Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbuluna ehtiyac var

Son vaxtlar sosial şəbəkələrdə şər-böhtan, təhqir, terrorizmə çağırış halları geniş vüsət alıb. Anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş  xəyanətkarların  sayı getdikcə artmaqdadır. Saxta profillərlə insanların ləyaqətinin alçaldılmasını, sərhədboyu ərazilərdə  törədilən təxribatlarla bağlı dezinformasiyaların yayılmasını, dövlət başçısına böhtan atmağı özlərinə peşə seçənlər sanki unudurlar ki, bu xəyanətkar əməlləri ilə xalqımızın, millətimizin adına ləkə vururlar. Təəssüf ki, bu çirkin əməllərin  qarşısının alınması üçün Azərbaycanda xüsusi qanunvericilik aktı yoxdur.  Azərbaycan sivil, hüqiqi, demokratik dövlətdir. Ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilir. Təəsüf ki, satqın və xəyanətkarlar bu sərbəstlikdən sui-istifadə edir, ölkəmizin inkişafına xələl gətirməyə çalışırlar.

Son vaxtlar beynəlxalq ictimaiyyət də sosial şəbəkələrdə yayılan şər və böhtandan cana doyub. Ona görə də bu istiqamətdə yayılan informasiyaların tənzimlənməsi və sosial şəbəkə sahiblərinin məsuliyyət daşımaları üçün müxtəlif

ölkələrdə  tədbirlər görülür. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov  bu məsələyə münasibət bildirərkən dedi:

- Son vaxtlar sosial şəbəkələr təhqir, söyüş, qisas meydanına, terrora çağırışa, narkotikanın təbliğinə  çevrilib. Ona görə də Avropa ölkələrində  sosial şəbəkələrdən sui-istifadə hallarının qarşısının alınması üçün artıq  müzakirələr aparılır və qanunvericiliklə tənzimləmək barədə düşünülür. İnsan hüquqlarının pozulmasının, terrorizmin təbliğinin sosial şəbəkələrdə geniş təbliğ olunması ciddi narahatlıq yaradıb. Təəssüf ki, sosial şəbəkələrin idarəediciləri bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımırlar. Çünki həmin şəbəkələrin ölkələrdə rəhbərləri, tabe  olduqları  müəssisə, təşkilat yoxdur. Bu səbəbdən də həmin məsələ ilə  bağlı hər hansı bir hüquqi müstəvidə  tədbir görmək mümkün deyil. Ona görər də sosial şəbəkələrin tənzimlənməsi üçün mütləq qanunvericiulik aktının qəbul olunması zərurəti yaranıb. Artıq bir sıra ölkələrdə bu məslə gündəmə gətirilib. Məsələn, bu yaxınlarda Türkiyə Böyük Millət Məclisi sosial medianın tənzimlənməsi ilə bağlı qanun layihəsini qəbul edib. Gündəmin aktual mövzularından biri olmağına baxmayaraq, Azərbaycanda bu məsələ  hələ də öz həllini tapmayıb. 

E.Nəsirov bildirdi ki, sosial şəbəkələr cəngəllik qanunları ilə işləyir. Yəni, kim nə istəyir yazır, paylaşır,  montaj edilmiş şəkillər, video çarxlar yayır. İstənilən adamın şərəf və ləyaqətini alçaltmaq, onu təhqir etmək, işgüzar nüfuzuna xələl gətirmək adi hala çevrilib. Bu biabırçılığa son qoyulmalıdır. Axı, hər kəsin şərəf və ləyaqətini qorumaq hüququ var:  “Cəzasızlıq rejimi insanları növbəti cinayətlərə sövq edir. Azərbaycan sosial şəbəkələrin geniş istifadə edildiyi bir ölkədir. Əhalinin 80 faizindən çoxu sosial şəbəkə istifadəçisidir. Bu, respublikamızda demokratik prinsiplərin inkişafına yaradılmış şəraitin göstəricisidir. Bundan şəxsi məqsədlər naminə istifadə edib “düşmən dəyirmanına su tökmək”  milli dəyərlərimizə ləkədir. Mən bunu qarşısının  qanunvericilik yolu ilə alənması üçün   parlamentdə də məsələ qaldırmışam. Hətta  parlamentdə belə bir təklif  də irəli sürülümüşdü ki, sosial şəbəkə istifadəçilərinin pasport məlumatları  həmin şəbəkəyə qeyd edilsin. Bu, saxta profil sahiblərinin üzə çıxarılması üçün vacib bir məsələdir.  Bundan sonra həqiqi istifadəçilər bəlli olacaq.  Saxta profil sahibləri isə öz qeyri-insani hərəkətlərinə görə məsuliyyət daşımalıdırlar”.

E.Nəsirov  bu məsələ ilə bağlı yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu bildirdi.  Onun fikrincə, əgər belə bir qanun qəbul olunarsa,  sosial şəbəkələrdə olan anarxiya, xaos aradan qaldırılar, böhtan və təhqirlərin, dezinformasiyaların qarşısı alınar.  Bu gün real həyatda insanlar bir-birini təhqir etdikləri halda inzibati və hüquqi məsuliyyət daşıyır və qanuni cəzalarını alırlar. Bəs  sosial şəbəkələrdə təhqir və böhtanı özlərinə peşə seçənlər  niyə  məsuliyyətdən kənarda qalmalıdırlar?  Sosial şəbəkələrdə insanları təhqir edənlərin cəzasız qalması onları bu işə daha da şirnikləndirir: “Bu, artıq günümüzün ən aktual məsələsinə çevrilib. Sosial şəbəkələrdə özbaşınalıq baş alıb gedir. Hərbi sirrimiz dağıdılır və düşmənlərimiz bundan yararlanaraq, öz çirkin  niyyətlərini reallaşdırırlar.  Bundan başqa, kimliyindən asılı olmayaraq, istənilən adamın şərəf və ləyaqəti alçadılır və  onların nüfuzuna xələl gətirilir. Niyə bütün bunları  edənlər cəzasız qalmalıdırlar? Cəzasızlıq  insanları və dövlətləri yeni-yeni cinayətlər törətməyə şirnikləndirir. Buna görə də Azərbaycan parlamentində sosial şəbəkələrin tənzimlənməsi  haqqında qanunun qəbuluna ehtiyac var. Türkiyə təcrübəsində olduğu kimi, bizdə də bu sahədə ciddi addımların atılmasının vaxtı çatıb, hətta deyərdim ki, gecikirik. Məsələn,  mənim adımdan istifadə edərək sosial şəbəkələrdə  şər-böhtan fikirlər  yayılır. Bu məsələlər qanunda öz əksini tapmadığı üçün belə əməllər cəzasız qalır. Bu cür halların qarşısını almaq üçün ölkəmizdə  sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbuluna ehtiyac var”. 

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

3 Avqust 2020 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə