Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–İran münasibətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Avqustun 1-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev ilə İran İslam Respublikası Prezidentinin Admi­nistrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışığı olub. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə, iqtisadi, ticarət, sənaye tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və bu münasibətlərin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Tərəflər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunublar. Qeyd olunub ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səhiyyə protokollarına əməl olun­maqla davam etdirilməsində heç bir maneə yoxdur. Pandemiyanın mövcudluğuna baxma­yaraq, iki ölkənin ticarət və tranzit mübadiləsi qorunub, hətta artım da var. Vurğulanıb ki, idxal və tranzit daşımaları üçün sərhədlərin açıq saxlanılması son aylarda iki ölkə arasında daşınmaların həcminin artmasına səbəb olub. Birgə səylər ilə ticarət əlaqələrinin tezliklə pandemiyadan əvvəlki vəziyyətə qaytarılma­sına əminlik ifadə olunub.

Söhbət zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətini vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Həyata keçirilən birgə layihələrin, xüsusilə avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsinin hər iki ölkə ilə yanaşı, region üçün də əhəmiyyəti qeyd olunub.

Telefon danışığı zamanı, həmçinin ölkələr arasında iqtisadi, sənaye, tranzit, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olu­nub. Dövlətlərimizin başçılarının tapşırıqla­rına uyğun olaraq, hər iki ölkə rəsmilərinin təmaslarının davam etdirilməsi və hərtərəfli əlaqələrin inkişafı üçün davamlı səylər göstərilməsinin vacibliyi vurğulanıb.

5 Avqust 2020 03:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə