Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputatlar şəhid generalın ata ocağını ziyarət ediblər

İyulun 14-də Tovuzda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general Polad Həşimovun Qəbələnin Vəndam kəndindəki ata ocağı bugün Milli Məclisin deputatları Qənirə Paşayeva və Məşhur Məmmədov tərəfindən ziyarət edilib. Qənirə Paşayeva şəhid generalın ata evini ziyarət etməyin, müqəddəs Qurban bayramı günü generalın ailə üzvləri ilə bir yerdə olmağın mənəvi borc və unudulmaz gün olduğunu deyib.

O, general Polad Həşimovun yüksək vətənpərvərliyinin canlı şahidi olduğunu deyib. Polad Həşimov kimi generalların milli sərvət olduğunu və onların şəhid olduqdan sonra da, qoyub getdikləri ömürlə, əcdadların hərbi ənənələrinə əsaslanan sərkərdəlik bacarıqlarının bir örnək təşkil etdiyini bildirib:

“General Polad Həşimov 2016-cı ilin aprelində olduğu kimi, Tovuza düşmən hücumunu dəf edərkən də, adına və rütbəsinə yaraşan şəkildə müstəsna vətənpərvərlik ruhu ilə irəli atıldı, düşmənə sarsıdıcı zərbələr vurdu və dövlət sərhəddimizi qorudu”.

Polad Həşimovun 2003-cü ildə ümumilli lider Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı, 2014-cü ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini, 2019-cu il, iyunun 25-də isə ona general-mayor ali hərbi rütbəsi verildiyini xatırladan Q.Paşayeva, generalın xatirəsinin, hərbçi həyatının unudulmaz olduğunu vurğulayıb. Ali Baş Komandan cənab İlham Əliyevin Qəbələyə dünənki səfərində bir daha Polad Həşimovun haqqında danışdığını, xidmətlərini xatırlatdığını deyən xanım Paşayeva, qəhrəmanın adının Qəbələdə və Tovuzda tezliklə əbədiləşdiriləcəyinin artıq bəlli olduğunu bildirib. Ən böyük qiymətin Tanrı tərəfindən – hərbçi istedadı, gözəl ailə, nüfuzedici şəxsiyyət və nəhayət şəhidlik mərtəbəsi ilə verildiyini deyən Q.Paşayeva, dövlətin, xalqın da öz şəhid generalını bağrına basdığının, xatirəsini uca tutduğunun qürurverici olduğunu deyib.

Milli Məclisin deputatı Məşhur Məmmədov general Polad Həşimovun şəhid olmasının bütün dünyada bilinməsini, dünyanın dörd tərəfindəki həmvətənlərimiz tərəfindən duyurulduğunu, onun adının bir milli birlik, həmrəylik hadisəsinə çevrildiyini deyib. M.Məmmədov hadisələr vaxtı Tovuza getdiyini, keçən günlərdə generalın silahdaşı olmuş digər şəhidlərin ailəsinin də ziyarət olunduğunu, bugün və sabah da belə ziyarətlərin davam edəcəyini və bu ziyarətlərin bir mənəvi borc olduğunu deyib.

Deputatlar şəhid generalın ailəsinin qayğıları ilə maraqlanıb; qeyd edilib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin yüksək diqqətindədir və hər bir deputatın, məmurun da borcu, şəhid ailələrinə münasibətdə dövlət başçısından örnək götürməkdir.

 

Z.BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

1 Avqust 2020 16:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə