərdə yoluxmanın azalması hökumət tərəfindən həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir.
Toplantıda çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda yeni növ koronavirusla mübarizə tədbirləri və nəzərdə tutulan işlərdən danışıb. O, COVID -19 ilə mübarizəyə cəlb olunmuş həkimlərə və tibbi heyətə onlayn rejimdə, eləcə də canlı ünsiyyət vasitəsilə təlimlər keçirildiyini diqqətə çatdırıb. Həmçinin ilk dəfə olaraq tam avtomatlaşdırılmış PCR laboratoriyalarının TƏBİB tərəfindən Azərbaycana gətirildiyini, hazırda 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında 2, Mingəçevirdə 1, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1, Mərkəzi Neftçilər Xəstəxanasında isə 2 ədəd yeni laboratoriyanın fəaliyyət göstərdiyini qeyd edib.
Bildirib ki, tibbi tullantıların idarə olunması və biotəhlükəsizliyin təmin edilməsi COVID-19 ilə mübarizə çərçivəsində ən vacib məsələlərdəndir. R.Bayramlı xəstəxanaların əksəriyyətində bu sahədə ciddi boşluqlar olduğunu deyib, mövcud problemlərin həllində Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərdiyi dəstəyi xüsusi vurğulayıb. O, TƏBİB-in Elmi Komitəsi haqqında məlumat verərək buraya elmi-tədqiqat institutlarının aparıcı mütəxəssisləri, o cümlədən AMEA-nın bir neçə əməkdaşının cəlb edildiyini deyib: “Komitə üzvləri mütəmadi olaraq toplantılar keçirib, TƏBİB-in hazırladığı bütün metodiki tövsiyələri müzakirə edib, müvafiq qərarlar qəbul ediblər”.
“Elektron qeydiyyat sisteminin hazırlanması qarşımızda duran önəmli məsələlərdən biri idi”, – deyən TƏBİB rəsmisi xəstə sayının idarə olunmasında elektron idarəetmə sisteminin vacibliyindən danışıb: “Xəstəxanaların əksəriyyətində e-idarəetmə sistemi yox idi. Biz gündəlik olaraq funksionallığı təmin etmək üçün koronaviruslu pasiyentlərin, karantində olan şəxslərin, evdə müşahidəyə götürülən xəstələrin izlənilməsi, stasionardan kənar ölüm halları ilə bağlı məlumatların əldə edilməsi, eləcə də koronavirusa yoluxmuş tibb işçilərinin qeydiyyatının aparılması məqsədilə e-idarəetmə proqramları hazırladıq. Bu proqramların sayəsində prosesləri operativ şəkildə idarə edə bilirik”.
O, Azərbaycanda COVID -19 ilə mübarizədə əldə olunmuş nailiyyətlərin ÜST tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: “Bu, xalqın Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq nümayiş etdirdiyi həmrəyliyin nəticəsidir”.
R.Bayramlı koronavirusla bağlı tədqiqatların aparılması və vaksinin hazırlanması istiqamətində AMEA ilə sıx əməkdaşlığın son dərəcə vacib olduğunu deyib, bu prosesdə TƏBİB-in Elm və təhsil departamentinin xüsusi rolunu vurğulayıb.
Beynəlxalq onlayn konfransda, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, akademik Əli Abbasov çıxış ediblər.
Qeyd edilib ki, COVID -19-a yoluxan, bu xəstəlikdən əziyyət çəkən insanların genetik kodunun oxunması, koronavirusun genetik kodunun mənşəyinin, onun mutasiyaya uğrayıb-uğramamasının müəyyənləşdirilməsi, eyni zamanda, buna uyğun müalicə protokollarının təyin edilməsi məqsədilə yeni layihə konsepsiyası hazırlanır.
Tədbir AMEA-nın müxbir üzvü Nuru Bayramov, professor İsmayıl Zülfüqarovun moderatorluğu ilə plenar iclasla davam edib. Plenar iclasda İndiana Bioelmlər Tədqiqat İnstitutunun professoru Vidadi Yusifov “COVID -19 üçün terapevtik anticisimlər” və Türkiyənin Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev “COVID -19 üçün vaksin hazırlanmasında cari vəziyyət” adlı məruzələrlə çıxış ediblər.
Konfransın bölmə iclaslarında “SARS-CoV-2 və renin-angiotenzin-aldosteron sismeti arasında qarşılıqlı əlaqə”, “Azərbaycanın antiviral bitkiləri və onların istifadə yolları”, “Koronavirusun genomlarının ümumi struktur təşkili”, “Uşaqlarda yeni koronavirus infeksiyası (COVID -19)” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq konfrans sabah bölmə iclasları ilə davam edəcək.

5 Avqust 2020 04:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə