Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhqir meydanına çevrilmiş sosial şəbəkələrin hüquqi müstəvidə tənzimlənməsi vacibdir

Sosial şəbəkələrin qanunvericilik yolu ilə tənzimlənməsi məsələsi yenidən müzakirə mövzusuna və son günlərin aktual məsələlərindən birinə çevrilib. Bu da təsadüfi deyil. Çünki həqiqətən də, həyatımızın ayrılmaz bir parçasına çevrilmiş sosial şəbəkələrin qanunvericilik müstəvəsində tənzimlənməsi  zərurəti yaranıb. Bu zərurət gündən-günə də artmaqdadır. Bir çox üstünlüklərinə və müsbət tərəflərinə rəğmən, çox təəssüflər olsun ki, bu gün sosial şəbəkələr, digər internet resursları az qala döyüş, savaş poliqonuna çevrilib. Ölkəmizdə azad sözə, müstəqil mətbutata, insanların öz fikirlərini sərbəst ifadə etmələrinə yaradılan şəraitdən sui- stifadə edən satqın və xəyanətkarlar  internet resurslarından  qisas mənbəyi kimi istifadə edir, dövlətimiziə, onun başçısına böhtan və iftiralar atmaqla  anti –Azərbaycan qüvvələrin əlində alətə çevriliblər.

Məkrli və təhlükəli qüvvələr, klaviatura “qəhrəmanları” sosial şəbəkələrin, internet resurslarının imkanlarından yararlanaraq,  insanlara, siyasi rəqiblərinə, dövlətə, xalqa, hökumət və dövlət rəsmilərinə qarşı silah kimi istifadə etməyə çalışırlar. Onlar üçün əxlaq, dəyər, ölçü yoxdur. Hər kəsin üzərinə şər, böhtan atmaqdan, iftira yağdırmaqdan, xaos yaratmaqdan sanki zövq alırlar. Ən qorxulusu və ən təhlükəlisi isə odur ki, bir-biriləri ilə koordinasiyalı fəaliyyət göstərən, simbioz təşkil edən qüvvələr terror  xofu yaşadırlar.

Bu kimi mənfi və təhlükəli halları, tendensiyaları artıq illərdir ki, dövlətimiz, xalqımız da yaşayır. Ermənipərəst, anti -Azərbaycan dairlərin dirijor çubuğu ilə hərəkət edən daxildəki və xaricdəki “sapı özümüzdən olan baltalar” Azərbaycanın müstəqil inkişafına, onun beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna, imicinə xələl yeritmək üçün hər cür addımlara gedirlər. Şəxsi, dar, cılız, məkrli maraqlar, vəzifə, kürsü, hakimiyyət hərisliyi, “bəkə də qaytardılar” xülyası  bunları heç cür rahat buraxmır və bu səbəbdən də, istənilən çirkin planların, ssenarilərin icraçılarına çevrilirlər. Amma unudurlar ki, onların bu cür  antidövlət, milli maraqlardan uzaq olan addımları cavabsız qala bilməz və qalmayacaq.

Azərbaycan hüquqi, demokratik dövlətdir, ölkəmiz mükəmməl Konstitusiya və modern qanunlarla idarə olunur. Heç kim, arxalarında kimlərin, hansı güc mərkəzlərinin, məkirli çevrələrin dayanmasına baxmayaraq, özlərini əlahiddə, qanunlardan yuxarıda apara, istədiyi qanunsuz hərəkəti, cinayəti törədə bilməz. Onlar qanuni cəzalarını alacaqlar.  Belə ünsürlərin qarşısında həm də güclü, qüdrətli Azərbaycan dövləti var. Nə onların, nə də məkrli havadarlarının planları, ssenariləri baş tutacaq. Necə ki, indiyə kimi, baş tutmayıb.

Sosial şəbəkələrin hüquqi müstəvidə tənzimlənməsi ilə bağlı beynəlxalq təcrübə, bir sıra iri, aparıcı dövlətlərin nümunələri, qanunları mövcuddur. Həmin qanunlarda ciddi şərtləşdirmələr, sərt mexanizmlər nəzərdə tutulur. Odur ki, həmin təcrübələrdən və qanunlardan yararlanmaqla, bizdə də mütləq şəkildə savaş meydanına çevrilmiş sosial şəbəklərin hüquqi müstəvidə, qanunvericilik yolu ilə tənzimlənməsi lazımdır. Bu, heç də bəzilərinin iddia etdiyi kimi, söz və mətbuat azadlığının pozulması, məhdudlaşdırılması demək deyil. Bu, əslində, anarxiyanın, özbaşınalığın aradan qaldırılmasıdır. Bu baxımdan, inanıram və güman edirəm ki, nəhayət, ölkəmidə də tezliklə bu məsələ özünün reallığını tapacaq, müvafiq qanunvericiliyə dəyişikliklər yolu ilə sosial şəbəkələrin tənzimlənməsi məsələsi mümkünləşəcək.

 

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

 

 

 

 

 

 

3 Avqust 2020 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə