Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fəttah Səməd oğlu Heydərov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur.

Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçı­van Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır.

Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçı­van Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordu­bad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçı­van Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur.

1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordu­bad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Soveti­nin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Res­publikası Milli Məclisinin deputatı seçilmişdir.

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanla­ra münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazan­mışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağ­saqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetir­mişdir.

Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respubli­kasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşaya­caqdır.

Allah rəhmət eləsin!

İlham ƏLIYEV, Mehriban ƏLIYEVA,

Əli ƏSƏDOV, Sahibə QAFAROVA,

Samir NURIYEV, Əli ƏHMƏDOV,

Eldar ƏZIZOV, Ziyad SƏMƏDZADƏ,

Eldar İBRAHIMOV, Əhliman ƏMIRASLANOV,

Teymur BÜNYADOV, Sudeif İMAMVERDIYEV

5 2020 03:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə