Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən, neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülüb və uğurlu nəticələr alınıb. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilib, “Abşeron” və “Ümid” yataqlarının işlənilməsinə başlanılıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşı­da duran vəzifələrə həsr olunan iclasında neft-qaz strategiyasının uğurla həyata keçirilməsindən bəhs edərkən, bildirib ki, son illər ərzində ölkəmizin ener­ji təhlükəsizliyi təmin olunub. Dövlətimizin başçısı daha sonra deyib: “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft-qaz, deməli yanacaq və elektrik enerjisi ixrac edir. Yəni, bu, son illər ərzində əldə edilən nailiyyətlərdir. Biz əvvəlki illərdə ancaq neft yanacağı ixrac edirdik. Neft, qaz ixrac etmirdik, elektrik enerjisini ixrac etmirdik”.

Ölkə rəhbəri nitqində 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və ondan bir qədər əvvəl isə Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərinin işə düşməsi nəticəsində neft, qaz ixracına başlanıldığını, bununla da neft strategiyasının yeni bir uğurlu mərhələsinə keçildiyini diqqətə çatdırıb.

Bu fikrin təsdiqi olaraq, cari ilin ilk yarısının göstəricilərinə diqqət yetirək. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, yarım il ərzində ölkədən 6 mil­yard 599,2 milyon kubmetr təbii qaz ixrac edilib. ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 259,9 milyon ABŞ dolları olub. Xatır­ladaq ki, ötən ilin eyni dövründə Azərbaycanda 5 milyard 664,6 milyon kubmetr təbii qazın ixracı həyata keçirilib, həmin ixracın dəyəri isə 1 milyard 47,6 milyon dollar təşkil edib.

Bu ilin yanvar-may aylarında ölkədən 606,5 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları – tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac olunub. İxrac edilən məhsulların dəyəri isə 162,9 milyon ABŞ dolları təşkil edib. Yeri gəlmişkən, keçən ilin ilk 6 ayında Azərbaycanda 520,9 min ton neft məhsullarının ixracı reallaşdırılıb, həmin ixracın dəyəri isə 261,1 milyon dollar olub.

Neft-qaz sənayesinin inkişa­fını sürətləndirən məsələlərdən biri də bu sahəyə investisiya qoyuluşunun diqqət mərkəzində saxlanılmasıdır. Yarım ildə neft-qaz sektoruna 2 milyard 778,4 milyon manat yönəldilməsi məhz bunun bariz ifadəsidir. Xatırladaq­ki, cari il keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılan investisiyalar 17,5 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatında o da qeyd edilir ki, hesabat dövründə neft-qaz sek­torunda 10 milyard 760,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 2,8 faiz, əlavə dəyər isə 2,9 faiz azalıb.

Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda istehsal edilib. İyunda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 133,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 141,6 faiz olub.

Burada bir göstəriciyə də diqqət yetirmək istərdik. Belə ki, cari ilin birinci yarısında SOCAR öz imkanları ilə istismar etdiyi ya­taqlarda 3 762 min ton neft çıxarıb ki, bu da illik ifadədə 0,3 faiz azdır.

SOCAR-ın dərc etdiyi rüb­lük hesabatı əsasında aparılan hesablamalara görə, göstərilən azalma yeni növ koronavirus (CO­VID-19) pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və “OPEC+” razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır.

Yeri gəlmişkən, “OPEC” və bəzi “qeyri-OPEC” ölkələri (“OPEC+”) neft hasilatının məhdudlaşdırılması üzrə sazişlə bağlı bir məqamı da diqqətə yönəltmək istərdik. Belə ki, bu il aprelin 9-da “OPEC+” forma­tının 23 iştirakçısı olan ölkələr tərəfindən dünya bazarlarında COVID-19 pandemiyasının təsirindən yaranan iqtisadi reses­siya şəraiti müzakirə edilərək, neft tələb-təklifinin tarazlaşdırılması üçün cari il mayın 1-dən etibarən neft hasilatı barədə razılığa gəlinib. Azərbaycan da “OPEC+” iştirakçısı kimi görüşə qatılaraq, digər ölkələrlə birlikdə üzərinə ha­silatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürüb.

Lakin neftlə müqayisədə təbii qaz hasilatında vəziyyət fərqlidir. Belə ki, məlumata əsasən, şirkət cari ilin yanvar-iyun aylarında 3 641 milyon kubmetr qaz hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.

Ümumiyyətlə, yanvar-iyun aylarında Azərbaycanda 17 milyon 897,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 19 milyard 359,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən isə 13 milyard 777,8 milyon kub­metr əmtəəlik təbii qaz alınıb.

Hesabat dövründə TANAP-ın fəaliyyəti də səmərəlilik baxımın­dan diqqət çəkib. Belə ki, 2018-ci il iyunun 30-dan indiyədək bu kəmərlə Türkiyəyə 6 milyard kub­metr təbii qaz nəql edilib. Bu ilin yanvar-iyun aylarında isə TANAP-la qardaş ölkəyə 1,9 milyard kubmetr qaz nəql olunub.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarı­lan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili isə cari il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 mil­yard kubmetr olub.

Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql ediləcək. Kəmərin möv­cud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yarım il ərzində qaz nəqlinin 37,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qaf­qaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 milyard 831,2 mil­yon kubmetr təbii qaz ixrac edilib.

İlin birinci yarısında Azərbaycandakı magistral neft kəmərləri ilə 18 milyon 356,7 min ton neft nəql olunub. Nəqletmənin 80 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmərlə 14 milyon 685,9 min ton neft nəql edilib. Bunda başqa, bu müddətdə BTC ilə 2 milyon 100,2 min ton tranzit nefti də ötürülüb.

Ümumiyyətlə, cari ilin ilk yarı­sında Azərbaycandakı magistral qaz kəmərləri ilə 15 milyard 589,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 12,2 faiz artım müşahidə olunub.

Azərbaycanın böyük neft yataqlarında hasil edilən neftin satışından əldə olunan gəlirlər də dövlət büdcəsində önəmli yer tu­tub. Belə ki, ilin əvvəlindən iyulun 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 197 milyon dollar olub. Həmin dövrdə Neft Fondunun, o cümlədən “Şahdəniz” üzrə kon­densatın satışından əldə olunan gəliri isə 131 milyon dollar təşkil edib.

ARDNF bu ilin əvvəlindən iyulun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində isə 2 milyard 206 milyon ABŞ dolları gəlir əldə edib.

Ulu öndərin milli neft stra­tegiyasının əsasını zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipi təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yara­dılmasını və əldə olunan gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur.

“Xalq qəzeti”

31 2020 13:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə