Ən son xəbərlər
Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri nə qədər hərtərəfli aparılsa da, bəzi vətəndaşlar özündə virus olduğunu düşünərək xəstəxana, poliklinika və digər tibb müəssisələrinə müraciət edir, digərləri isə, ümumiyyətlə, bu simptomları hiss etsə də, gizlədir, tibb müəssisəsinə məlumat vermir. Nəticədə, ölkədə virusa yoluxma halları əvvəlki aylarla müqayisədə azalsa da, təəssüf ki, hələ davam edir. Maarifləndirmə tədbirlərinin artmasına baxmayaraq, qaydalara və tələblərə hələ də etinasız yanaşanlar var. Vətəndaşlar bilməlidirlər ki, evdə və ya iş yerində özündə virus simptomları aşkar edən şəxs əvvələr təcili tibbi yardım briqadasına müraciət edirdisə, iyulun əvvəlindən bu qaydalar dəyişib.
Öncə onu qeyd edək ki, hələ də vətəndaşlarımızın səhlənkarlığı, qaydalara əməl etməməsi ucbatından yoluxmaların sayı istənilən şəkildə azalmır. Buna görə də, yoluxma hallarında müşahidə olunan yüksək intensivliyə uyğun yeni protokol tətbiq edilib. Mövcud vəziyyətdə ancaq ağır halda olan şəxslər xəstəxanalara yerləşdirilir. Asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr isə həkim nəzarəti altında evdə müalicə almalıdırlar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır. Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunub. Ev karantini şəraitində olan asimptomatik xəstələrə kənar mühitlə təmas qadağan olunur. Onlara müalicə təyin edilir, müalicənin aparılmasına nəzarət rayon poliklinikalarının həkimləri tərəfindən həyata keçirilir.
Yeni qaydalara görə artıq özündə COVID –19 virusunun əlamətlərini hiss edən insanların poliklinikaya getmələrinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər. İndi belə şəxslər poliklinika ilə əlaqə saxlayaraq özləri ilə bağlı məlumat verirlər. Ondan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində briqadalar həmin şəxsin evinə gələrək analizlər götürür və testin nəticəsi çıxana qədər ona təlimat verilir. Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında müalicə evdə aparılır. Əgər vəziyyətdə dəyişiklik olarsa, yəni ağırlaşma başlayarsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılır və gərəkən tədbirlərə başlanılır.
Qeyd edək ki, Bakıda və ətraf ərazilərdəki poliklinikaların əsasında 39 COVID məntəqəsi yaradılıb. Özündə koronavirus əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılır. COVID məntəqələri bir qayda olaraq, ya əsas binadan bir qədər kənarda təşkil edilir, ya da giriş poliklinikanın girişi ilə eyni olmur. Məqsəd viruslu xəstələrin digər pasiyentlərlə təmasına imkan verməməkdir. Məntəqədə müraciət edənlərin müayinələri aparılır, vəziyyətinə uyğun olaraq test götürülür. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsi ilə evinə aparılır.
Ev şəraitində müalicə olunan COVID –19 xəstələrinin nəzarətdə saxlanılması Nazirlər Kabinetinin 12 iyun tarixli qərarına edilən dəyişikliklə tənzimlənir. Bu xəstələrin evi tərk etməməsi məqsədilə akt imzalanır. Onların vəziyyətinə sahə həkimləri telefonla nəzarət edirlər. Ehtiyac olarsa, həkimlər evə gələrək xəstəyə baxış keçirir və vəziyyəti qiymətləndirirlər.
Məlumat üçün bildirək ki, COVİD məntəqələri ilə hər gün Bakı Şəhər Baş Səhiyyə İdarəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə videogörüntülü əlaqə saxlanır, məlumatlar verilir. Onu da deyək ki, evdə müalicə olunan COVID –19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması təmin edilib. Əgər şəxsin virusa yoluxma faktı təsdiqlənibsə və qeydiyyata alınıbsa, bu dərmanlar ona mütləq çatdırılır. Ev şəraitində müalicə edilənlər COVID –19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir. Onlar immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən vitaminlərlə müalicə edilirlər.
Bu məqamda cənab Prezidentin iyulun 6-da koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında söylədiyi fikirləri xatırlamaq yerinə düşər. Dövlət başçımız demişdir: “Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər”.
Göründüyü kimi əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Ölkəmizdə, bütün çətinliklərə baxmayaraq, bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülür. Azərbaycan dövləti üçün heç bir məsələ əhalinin sağlamlığından öndə deyil. Bunu dövlət başçısı da dəfələrlə bildirib ki, əhalinin sağlamlığının qorunması hər şeydən önəmlidir.
Eyni zamanda, Prezident dəfələrlə çıxışlarında virusdan qorunma yollarından danışıb, tələblərə əməl etməyi, vurusdan qorunmaq üçün vacib olan qaydaları diqqətdə saxlamağı tapşırıb. Hətta, iş o həddə çatıb ki, Prezident insanlara çağırış edərək, özlərini bu amansız virusa yoluxmadan qorunmağı xahiş edib: “Çünki cəmi bu üç amil, – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, – gərək nəzərə alınsın: tibbi maska, bir yarım– iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.
Hər kəs haqlı olaraq özünə sual verməlidir ki, dövlət başçısı tərəfindən koronavirusla mübarizəyə böyük miqdarda vəsait xərclənirsə, vətəndaşların sağlamlığı naminə bu qədər tədbirlər görülürsə, bir fərd olaraq mən niyə bu mübarizədən kənarda qalım? Niyə pandemiyaya qarşı mübarizədə dövlətə dəstək olmayım? Hər bir insanın dəstəyi isə yalnız onun özünü qorumasıdır, görülən tədbirlərin uğurlu nəticəsi olsun deyə, yaxınlarına qaydalara əməl etməyi başa salmasıdır, tibbi maska geyməyi tövsiyə etməsidir. Axı bu maska taxan yalnız özünü qorumur, ətrafındakıları da yoluxmadan xilas edir.
Hazırda pandemiyaya qarşı mübarizəyə qoşulan ölkələrin hamısında yoluxma və ölüm sayı fərqlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bir çox ölkələrdə yenidən sərt karantin rejiminin tətbiqinə qayıdılıb. Deməli, həmin ölkələrdə aparılan mübarizə tədbirlərinə ya vaxtında başlanılmayıb, ya da qaydalara laqeyd yanaşılıb.
Ölkəmizdə COVID –19 virusunun geniş yayılmasının qarşısını almaq məqsədilə koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün də tövsiyə olunan qaydalar hazırlanıb. Bu pasiyentlər öz evlərində sahə həkiminin nəzarəti altında müalicə alan zaman, ayrıca bir otaqda izolyasiya olunmaları məsləhət görülür. Belə şərait olmadığı halda xəstənin yatağının digərlərindən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur. Xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə, özlərini və ətrafdakıları virusa yoluxmadan qorumuş olurlar. COVID --19-a yoluxmuş pasiyent yaşayış yerini tərk etmədən, 21 günlük karantinə riayət etməlidir.
Dediklərimiz onu təsdiqləyir ki, ölkəmizdə virusdan istər stasionar, istər də evdə müalicə alanlara yüksək səviyyədə diqqət göstərilir və nəzarət edilir. Hətta xəstəxanadan sağalıb çıxanlar da poliklinikalarda qeydiyyata alınır və immun sistemini gücləndirən vitamin preparatları ilə təmin olunurlar. Son günlərin statistikasına görə, müsbət dinamika müşahidə edilir. Məhz görülən tədbirlərin nəticəsidir ki, gündəlik yoluxma göstəricisi 400-dən enib, sağalma isə 600- dən yuxarıdır. Mütəxəssislər bildirirlər ki, karantin rejimi tətbiq edilməsəydi, 2 ayın ərzində xalqımız bütünlüklə koronavirusa yoluxardı. Azərbaycanda gündəlik yoluxma sayı 50- dən aşağı düşəndə virus enmə həddindədir deyiləcək. Ancaq belə olan halda da əvvəlki həyata qayıtmaq olmaz, çünki belə olarsa, ikinci dalğanı yaşaya bilərik. Koronavirus hələ bir neçə ay davam edəcək. Buna görə də qaydalara əməl etmək və virtual əlaqələri genişləndirmək lazımdır.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə