Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial şəbəkələrdə ölkəmizə böhtan və iftira atanlar ermənipərəstlərin sifarişini yerinə yetirirlər

Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası, mövqeyinin getdikcə möhkəmlənməsi  düşmənlərimizi ciddi təşviə salıb. Anti-Azərbaycan qüvvələr beynəlxalq aləmdə  müxtəlif vasitələrlə ölkəmiz haqqında mənfi  rəy yaratmaq üçün min bir oyundan çıxır, iftira  və böhtanlar yağdırırlar.  İnsan hüquq və azadlıqlarının pozulmasını bəhanə edən qərəzli beynəlxalq təşkilatlar  və erməni lobbisi bu işdə “sapı özümüzdən  olan balta” lardan istifadə edirlər. Avropanın müxtəlif ölkələrində məskunlaşmış belə satqınlar üçün çirkli pul, bir qarın yemək Vətəndən, millətdən, xalqdan irəlidir. Düşmənlərimizin əlində alətə çevrilmiş belə  xəyanətkarlar  hətta öz valideynlərini, yaxınlarını da düşünmür , onları xəcalətdə qoyur və emənipərəst qüvvələrin sifarişləri əsasında sosial şəbəkələr vasitəsilə respublikamızın ünvanına təhqir və böhtanlar  səsləndirir, montaj edilmiş şəkillər və videolar paylaşırlar.

İstəsək də, istəməsək də  bu gün sosial şəbəkələr  günümüzün reallığına, həyatımızın bir tərkib hissəsinə, ayrılmaz parçasına çevrilib. Əhalinin 80 faizi  bu virtual dünyanın sakinidir. Belə bir məşhur kəlamı xatırlatmaq yerinə düşərdi:  “Mən siyasətlə maraqlanmırdım, məşğul olmurdum, amma bir də gördüm ki, siyasət özü mənimlə maraqlanır, məşğul olur”… Bunu eynilə sosial şəbəklərə də aid etmək olar. Biz ondan qaçmaq istədikcə, o, bizə daha da yaxınlaşır.

Təbii ki, sosial şəbəkələrin olması bir çox məqamlardan faydalıdır. Bu, həm də ölkəmizdə demokratik prinsiplərin inkişafına verilən önəmin göstəricisidir.  Unutmamalıyıq ki, əsrimiz informasiya-kommunikasiya texnologiyaları (İKT) əsrdidir. İndi heç bir dövlətin inkişafını informasiya-kommunikasiya texnologiyalarsız təsəvvür etmək  mümkün deyil. Hətta, bir neçə il öncə Azərbaycanda “İKT ili” elan olunmuş və həmin müddətdən bu yana ölkəmizdə bu istiqamətdə inqilabi addımlar atılmış, böyük uğurlar əldə edilmişdir. Bütün  bunlar ölkəmizin demokratik ənənələrər sadiqliyinin göstəricisidir.

Bu yöndə işlər hətta, ağır, üzücü pandemiya şəraitində belə  davam etdirilir. Bu baxımdan sosial şəbəklərin, internet resurslarının olması da vacibdir və önəmlidir. Sosial şəbəkələr, internet resursları vasitəsi ilə ölkənlə, sahib olduğun dəyərlərlə, milli-mənəvi tarixi, dini zənginliklərlə,  keçmişinlə, bugününlə, inkişafınla, üzləşdiyin haqsızlıqlarla, ikili standartlarla bağlı öz fikirlərini, iradlarını, haqq səsini daha tez və daha asan şəkildə çatdırmaq imkanlarına sahibsən… Bu, həm də sənin virtual olsa belə, dünyaya növbəti bir çıxışındır. Amma… Əgər həqiqətən də, sən haqq- ədalət yolundasansa,  reallıq axtarışındasansa, şəxsi, dar, cılız maraqlar deyil, ali, ülvi dəyərləri hədəfləmisənsə… Təəssüflər ki, sosial şəbəkə istifadəçilərinin və izləyicilərinin sayının gündən-günə artmasına baxmayaraq, bir çox hallarda bunun əksini görür və müşahidə edirik…Bir çox sosial şəbəkə istifadəçiləri bu məkanı kimlərəsə, hətta sənin dövlətinə, Vətəninə, millətinə, dəyərlərinə qarşı savaş meydanına çevirir, söyüş, təhqir, böhtan, şantaj…vasitəsinə döndərir. Bunlar isə çox narahatedici və qorxulu  tendensiyalardır.

Bunları heç cür qəbul etmək, onlarla heç bir halda susub-barışmaq olmaz. Amma qeyd etdiyimiz kimi, təəssüflər olsun ki, son bir neçə ildə sosial şəbəkələr daha çox belələrinin, mənfi, zərərli, satqın, xəyanətkar, məkrli, təhlükəli, görünər və görünməz qüvvələrin ruporuna, tribunasına çevrilib. Bu məsələdə də ölkəmizi, müstəqilliyimizi gözügötürməyən dairələr, ermənipərəst anti -Azərbaycan mərkəzlər, onların ölkəmizdəki və xarici dövlətlərdəki əlaltıları, milli mənliyi olmayan insanlar (əgər belələrinə insan demək mümkündürsə), qruplar daha fəaldırlar.

Bunu neçə illərdir həm sosial şəbəkələrdən, həm də digər internet resurslarından, youtube kanallarından görürük. Bir çoxları üçün artıq (yəqin əvvəldən mövcud olmayıb) milli dəyər, milli mənlik, təəssübkeşlik deyilən keyfiyyətlər qalmayıb. Belə ünsürlər öz cılız, dar, məkrli, maraqları naminə hər şeyi tapdalamağa hazırdır və bunu da qulluqlarında durduqlarının qarşısında “canla-başla” yerinə yetirirlər… Dövlətimizə, Vətənimizə, ordumuza, dəyərli insanlarımıza, şəxsiyyətlərimizə, hakimiyyət nümayəndələrimizə qarşı hər cür murdarlığa əl atır, yəni, iftira yağdırmadıqları nəsə yoxdur… Bəli, dövlətimiz kifayət qədər güclü və qüdrətli, xalqımız kifayət qədər yetkin və iradəlidir. Beləl satqın və  xəyanətkarların  istənilən addımının qarşısını almağa hazırdır və bu addımlar da zaman-zaman atılır. Amma hələ də öz ziyanlı və məkrli addımlarından vaz keçməyənlər var, hələ də düşmənin-işğalçı dövlətin və onun havadarlarının bu virtual məkan vasitəsi ilə ölkəmizə qarşı açıq və gizli formada basqıları, təxribatları davam etdirilir. Ona görə də kifayət qədər ayıq-sayıq olmaq zamanıdır. Ehtiyatı, tədbiri heç cür əldən buraxmaq olmaz. Bəli, bu gün dünyanın əksər ölkələri, özlərini aparıcı, insan haqlarının, demokratiyanın beşiyi hesab edən Avropa, Qərb ölkələrində, ABŞ-da belə sosial şəbəkələrin qanunvericiliklə tənzimlənməsi yolunda addımlar atılır. Hətta bir çox ölkələrdə bununla bağlı qanunlar mövcuddur. Məsələn, son illər Almaniya qanunvericiliyinə nəzər saldıqda görürük ki, 2017-ci ildə qəbul edilmiş “Facebook aktı” kimi də adlandırılan “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair”  Qanun sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə isə sosial şəbəkələr paylaşımları silməklə bərabər, müəlliflərin İP adresləri ilə birlikdə Federal Kriminal İdarəyə bəyan etməlidirlər. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarə istifadəçilərin qeydiyyat məlumatlarını da tələb edə bilər. Sonuncu qanun internetdə nifrət və ədavət yayan cinayətlərə, eləcə də uşaq pornoqrafiyasının yayılmasına qarşı cəza mexanizmlərini nəzərdə tutur. Qanuna görə sosial şəbəkələr açıq-aydın cinayət tərkibli paylaşımlar barədə Federal Kriminal İdarəsinə məlumat vermək öhdəliyi daşıyırlar.

Həmçinin, artıq bir neçə ildir ki, dost və qardaş Türkiyə Respublikasında internet məkanında baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində hüquqi müstəvidə tədbirlər görülməkdədir. Belə ki, 2007-ci il mayın 4- də  “İnternet məkanında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul edilmişdir. Növbəti illərdə bu sahədə bir sıra addımlar atılmış və ən son olaraq Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən cari il iyulun 29- da sosial mediaya aid tənzimləmələri özündə ehtiva edən 9 maddədən ibarət dəyişikliklər qeyd olunan qanuna əlavə edilmişdir. Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısı bu yolla alınacaqdır. Twitter, Facebook və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiya tətbiq ediləcəkdir. Təhqir məzmunlu paylaşımlar isə 48 saat ərzində silinəcək və sair. Belə faktların sayını artırmaq olar, amma,  hesab edirəm ki, buna o qədər də ehtiyac yoxdur. Odur ki, bu təcrübədən yararlanaraq, Azərbaycanda da bu yöndə addımların atılmasına ehtiyac var. Bununla da bağlı məsələ dəfələrlə gündəmə gəlib, müzakirələr aparılıb, hətta parlament səviyyəsində bir neçə dəfə bu məsələyə toxunulub…

Hesab edirəm ki, bir daha dünyadakı təcrübə öyrənilməklə, eyni zamanda, yerli xüsusiyyətlər, məziyyətlər nəzərə alınmaqla, sosial şəbəkələrlə bağlı tənzimləmə işlərinin aparılmasına, müvafiq qanunvericiliyin ya dəyişdirilməsinə, ya da yenisinin qəbul edilməsinə ehtiyac var. Bu, zamanın tələbidir və cəmiyyətdən gələn sifarişdir.

 

Jalə ƏLİYEVA,

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor

 

 

 

 

 

 

1 2020 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə