Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallıdan Tovuza şəhidlik məqamına yüksəlmək üçün gəldi…

Vətən torpaqlarının müdafiəsində yaşadığı, doğulub böyüdüyü bölgədən asılı olmayaraq, canını, qanını qurban vermək hər döyüşçüyə nəsib olmur. Hər kəs o müqəddəs şəhidlik zirvəsinə, ali məqama yüksəlmək şərəfini qazanmır. O ucalığa çatanların yeri əbədi olaraq könüllərdə, qəlblərdədir. Necə ki, Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində erməni tərəfin törətdiyi təxribat nəticəsində şəhdilik zirvəsini fəth edənlərin xatirəsi əziz tutulduğu, bir an belə unudulmadığı kimi…

Tovuz və Masallı rayonlarının seçicilərini Milli Məclisdə təmsil edən deputatlar – Qənirə Paşayeva, Məşhur Məmmədov, Anar İsgəndərov və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova, iyulun 14-də Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzovun Masallı rayonu Ərkivan qəsəbəsindəki evini ziyarət ediblər.

Deputat Qənirə Paşayeva şəhid mayorun evini ziyarət etməyin, müqəddəs Qurban bayramı günü şəhidin ailə üzvləri ilə bir yerdə olmağı bir mənəvi borc kimi xarakterizə edib, bu ziyarətin şəxsən onun üçün unudulmaz olacağını bildirib və deyib:  “Mən hadisələrin ilk günlərindən Tovuzdaydım, şəhid olan hərbçilərimizlə, eyni zamanda, rəhmətlik Anarla da o həyəcanlı günlərdə tanış olmaq fürsətim oldu. Şəhid olan, yaralanan hərbçilərimizin hər birinin fədakarlığı, vətənpərvərliyi ən yeni dövr hərb tariximizin özünəməxsus səhifəsini təşkil edir. Anar Masallıdan Tovuza şəhid olmağa gəldi, qəlbimizə, könlümüzə əbədi köçməyə gəldi. Eləcə də bu döyüşdə şəhid olan hər bir igidin xatirəsi unudulmayacaq. Hadisələrin içində olan, yerli və beynəlxalq reaksiyalarla tanış ola bilmiş və nəhayət, Tovuzda doğulub, böyümüş bir bacınız olaraq, o günlərdə yaşananların, düşmənin məram-məqsədinin və hərbçilərimizin Tovuzda nəyin uğrunda şəhid olduqlarını dərindən dərk edirəm. Biz ölkə olaraq, çox ciddi bir prosesdən keçdik, ordumuz düşmənə layiqli cavab verdi və onların məqsədlərini puç etdi. Şəhidlərimizə minnətdarıq, ruhları kimi, onların ailələri, doğmaları da bizim üçün həmişə əziz olacaq.”

Milli Məclisin deputatı Məş̧hur Məmmədov özünün də hadisələr vaxtı Tovuza getdiyini, ordunun, yerli əhalinin ovqatı ilə tanış olduğunu və ordu-xalq, xalq-dövlət birliyinin sarsılmazlığına şəxsən şahidlik etdiyini və əmin olduğunu dedi. O, ötən günlər ərzində Tovuz döyüşlərində canlarını fəda etmiş digər şəhidlərin ailəsinin də ziyarət edildiyini, belə ziyarətlərin bir mənəvi borc olduğunu bildirib. Deputat Anar İsgəndərov şəhidlərimizin fədakarlığının, qəhrəmanlığının tarixi ənənələrə əsaslandığını bildirərək, şəhidlərimizin döyüş yolunun öyrəniləcəyinə, yeniyetmə və gənclər tərəfindən örnək alınacağına inandığını deyib.

Əslən Masallıdan olan RHİM İB-nin sədri Arzu Bağırova və şəhidin ailə üzvləri öz ürək sözlərini bölüşüb. Qonaqlar şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqətindədir və hər kəs də şəhid ailələrinə münasibətdə ali dövlət rəhbərliyinin münasibətini özünə örnək almalıdır.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

3 Avqust 2020 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə